Tarix: 14-11-2022 | Saat: 00:41
Bölmə:Karusel / Manşet | çapa göndər
İradə Əliyeva – Söderberq: “Burda da qanunsuzluqlar, ədalətsizliklər olur. Cəmiyyətdir, normaldır, bunlar da olacaq. Ancaq sistem elə işləyir ki, çatışmazlıq olanda, insan özünü müdafiə edə bilir”
18 ildir İsveçdə yaşayır. Gedəndən 3 il sonra bu ölkədə aktiv siyasi fəaliyyətə başlayıb. Sentyabr ayında 4-cü dəfə İsveç Krallığının Regional Məclisinə millət vəkili seçilib. “Bu ölkəyə ayaq basdığım gündən əlimdə xəritə, dilimdə Qarabağ, ürəyimdə Azərbaycan olub. Ölkəmizi tanıtmaq, həqiqətlərimizi olduğumuz ölkəyə çatdırmaq üçün əlimdən gələni etmişəm” deyən həmyerlimiz İradə Əliyeva – Söderberq ilə İsveçdəki fəaliyyəti haqqında “Kaspi” qəzetinə danışıb.
İ.Əliyeva gənc yaşlarda Azərbaycanda müxtəlif vəzifələrdə çalışdığını deyir: “Ağdam rayonunun Mərzili kəndində anadan olmuşam, həmin kənddə yaşamışam, Mərzili kənd orta məktəbində təhsil almışam. Əlaçı şagird olmuşam. Sonra Neft və Kimya İnstitutunun mühəndis-iqtisad fakültəsində təhsil aldım. İqtisadçı mühəndisəm. Gənc yaşlarımdan vəzifələrdə işləməyə başlamışam. Yüngül Sənaye Nazirliyində iqtisadçı, Bakı Zərif Mahud Kombinatında əmək və əməkhaqqı şöbəsinin müdiri olmuşam. Bundan başqa, baş iqtisadçı, komsomol katibi, həmkarlar təşkilatının sədri, baş mühasib kimi vəzifələrdə çalışmışam”.
“2010-cu ildən parlamentdəyəm”
Azərbaycanda aktiv fəaliyyəti olduğu halda İsveçə niyə köçməyinə gəlincə, bildirdi: “Azərbaycanda ailə qurdum, 1998-ci ildə qızım dünyaya gəldi. Sonra qızımın atasından ayrılmışdım. 2000-ci illərin əvvəli idi, Azərbaycanda vəziyyət yaxşı deyildi. Qızıma Avropa təhsili vermək, onu azad demokratik cəmiyyətdə böyütmək istədim. Avropa təcrübəsini görmək, öyrəndiklərimi Azərbaycana gətirmək, İsveçlə Azərbaycan arasında bir körpü olmaq niyyəti ilə gəlmişdim. Elə oldu ki, ailə qurdum və burda qaldım”.
2004-cü ildə İsveçə köçür, 2007-ci ildən İsveçin hakim partiyası olan Sosial Demokratlar Partiyasına daxil olur: “Çox gənc yaşlarımdan həmişə siyasi aktiv olmuşam. Gəldiyim ilk vaxtlardan hiss etdim ki, İsveç insanlarında Azərbaycan, azərbaycanlılar haqqında az məlumat var. İsveçdə o vaxt azərbaycanlıların sayı da az idi. Özümüzü burda tanıtmaq ehtiyacı hiss edirdim. İlk vaxtlar ailə qurdum, oğlum dünyaya gəldi, ona görə aktiv olmadım. Amma 2007-ci ildən aktiv siyasi fəaliyyətə başladım. 2010-cu ildən bizim regional parlamentin ən böyük regionlarından birinə millət vəkili seçildim”.
“Dünyəvi fikirli böyümüşük”
Siyasətə marağının isə ailədən gəldiyini deyir: “Atam kəndimizdə partiya təşkilatının katibi olub. Anam isə müəllim idi, amma heç vaxt Kommunist Partiyasının üzvü olmadı, kommunist rejiminə hörməti yox idi. Bu fikir ayrılığı ailədə problem yaratmırdı. Mən atam tərəfindən cəmiyyətin bir şəkildə necə formalaşması yanaşmasını görürdüm. Anam isə sovetin vaxtında danışılmayan, deyilməyən məsələləri müzakirə edən biri idi. Hər ikisi dünyəvi baxışlı insanlar olublar. 3 bacı və 3 qardaş olmuşuq. Hamımız ali təhsilli, dünyəvi fikirli böyümüşük”.
İ.Əliyevanın İsveçdə siyasətlə yanaşı, başqa fəaliyyətləri də var: “İlk vaxtlar bələdiyyədə də işlədim. 2012-ci ildən iqtisadi, hüquqi və sosial məsələlər üzrə məsləhətçi şirkətimi açmışam. Qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində də ictimai təşkilatımız var. Həm partiyanın daxilində fəaliyyət göstərən Sosial Demokrat Qadınlar Təşkilatının, həm də bizim bələdiyyənin idarə heyətində varam”.
“Son iki seçkidə ilk onluqda idim”
İsveçdə regional parlamentə millət vəkili seçilmək üçün keçilməli olan yola gəlincə, İ.Əliyeva bildirdi: “Bütün partiyaların yerli təşkilatları var. İlk olaraq ora qoşulmalı, orda aktiv olmalısan. Aktiv üzv o deməkdir ki, üzv olduğun ərazi üzrə insanlarla, problemləri ilə maraqlanırsan. Ərazi üzrə insanlar fəaliyyətini görməli, səni tanımalıdır. Yerli təşkilatda özünü göstərəndən sonra regional təşkilata üzv edilirsən. Orda da özünü göstərəndən sonra artıq partiyanın daxilində ölkə miqyaslı təşkilatlara seçilirsən. 3 il ərzində həm partiya, həm ərazidəki insanlar arasında tanınmış insan oldum. Seçkilər olanda partiya siyahısını tutur. İlk 10 ən aktiv şəxsi seçir. Hansı ki seçkilərin nəticəsindən asılı olmayaraq parlamentdə təmsil olunur. Seçkilərin nəticəsindən asılı olaraq isə partiyadan daha çox adam təmsil oluna bilir. Mən son iki seçkidə ilk onluqda idim”.
“Ölkə parlamentinə də seçilə bilərdim”
“Niyə ölkə deyil, regional parlament” - deyə sual yarana bilər. İ.Əliyeva deyir ki, hələ ki seçimi bu cürdür: “Ölkə parlamenti ölkə miqyaslı məsələləri həll edir. Büdcəni təsdiq edir, maliyyələr ayırır, qanunlar qəbul edir. Regional parlament isə regionlara aid səhiyyə, nəqliyyat, iş yerləri, sənaye və s. məsələlərin həlli ilə məşğuldur. Ölkə parlamentinə namizədlik verə, seçilə də bilərdim. Amma mən əlavə işlərlə də məşğulam. Ölkə parlamentinə seçiləndə, bütün bu işlərdən azad olmalı, ölkəyə aid məsələlərin həllinə köklənməlisən. Ailəcanlı insanam, ailəmə də vaxtımın qalmasını istəyirəm. Regional parlamentdə işlərimi balanslaşdıra bilirəm. Növbəti mərhələlərdə ölkə parlamenti də ola bilər”.
Yaşanılmalı ölkələr siyahısında İsveç ilk yerlərdə olur. Bu mövqenin necə saxlaması haqqında danışan İ.Əliyeva deyir ki, bunun səbəbləri var: “Cəmiyyətin bütün üzvləri siyasi həyatda iştirak edirlər. Anadan olandan uşağa ali savadlı olmaq deyil, cəmiyyət üzvü olmaq aşılanır. “Sən cəmiyyətin üzvüsən, hüquqların və borcların var” deyirlər. Uşaqlara partiyaların prinsipi, proqramı haqqında məlumat verirlər. Yaxşı şeylər onsuz da yaxşıdır. Burada problemlər müzakirə olunur. Deyirlər ki, biz vergi ödəyirik, o da bizə sərf olunmalıdır. Biz sizi seçmişik, sizdən tələb edirik ki, bu işləri görün”.
“İsveçdəki varlılar heç yerdə yoxdur”
İ.Əliyeva qeyd etdi ki, bu cür demokratik cəmiyyət bir günə qurulmur: “100 il bundan əvvəl İsveç Avropanın ən kasıb ölkələrindən olub. Bir qismi kasıbçılıqdan, bir qismi isə qatı dinin təsirindən azad olmaq üçün 1 milyona yaxın insan burdan Amerikaya köçüb. 1900-cü ilin əvvəlindən qanunlar inkişaf yönündə olub, quruluşu bu yöndə aparıblar. İsveçdəki varlılara heç yerdə rast gəlməzsiniz, burada acından ölən, küçədə qalan da qeydə alınmır. İsveçdə uşaq evi yoxdur. Çünki valideynsiz qalan uşağa rast gəlməzsiniz. Maddi rifah cəmiyyətidir. Gender bərabərliyi var. Təşkilatlanma güclüdür. 3 nəfər birləşib öz problemini çatdırmaq üçün təşkilat yaradır. Uşaq bağçaları, səhiyyə pulsuzdur, qocaldın, baxmaq üçün nəvəyə ehtiyac yoxdur, servis evlər var, ora yerləşdirirlər, xidmət göstərirlər. Vergilər çox yüksəkdir. Amma onun qarşılığında sənə həyat şəraiti verir. Burda da qanunsuzluqlar, ədalətsizliklər olur. Cəmiyyətdir, normaldır, bunlar da olacaq. Ancaq sistem elə işləyir ki, çatışmazlıq olanda, insan özünü müdafiə edə bilir”.
Digər xəbərlər