Ötən gün Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyevin nəşi ailəsinə təhvil verilib.
Qarabaginfo.az xəbər verir ki, onunla Naxçıvanın Culfa rayonunun Ləkətağ kəndində vida mərasimi keçiriləcək.
Qeyd edək ki, Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu həlak olub.
Faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.
Vida mərasimindən sonra şəhidin cənazəsi həmin kənd qəbiristanlığında torpağa tapşırılacaq.