Özbəkistanın Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının 54-cü plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycanın ünvanına səsləndirdiyi həqiqətdən uzaq iddialara cavab verib.
Qarabaginfo.az-ın məlumatına görə, S.Qafarova bildirib ki, Azərbaycanın Ermənistan ərazisini işğal etməsi ilə bağlı bəyanat tamamilə əsassız və yalandır. Çox təəccüblüdür ki, bu iddianı 20 faiz torpaqlarımızı 30 il işğal altında saxlayan bir ölkənin nümayəndəsi səsləndirir.
Milli Məclisin sədri daha sonra vurğulayıb: "Azərbaycanın heç vaxt Ermənistan ərazilərini işğal etmək niyyəti olmayıb. Nə bir şəhər, nə də bir kənd işğal olunmayıb. Sentyabrın 13-də Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribat törədib. Ölkəmizin ərazi bütövlüyünə, hərbçilərin və mülki şəxslərin həyatına təhdid törədən bu təxribatın qarşısını almaq üçün Azərbaycan ordusu cavab tədbirləri görüb".
Minalanmış ərazilərin xəritələri ilə bağlı məsələyə gəlincə, spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan bu xəritələri Ermənistandan çox çətinliklə əldə edib və bu xəritələrin dəqiqliyi cəmi 25 faizə bərabərdir. Ermənistan ərazilərimizin minalanmasını davam etdirir. İşğaldan azad edilmiş ərazilərimizdə 1 400-dən çox mina tapılıb ki, bunlar da 2021-ci ildə Ermənistanda istehsal olunub. Müharibə bitəndən sonra ərazilərimizin ermənilər tərəfindən minalanması hərbi cinayətdir, beynəlxalq humanitar hüququn pozulmasıdır və regionda hərbi əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli Bəyanatın pozulmasıdır.
Spikerin sözlərinə görə, bütün bu faktları nəzərə alsaq, hərbi təxribatlarda, sülh prosesinin əngəllənməsində hansı ölkənin - Azərbaycanın, yoxsa Ermənistanın maraqlı olduğu aydın görünür.
Milli Məclisin sədri hərbi cinayətlərlə bağlı erməni spikerin iddialarına da cavab verib.
"Mən tam məsuliyyətimlə deyə bilərəm ki, Azərbaycan Silahlı Qüvvələri heç vaxt hərbi cinayət törətməyib. Bu iddia onilliklər ərzində təcavüzkar siyasət aparan, hərbçilərə və mülki şəxslərə qarşı çoxsaylı hərbi cinayətlər törədən, bir milyona yaxın insanın elementar hüquqlarını pozan bir ölkənin ikiüzlülüyünün nümunəsidir. Ermənistandan fərqli olaraq, Azərbaycan öz beynəlxalq öhdəliklərinə ciddi yanaşır. Hərbi əməliyyatlar zamanı törədilən cinayətlərlə bağlı iddialar müvafiq dövlət qurumları tərəfindən araşdırılır. Azərbaycan Respublikası Baş Prokurorluğunun 17 sentyabr və 2 oktyabr 2022-ci il tarixli məlumatlarında bildirilir ki, internetdə anonim şəkildə yayılmış və sosial şəbəkələrdə Azərbaycan ordusunun qanunsuz əməlləri kimi təqdim olunan videogörüntülərlə bağlı hazırda ətraflı araşdırma aparılır. İndi bir sual vermək istəyirəm: Ermənistanın Baş Prokurorluğu internetdə yayılmış digər videolarla bağlı hansısa tədbirlər görürmü? Cənab Simonyan nədənsə onların adını çəkmədi. Bu kadrlar isə həlak olan Azərbaycan əsgərlərinin cəsədlərinin təhqir olunmasından, daha doğrusu, ələ salınmasından xəbər verir. Mən burada erməni hərbçilərin etdikləri barədə danışmayacağam, çünki bu barədə emosiyasız danışmaq mümkün deyil. Bu, normal, mədəni insanın şüuruna sığmır. Odur ki, sualımı təkrar etmək istəyirəm: Ermənistanın Baş Prokurorluğu bu video görüntüləri araşdırırmı?" , - deyə Milli Məclisin sədri vurğulayıb.
S.Qafarova daha bir sual ünvanlayıb: "İki Qarabağ müharibəsi zamanı Azərbaycan əsgərlərinə və mülki əhaliyə qarşı törədilmiş çoxsaylı hərbi cinayətlərin və digər qanunsuz əməllərin, habelə 44 günlük müharibə dövründə dinc əhalinin sıx yaşadığı Gəncə, Bərdə, Tərtər və digər şəhərlərə amansız raket hücumlarının günahkarlarının məsuliyyətə cəlb edilməsi üçün Ermənistan tərəfindən hansı addımlar atılıb? Sual təbii ki, ritorikdir, çünki sosial şəbəkələrdə də geniş yayılan çoxsaylı rəsmi videoların olmasına baxmayaraq, heç bir addım atılmayıb".
Milli Məclisin sədri qeyd edib ki, birinci Qarabağ müharibəsindən sonra 3 900-ə yaxın azərbaycanlı itkin düşmüş hesab olunur. Onlara nə olub? Bu, seçicilərimizin bizə ən çox ünvanladığı suallardan biridir. Hazırda işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqlar aşkarlanır.
S.Qafarova daha sonra hərbi əsirlər məsələsi ilə bağlı Ermənistan parlamentinin spikerinin əsassız iddialarına da münasibət bildirib.
MDB PA-nın Almatıda keçirilən sonuncu iclasında Alen Simonyanın hərbi əsirlərlə bağlı bəyanatlarına cavab verdiyini xatırladan Milli Məclisin sədri bir daha qeyd edib ki, Üçtərəfli Bəyanatın imzalanmasından sonra Azərbaycan ərazisinə daxil olaraq hərbçilərimizə, mülki əhalimizə qarşı terror aktları törədənlər hərbi əsir kimi tanınmır. Onlar ağır cinayətlər törətmiş cinayətkarlardır.
Qarabağda yaşayan ermənilərlə bağlı məsələyə gəldikdə isə spiker Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və Azərbaycan öz daxili məsələlərini bu və ya digər ölkə ilə müzakirə etmək fikrində deyil. Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Onlar Azərbaycan vətəndaşları ilə eyni hüquqlara malik olacaqlar. Onlar əmin ola bilərlər ki, Azərbaycan cəmiyyətinə inteqrasiya olunmuş həyatları indikindən qat-qat yaxşı olacaq.
Milli Məclisin sədri erməni mədəni irsinin dağıdılması ilə bağlı iddiaya da cavab verib. O, deyib ki, 30 il ərzində Ermənistan işğal etdiyi ərazilərdə yerləşən Azərbaycan xalqına məxsus bütün mədəni irsi məhv edib, bir çox tarixi, mədəniyyət və dini abidələr yerlə-yeksan edilib. Məscidlərimiz təhqir olunub, dağıdılıb, inək, donuz saxlanılan yerlərə çevrilib. Azərbaycanın çoxsaylı çağırışlarına baxmayaraq, bu ərazilərdəki mədəni irsin vəziyyətini qiymətləndirmək üçün YUNESKO bu ərazilərə səfər etməyib.
Sonda spiker Sahibə Qafarova erməni spikerin öz çıxışında səsləndirdiyi “Dağlıq Qarabağ” ifadəsinə etirazını bildirərək, Azərbaycanda Dağlıq Qarabağ adlı ərazi vahidinin olmadığını deyib, bu ərazilərin Qarabağ regionu olduğunu qeyd edib.