Tarix: 28-10-2022 | Saat: 11:34
Bölmə:Karusel | çapa göndər
"Jurnalistlər həmişə xalqın savadlı, mədəni, ziyalı təbəqəsi sayılıblar. Bu keyfiyyətlərin daşıyıcısı olan həmkarlarımız bu gün də var. Onlar təvazökardırlar, abırlıdırlar, kənardan mətbuatımızın bugünkü mənzərəsinə baxıb köks ötürürlər".
Qarabaginfo.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib.
“Jurnalist adı nəyə görə bu qədər nüfuzdan düşdü? Niyə cəmiyyət onlara əcaib və qorxulu məxluqlar kimi baxır, hətta bəzən kinayə və ironiya ilə yanaşırlar?”, - deyə sual edən R.Məcid cavabı belə açıqlayıb:
“Bunun bir səbəbi özünü jurnalist adlandıranların bir-birinə tükənməz kin-küdurət bəsləməsi, bir-birini aşağılaması, gözdən salmasıdırsa, digər səbəbi də sosial şəbəkələrin yaratdığı asudəlikdə yerindən duranın jurnalist adına iddia etməsidir. İndi hamı yazır, çəkir, danışır və ictimaiyyət də bu “hamını” jurnalist simasında görür. Bu sektorda güclü özünütənzimləmə, sərt ictimai qınaq olmasa, fəsadları getdikcə dərinləşəcək.
Jurnalist və yazar adına iddia edənlərin ömründə bir kitab oxumamasından, tariximizə və mədəniyyətimizə nabələdliyindən çox danışırıq, deyirik, qınayırıq, yoruluruq.
Bəzən də özünü intellektual və ziyalı hesab edən neçə ilin jurnalistindən elə söz eşidirik ki, heyrətə gəlirik. Deməli, oxumayan, məlumatsız olan təkcə “iddialı” gənclər deyil, belələri yaşlılar arasında da var”.
Mətbuat Şurasının sədri daha sonra bildirib ki, bəzən neçə ilin jurnalisti verilişində Xalq şairi Ramiz Rövşənə atmaca atır, sonra deyir ki, son 30 ildə Anar nə yazıb ki?
“Halbuki, bir az maraqlansa, görərdi ki, o, ömrünün 30 ilini dingiş şou proqramlara sərf edəndə Anar sakitcə öz yaradıcılığıyla məşgul olub, xalqımız, cəmiyyətimiz üçün bir çox vacib, sanballı və dəyərli əsərlər yaradıb. Anar bu 30 ildə 1000 səhifəlik “Yaşamaq haqqı” traktatını yazıb. “Yaşamaq haqqı” hər bir azərbaycanlının oxuması vacib, keçmişimizə güzgü tutan, gələcəyimizin yol xəritəsi olan kitabdır. Anarın Heydər Əliyev mükafatına layiq görülmüş “ЛИК Азербайджана» üçcildliyindən, mədəni irsimizin bütün qatlarına işıq tutan “Söz dünyası” beşcildliyindən, eləcə də çoxlu sayda ədəbi-bədii əsərlərindən xəbərsiz olub pafos üfürmək ziyalıya, intellektuala, peşəkara yaraşmayan, naqis hərəkətdir
Qınadığımız mütaliəsiz cavanlara belə “nümunə” göstərməklə onlar, əslində, cəmiyyəti qaranlığa və xaosa sürükləyirlər. Unudurlar ki, dürüst yol axına qoşulub bulanıq sulara qarışmaq yox, tərsinə, mənbəyə üzüb duruluğa çıxmağa çalışmaqdır”, - R.Məcid bildirib.
Digər xəbərlər