Axı su sənəyi suda sınar! - Rəna İbrahimova yazır
Tarix: 02-08-2022 | Saat: 17:45
Bölmə:Karusel / Yazar | çapa göndər
1416 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 02-08-2022 | Saat: 17:45
Bölmə:Karusel / Yazar | çapa göndər
Nənələrimiz qızlarını, nəvələrini sevdiyindənmi, ya “qız yükü duz yükü” deyib bu “yük” dən canlarını qurtarmaqdanmı, ya da elə əsəbləşib canlarına yer tapmayanda öz dərd yüklərini kiminsə üstünə tökməkdən başqa çarə tapmamaqdanmı həmişə qarğış edib “sənəyin (səhəngin)suda qalsın!” deyərdilər.
Əsrlərlə, qərinələrlə bu qarğış bəlkə də bir qıza edilən dua olub? Hər qızın öz ocağını qalayıb, öz odunda isinməyinə, ailə-uşaq sahibi olmağına işarə olub? Yaranma tarixi necə olubsa bilmirəm amma otuz il bundan əvvəl bütün Qarabağ gözəllərinin sənəkləri (səhəng) suda qaldı. “Haqqın qapısı bir dəfə açıq olur” deyirlər. Bir qara gün gəlib ki, gün nənələrimizin dediyi o gün olub! Edilən dua qarğışa çevrilib. Qız-gəlinlərin nazla gedib başına yığışdıqları bulaqların üstü boş qalıb. Sənəkləri suda qalıb. Kimi dolu qoyub, kimi, yarıda, kimisə boş qoyub. Baxın, hikmətə baxın bir! Dolu, yarıda, boş! Dolu olanlar bir qədər ömür sürüb bir yaş dövrünə çatanlar oldular. Gözəl yerlərin suyundan içib torpağından pay götürüb yaman-yaxşı sevdalarını sürüb yaşayanlardılar. Ömürləri dolu, bərəkətli oldu. Sevib-sevilib ailə-uşaq sahibi oldular. Nəvə-nəticə gördülər. Yarıda qalanlar hələ təzə-təzə dadırdılar həyatın ləzzətini. Həyat nədir, yaşamaq nədir, acısı, şirini ilə dadmaq istəyənlər idilər. Orta yaş dövründə ömürün verdiyi payı indi-indi dadaraq gələcəyə ümidlər quraraq yaşayırdılar. Boş qalanlar isə hələ böyüməkdə olnlar idi. Gözləri indi açılıb həyata baxmağa, ona bağlanmağa cəhd edənlər idi. Kimi açılan gül, kimi qönçə, kimi fidan.
Nə oldusa, nə gözə, nəzərə gəldisə, kimin qarşığına tuş gəldisə hamısına oldu. Bu ağızları fal olanlar ağız açıb bəd dua etməsəydilər kaş ki... Qarğışın da iki başı olur axı. Həm edəni həm də ediləni tutur- bizim hekayəmiz kimi. Tale nə çox gördü çətin həyat tərzi sürən, ağır kənd həyatı yaşayan gözəllərə bu bulaq başını? Kəlağayını, qirbişin uzun saçaqlı şallarını başlarına, çiyinlərinə ataraq yollandıqları, yığışdıqları, özlərini göstərdikləri, təzə don geyinəndə ilk getdikləri, yeni sevdaya düçar olduqları, söhbətləşib görüşdükləri, dərdləşib bölüşdükləri yeganə görüş yerlərini. Subay qızlar burada bəyənilər, gözaltı edilər,bu qarşılaşmanı, görüşü su qədər aydın bilib arxalarınca yola düzəlib elçi daşının üstündə oturulardı. Neçə qızları elə bulaq başından bir parç su istəyib öz “sevgi torlarına” salıb atlarının tərkinə alıb qaçırardılar. Neçəsinin ovcuna rəfiqələri gizlincə sevgi məktubu qoyub, görüş yerinin məkanını, saatını işarələrlə, him-cimlə qulqlqrdan uzaq, gözlərdəm iraq yerlərdə təyiləşdirərdilər. Bir bulağın başı nə qədər hadisələrin mərkəz nöqtəsi olub? Kəndinsə lap orta göbəyi!
Toy dəvətlərini, muştuluq xəbərlərini car cəkərək, itkilərisə sakitcə yana-yana məhz burada duyub eşidərdilər. Kimi ana olacaq, kimi dünyaya körpə gətirib, kimi nişanlanıb, kimi toy üstədirsə buradan xəbəri pərvazlanardı.
Ürəklərindəki sevdaları qaynayan bulaq kimi qarşısı alınmaz igid, cəngavər gənclər nə vaxtsa düzüb-qoşub bəlkə də bu nəğməni?
Sudan gələn sürməli qız,
Çox incidir kuzə səni.
Elə naz ilə gedirsən,
Aparırlar bizə səni.
O qədim zamanlarda da duluzçular ürəklərinin odunu gildə yoğuraraq atəşdə bişirib kuzələri düzəldiblər ki, hikkələrinin qızgın odunu kuzədə daşınacaq sərin su alsın, dildə deyə bilməyib, dodaqda tərpədə bilmədikləri sirlərini, sözlərini kuzələrdən süzülən suyun ürəklərə, qəlblərə dolub qana, cana işləməyi niyyətilə “bəlkə bəxtim oyana” deyiblər.
Təkcə bulaq başımı boş qaldı? Təkcə su sənəklərimi suda qalb qırıldı? Yox! Talelər qırıldı, həyatlar puç oldu, kiminki başlamadan bitdi, kiminki yarıda qaldı. Neçə ailələrə faciə gəldi, başsız qaldı, əsir düşdü, təcavüz olundu, neçə sevgilər gözlərdə, ürəklərdə, neçə analar qucaqları, qolları boş qaldı. Neçə atalar oğulsuz, soysuz, ocağı boş qaldı. Dişi ilə, dırnağı ilə qurduğu evini, beli əyilib dizi bükülənədək bağbanı olduğu, quş belə səkəndə hali olduğu bağ-bağatını, nəsil-nəcabətinin uyuduğu ruhları pərən düşmüş məzarlarını yağı əlində qoyub gəldi. Qolu zorlu dəliqanlı kişilərin ağacları əlindın düşərək “qaçqın” adına sığınıb kiçilərək, yazıqlaşaraq bir kənardan baxıb illərinin, ömürlərinin sonunu gözlədilər.
O sənəkləri düzəldən usta dəmirçilər bir daha əlləri var gəlib sənək düzəltmədilər. Kimə düzəldəcəklər daha? Sənəyi götürüb suya gedən o el qızlarımı qaldı? Sərin sulu diş sındıran, şaqqıldayaraq axan o bulaqlarmı qaldı? Bir sivilizasiya məhv oldu. Şirin ləhcələri dəyişdi, o bər-bəzəkli sözlər unuduldu. Bir mədəniyyət məhv oldu. Yaddaşlara köçdü. Kimi dilləndi danışdı, kimi gözlərinin yaddaşında köçdü. Danışanlara rəvayətçi kimi yanaşıldı. Sanki uzaq bir keçmişdən gələn adamın mümkün olmayan həqiqətdən uzaq nağılları kimi. Axı hər nağılda bir həqiqət var. O həqiqətlər məzmununu dəyişdi. Reallıqdan rəvayətə çevrildi.
Otuz ildən sonra bəxti bağlanmış qarayollu Qarabağın qapısı açılanda bir evin bir həyətində rəvayətə bənzəyən həqiqətin canlı şahidi uçurulmuş, sökülmüş, darmadağın edilmiş divarların arasında illərə meydan oxuyub yeganə şahid kimi dayanan sənək bir sivilizasiyanın, bir mədəniyyətin, tarixin silinməkdə olan izinin mühafizəkarı kimi məğrurcasına dayandı. Demək, hər şeyi yenidən başlamaq olar!
Bir daha “sənəyin suda qalsın!” deməyəcəyik, heç əzizləmə mənasında da. Axı su sənəyi suda sınar!
Rəna İbrahimova
Foto: Orxan Cəbrayıla aiddir.
Xəbəri paylaş
Digər xəbərlər
13-02-2022, 12:26
35 ölkə öz vətəndaşlarına Ukraynanı tərk etməyi tövsiyə edib
9-01-2022, 17:16
Hulusi Akar: Azərbaycanı dəstəkləməklə dünyada sülhə tövhə veririk
17-11-2022, 22:02
Finlandiyadan Ukraynaya yeni hərbi yardım
20-01-2021, 12:34
Çavuşoğlu: “Qərənfillər azad Azərbaycan torpaqlarının simvolu olan Xarıbülbüllə birlikdə açır”
19-02-2024, 10:47
İrakli Kobaxidze ilk xarici səfərini Brüsselə edib
22-01-2018, 12:13
Ələt Azad İqtisadi Zonasının maliyyə mənbələri müəyyənləşib - EKSKLÜZİV
21-12-2022, 11:38
Bu rayonlarda 8 dərəcəyədək şaxta olacaq
11-12-2017, 15:37
Bakıya 20 ədəd "qarmoşkalı" avtobus gətiriləcək