Tarix: 02-12-2022 | Saat: 16:59
Bölmə:Karusel / Region | çapa göndər
Ermənistan ordusunun istifadə etdiyi silah-sursatın, hərbi sistemlərin demək olar ki, 99 faizi SSRİ vaxtında istehsal olunub. İlk ağıla gələn sual budur ki, Ermənistan niyə Rusiyadan yox, Hindistandan silah alır? Fikrimcə, hazırda Ukrayna müharibəsində çətin vəziyyətdə olan Rusiya Ermənistana lazımi səviyyədə silah verəcək durumda deyil. Ona görə də rəsmi İrəvan təxminən eyni xüsusiyyətlərə malik, asan şəkildə istifadə edə biləcəyi Hindistan silahlarına və artilleriya texnikasına üstünlük verir.
Qarabaginfo.az xəbər verir ki, bu sözləri Axar.az-a Ermənistanın Hindistandan almaq istədiyi “Konkurs – M” raketləri və “ATAGS” toplarının texniki xüsusiyyətləri haqqında danışan Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq Münasibətlər kafedrasının müəllimi Sadiq Akyar deyib.
Akyar “Konkurs-M” raketlərinin xüsusiyyətlərindən bəhs edib:
“Öncə “Konkurs-M” raketlərinin xüsusiyyətləri və Ermənistan ordusuna qazandıracağı imkan və qabiliyyət haqqında danışmaq istəyirəm. Bu raketlər tank əleyhinə silahdır və Azərbaycan Ordusunun istifadə etdiyi tank əleyhinə idarəolunan raketlərin (ATGM) bir az daha təkmilləşdirilmiş versiyasıdır. Məsələn, Azərbaycan Ordusunun istifadə etdiyi TƏİR-in beşinci nəsli olan silahların atış məsafəsi iki min beş yüz metrdirsə, “Konkurs-M” raketlərində bu, dörd min metrədək artırılıb. “Konkurs – M”-in zireh dəlmə qabiliyyəti Azərbaycandakı analoqundan daha çoxdur. Bu TƏİR-lər MİLAN və ABŞ istehsalı olan TOV-lar ilə bənzər xüsusiyyətlərə malikdir. Əgər Ermənistan ordusu bu silahları alsa, gündüz vaxtı tank vurma məsafəsini təxminən min və ya min beş yüz metr artıracaq.
Əlbəttə ki, hər şeyi məsafə ilə ölçmək doğru deyil. Tankların manevr qabiliyyəti və təlimlər də burada xüsusi önəm kəsb edir. Azərbaycanın əlində olan tankların böyük əksəriyyətini T-72-lər təşkil edir. T-72-nin atış məsafəsi iki min beş yüz metrdir. “Konkurs M”-lər bu tankların hədəf məsafəsinə düşmədən onlara atəş aça bilir”.
Alim düşmənin əldə etməyə çalışdığı ATAGS toplarının və digər silahların, zirehli texnikanın imkanlarının Azərbaycandakı hərbi PUA-lar qarşısında çox zəif olduğunu vurğulayıb:
“Ermənistanın Hindistandan almaq istədiyi ATAGS topları 152-155 millimetrlik haubitsa toplarıdır. Atış məsafəsi əlli kilometrdir. Bəzi əlavə mərmilərlə bu məsafə altmış kilometrədək artırıla bilər. Atış gücü vəziyyətdən asılı olaraq dəqiqədə 4-6 dəfədir. Digər topların yerini avtomobil şassisinin üzərinə bərkitməklə tez-tez dəyişmək mümkündür. Lakin ATAGS toplarının zəif cəhəti odur ki, onların yerini dəyişmək olmur. Əgər müasir dövrün müharibə şərtlərini, silahlı və silahsız PUA-larla havadan hücum imkanlarını nəzərə alsaq, sabit şəkildə yerini dəyişmədən qalmağı sözügedən toplar üçün çox böyük zəiflik kimi dəyərləndirə bilərik.
Müharibə zamanı Azərbaycan Ermənistana və bütün dünyaya öz gücünü göstərdi. Doğrudur, həmin vaxtı Ermənistanın əlində “Konkurs-M” raket sistemləri və ATAGS topları yox idi. Lakin Azərbaycanın əlindəki Türkiyə istehsalı olan silahlı və silahsız PUA-ları göz önünə gətirdiyimiz zaman bunların Azərbaycan Ordusu üçün güclü bir təhdid təşkil etməyəcəyini düşünürəm. Ancaq Azərbaycan Silahlı Qüvvələri atalarımızın “Su yatar, amma düşmən yatmaz” sözünə uyğun şəkildə daim oyanıq və əli tətikdə olmalıdır. Düşmənin silah sistemlərini, imkanlarını yaxşı tədqiq etməli, bunları sıradan çıxaracaq silah sistemlərinə malik olmalıyıq”.
Digər xəbərlər