Tarix: 25-11-2022 | Saat: 22:56
Bölmə:Karusel / Manşet | çapa göndər
“İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda müəyyən illüziya yaranıb ki, onlar bizimlə Qarabağla bağlı danışmağa davam edəcəklər. Biz əvvəldən demişdik ki, bu, qətiyyən mümkün deyil. Biz heç bir ölkə ilə, heç bir beynəlxalq qurumla Qarabağdan danışmaq fikrində deyilik. Qarabağ münaqişəsi həll olunub, bu bizim ərazimizdir, hamı tərəfindən tanınır və bizim daxili işimizdir”.
Qarabaginfo.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bildirib.
“Beləliklə, biz bunu rəsmiləşdirməli idik və bu, baş verdi. Praqa görüşünün kommünikesinə baxsanız, görərsiniz ki, Ermənistan ilk dəfə olaraq rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıdı və bu həm də Azərbaycanın Qarabağ üzərində suverenliyi deməkdir. Həmçinin Praqa bəyanatında keçmiş sovet respublikalarının inzibati sərhədlərini faktiki formalaşdıran 1991-ci il Almatı bəyannaməsinə istinad edilir və bu da o deməkdir ki, Qarabağ erməniləri üçün hansısa statusun olması ilə bağlı hər hansı spekulyasiyadan söhbət gedə bilməz. Beləliklə, Avropa İttifaqı formatına qayıtmaq vacib idi, çünki biz Brüsseldəki bu qarşılıqlı əlaqələr sayəsində iki yola ayrılmağa razılaşdıq. Biri Ermənistan-Azərbaycan sülh müqaviləsi üzrə danışıqlar, ikinci yol isə bizim Qarabağdakı erməni azlığın nümayəndələri ilə iki məsələnin həlli ilə bağlı danışıqlarımız - onların hüquqları və təhlükəsizliyidir. Bu, razılaşdırıldı və buna görə də demək istədiyim odur ki, bu, nəticəyönümlü tədbir idi. Praqadakı görüşün formatı isə bir qədər fərqli idi. Çünki Fransa Prezidenti Makron bizim qrupumuza qoşuldu və mən burada bu məsələni şərh etməyi dayandırıram. Bir daha deyirəm, Praqa görüşünün nəticəsi bizim üçün uğurlu idi. Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdı” - deyə Azərbaycan Prezidenti qeyd edib.
Digər xəbərlər