Saytımızı qiymətləndirin


 
 

Türkiyə İsrailə səfir təyinatını rəsmiləşdirdi
Tarix: 12-11-2022 | Saat: 13:32
Bölmə:Karusel / Dünya | çapa göndər

Türkiyə İsrailə səfir təyinatını rəsmiləşdirdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan diplomatik münasibətlərin bərpasından sonra Şakir Özkan Torunların İsrailə səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Qarabaginfo.az xəbər verir ki, müvafiq sənəd “Rəsmi Qəzet”də dərc olunub.


Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirmişdi ki, Türkiyə İsrailə səfir təyin etmək və diplomatik münasibətləri bərpa etmək qərarına gəlib.

Şakir Özkan Torunlar daha əvvəl Türkiyənin Fələstindəki səfiri vəzifəsində çalışıb.


Xatırladaq ki, bundan əvvəl, İsrail Ankaradakı sabiq müvəqqəti işlər vəkili İrit Lillianı Türkiyədə səfir vəzifəsinə təyin edib. 

İsraillə Türkiyə arasında münasibətlər 2010-cu ildə Türkiyədən Qəzza zolağına gedən “Mavi Mərmərə” gəmisinin İsrail xüsusi təyinatlıları tərəfindən ələ keçirilməsi hadisəsindən sonra kəskin şəkildə pisləşmişdi. 

Səfir Şakir Özkan Torunlar 1960-cı ildə Türkiyənin Mersin şəhərində anadan olub.


O, TED Ankara kollecini bitirdikdən sonra Ankara Universitetinin siyasi elmlər fakültəsinə qəbul olunub. 1982-ci ildə universiteti bitirib. 


Torunlar 1983-cü ildə Türkiyə Xarici İşlər Nazirliyində fəaliyyətə başlayıb. O, 2008-2010-cu illərdə Türkiyənin Banqladeşdəki səfiri, 2010-2014-cü illərdə isə Qüdsdə baş konsul vəzifələrində çalışıb.


Şakir Özkan Torunlar 17 yanvar 2017-ci ildən 2021-ci ilin mayına qədər Türkiyənin Hindistanda səfiri olub. 2021-ci ildən Xarici Siyasət Məsləhət Şurasının üzvü olan Torunlar ingilis və fransız dillərini bilir.(Modern.az)




127 dəfə oxunub.

Digər xəbərlər