Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Cəlal Həsənov və tanışı Elvin Novruzov saxlanılıblar.
DİN-in mətbuat xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, həmin şəxslərin əlində olan bağlamaya baxış zamanı 10 kiloqrama yaxın marixuana və tiryək aşkar edilib. Saxlanılan şəxslər ifadələrində sosial şəbəkələr vasitəsi ilə tanış olduqları xarici ölkələrədən birində yaşayan narkotacirin təsiri altına düşərək onun müxtəlif şirnikləndirici vədləri müqabilində Bakı şəhərində narkokuryerlik təklifi ilə razılaşdıqlarını bildiriblər.
Qeyd edək ki, İdarə əməkdaşları tərəfindən Nərimanov rayonunda son dövrlər ərzində keçirilən əməliyyatlar zamanı ümumilikdə 36 kiloqram, cümlədən 23 kiloqram heroin və digər güclü təsiredici narkotik vasitə, 10 kiloqram marixuana, həmçinin 3 kiloqram metamfetamin qanunsuz dövriyyədən çıxarılıb. Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Vəkilxan Səmədov və Pərviz Əsgərov da tutularaq istintaqa cəlb ediliblər. Bu şəxslərdən və onların idarə etdikləri avtomobillərdən 10 kiloqramdan artıq heroin və 2 kiloqram tiryək aşkar edilib. Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslər barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.