Tarix: 12-10-2022 | Saat: 18:52
Bölmə:Karusel / Manşet | çapa göndər
“Azərbaycan ictimaiyyətində Fransaya dərin etimadsızlıq mövcuddur və bunun çox ciddi səbəbləri var. Fransanın həm Vətən müharibəsi dövründə, həm də müharibədən sonra tutduğu birtərəfli mövqe, eləcə də vaxtilə ATƏT-in Minsk Qrupunun həmsədri kimi fəaliyyəti, daha dəqiq desək fəaliyyətsizliyi bu inamsızlığı formalaşdıran əsas amillərdir”.
Qarabaginfo.az bildirir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Soltan Məmmədov deyib.
O bildirib ki, Fransanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində əsas vasitəçi kimi çıxış etmək təşəbbüslərinin regionda sülhün yaradılması niyyətindən irəli gəldiyi də kifayət qədər şübhəlidir.
Deputat qeyd edib ki, ötən müddətdə Azərbaycan dəfələrlə Fransanın ikili siyasət yürütdüyünün şahidi olub. Rəsmi Paris bir tərəfdən Azərbaycanla Ermənistan arasında danışıqlarda vasitəçilik missiyasını üzərinə götürməyə hazır olduğunu bəyan edir, digər tərəfdən, ölkəmizə qarşı qərəzli sənədlər, qətnamələr qəbul edir, bəyanatlar verir: “Azərbaycan ən müxtəlif platformalarda, diplomatik kanallar, eləcə də ictimaiyyətə açıq vasitələrlə dəfələrlə Fransanı obyektivliyə, tərəfsizliyə dəvət edən çağırışlar edib. Azərbaycanın Fransadakı Səfirliyinə hücum zamanı müşahidə etdiklərimiz, eləcə də bu ölkənin xarici işlər nazirinin bir neçə gün öncə Milli Assambleyadakı çıxışının məzmunu, ritorikası bir daha təsdiq edir ki, Fransa ənənəvi siyasətini dəyişmək niyyətində deyil. Belə olan halda ölkəmizin milli maraqları ilə bilavasitə bağlı olan məsələlərdə Fransanın fəal iştirak etmək təşəbbüslərinin regionda sülhün təmin olunmasına yox, başqa maraqlara xidmət etdiyini düşünməyə əsas yaradır”.
Soltan Məmmədov qeyd edib ki, bu gün Azərbaycan ictimaiyyətində Fransanın atdığı bir çox addımlarla bağlı çoxsaylı suallar var və bu suallara indiyə kimi cavab verilməyib: “2020-ci ildə Azərbaycan öz torpaqlarını işğaldan azad edərkən Fransa çox fəal şəkildə Ermənistana, yəni işğalçıya dəstək verdi. Fransa parlamentinin hər iki palatasında Azərbaycan əleyhinə sənədlər qəbul olundu. Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi 30 il ərzində Azərbaycan ərazilərinin işğalı faktına laqeyd bir sükut nümayiş etdirdi, bu işğala legitimlik qazandırmağa çalışdı. Müharibədən sonra 250-dən çox Azərbaycan vətəndaşının ölümünə və ya yaralanmasına səbəb olan minalarla bağlı etirazını bildirmədi, mina xəritələrinin təqdim olunması üçün Ermənistana hər hansı formada çağırış etmədi. İtkin düşmüş 4000-ə yaxın soydaşımızın taleyinə də biganə qaldı. Azərbaycan ictimaiyyəti özünü beynəlxalq təhlükəsizliyin, sülhün və sabitliyin təminatçısı olan ölkələrdən biri kimi təqdim edən Fransanın bu mövqeyinin hansı məntiqə əsaslandığına aydınlıq gətirilməsini istəyir. Ona görə də Fransanın Azərbaycanın bilavasitə təhlükəsizliyi ilə bağlı məsələlərdə fəal rol almasının məqsədəuyğunluğu müəyyən suallar doğurur”.
Digər xəbərlər