Tarix: 24-10-2022 | Saat: 16:54
Bölmə:Karusel | çapa göndər
"Qızımı dünya çempionu olsun deyə yarışa göndərmişdik. Gözlədiyimiz oldu".
Bunu Modern.az-a açıqlamasında gənclər arasında dünya çempionu olmuş azərbaycanlı şahmatçı Gövhər Beydullayevanın atası, tanınmış həkim-transplontoloq Kamran Beydullayev deyib.
Övladının dünya çempionu olmasının sevincini yaşayan Kamran Beydullayev Gövhərin ümidləri doğrultduğunu söyləyib:
“Gövhər layiq olduğu titulu ala bilmirdi. Bundan öncə yeniyetmələr arasında dünya çempionatına qatılmışdı, çempion olmağa nəsə çatmırdı. Dünya çempionatı ən prestijli turnirdir. İstedadlı şahmatçılar 20 yaşa qədər özünü göstərir, ona görə də bu turnir çox önəmlidir. 5-6 il əvvəl yarışın cədvəlinə baxsaq görərik ki, həmin cədvəldə olan şahmatçıların hamısı hazırda zirvədə olanlardır. 20 yaşına kimi şahmatçı sözünü deməlidir. Gövhərin bu turniri qazanması ilə bağlı gözləntim çox yüksək idi. Hər şey də gözlənilən kimi olmur, performansdan çox şey asılıdır”.
Tanınmış həkim qızı Gövhərin görüşlər keçirdiyi gün həyəncanlı anlar yaşadığını sözlərinə əlavə edib:
“Bir ata kimi çov sevinirəm, xoşbəxtəm ki, qızım ölkəmizi, bayrağımızı layiqincə təmsil edib, dünya çempionu oldu. Sözün açığı, yarış boyu gərginlik içində idik. Bir tur əvvəldən çempion olmasının bilinməyi bizi psixoloji olaraq rahatlatdı. Gövhər lider idi, bildiyimiz kimi, liderə qarşı psixoloji basqı olur. Gövhər lider olaraq, basqının öhdəsindən gələ bildi. Onunla bərabər biz də eyni həyəcanı yaşadıq və sonda sevindik. Hərçənd ki, sevinməyə taqət qalmamışdı.
Qızım 4 yaşından şahmatla məşğuldur, onu mən öyrətmişəm. Ailədə, nəsildə şahmat çox sevilib, bu idman növünə qarşı həmişə hörmət var. Uğurlar qazandıqca Gövhərin həvəsi daha da artdı və onda qalib gəlmək istəyi yarandı”.
Qeyd edək ki, Gövhər Beydullayeva 20 yaşa qədər şahmatçıların dünya çempionatında qızıl medal qazanıb. Bununla da şahmatçımız ilkə imza atıb.
Digər xəbərlər