Saytımızı qiymətləndirin


 
 

Fotolarda gülümsəmələrini tələb etdiyimiz uşaqlar
Tarix: 01-06-2020 | Saat: 12:37
Bölmə:Karusel / Yazar | çapa göndər

Adətən belə deyirlər: "Bu dünyada qadın olmaq çətindi". Bu dünyada və cəmiyyətimizdə ən çətini uşaq olmaq və bu uşaqlığı doya-doya yaşamaqdır. Orta statistik 100 azərbaycanlı ailədə neçə uşaq xoşbəxtdir? Ailədə şiddət görməyən, nənə (qaynana), ər (ata) hirsinin qurbanı olmaya neçə uşaq var? Ailənin maddi sıxıntısını valideyni ilə bərabər yaşayan uşaqların statistikasını apara bilərikmi? Məncə, heç cəhd də etməyək...

Uşaqlarımız yeniyetmə, gənclk yaşına qədər təqvimdə həstərlə gözlədikləri 2-3 tarix var ki, hətta o tarixlərdə belə ürək edib onlardan nə istədiklərini, həmin günü necə keçirmək istədiklərini soruşa bilmirik. Bayram seyranı bir kənara qoyaq, bu gün uşağının 10 günlük müalicə pulu bir valdeyinin 2 aylıq maaşından çoxdursa və bu problemi valdeyni ilə bərabər yaşayan uşaq artıq uşaq deyil... Və elə bu dünyada ən çətini uşaq olmaqdır...

90 -cı illərdə uşaqlar bir-biri ilə atasının güclü olması ilə öyünürdülər. Əsas arqumentləri isə kimin atasının müharibədə olması idi. Oyun zamanı o uşaq söz sahibi olurdu. Bəs bu gün uşaqlar atalarının gücünü necə "ölçür"? Mənə görə çətin sualdı. Mən atamın gücünü iştirak etdiyi döyüşlərlə ölçürdüm. Bəs mənim, sənin övladın?... İndi... indi uşaqlar atalarının güclü olması ilə  öyünə bilmirlər. Bunu ürəkləri istəyənə qədər bağıra bilmirlər. Məişət problemi qarşında sınan, əzilən ata övladının gözündə güclü görünə bilmir...

Uşaqlığını yaşada bilmədiyimiz uşaq daha sonra bizimlə yaşına uyğun olmayan cümlələr quranda isə təəccüblənirik, "uşaqsan, sən bilmərsən", deyirik. Bu gün 3 uşaqla, kirayədə yaşayan və aylıq gəliri 300 manat civarında olan hansısa aile 4-5 aydan bir də olsa  marketdə uşağına "ürəyin nə istəyir" götür deyə bilirmi? Amma çəkdiyimiz fotolarda uşaqlarımızın gülümsəmələrini tələb edirik...  Və buna haqqımız olduğunu özümüzə sorduqmu?

Gözlərinizdəki kədərə səbəb olan susqunluğumuzu bizə bağışlamayın, uşaqlar.

Uşaqlığını yaşada bilmədiyimiz övladlarımızın bir də yeniyetmə, gənclik çağları var. Ürəkləri sevgi ilə, həyat eşqi ilə, azadlıqla dolu olan gənclik. Onda isə  "belə geyinmə, ayıbdı", "belə şəkillər çəkdirmə, ayıbdı", "saçını düz-əməlli yığ, kəsdir"... deyə-deyə ömrülərini, arzularını bizlər zəhər edirik. Hər kəsdən, hamıdan qorumağa çalışdıqda, onlara ən böyük zərbəni biz vururuq. Anlamırıq ki, övladlarımızn uşaqlıqlarını maddi problemlər, gəncliklərini "el aləm nə deyər" -ə qurban veririk. "Doğru"larımızla böyüməylərinə inanmadığımız uşaqlarımızın həyatlarını qarabaqara izləyirik, müdaxilə edirik. Səhv edəcəklərindən qorxub, hər zaman onların yerinə doğru qərarlar verməyə çalışırıq. Ailə quranda, sənət seçəndə...

Övladlarımıza səhvləri ilə doğru olanı öyrətməliykən, yaşamaq haqları olan həyatı əllərindən alırıq. Ən dəhşətlisi isə onların başına gələn bəlaların ən böyük səbəbkarı özümüzük. Ömürboyu ayağına daş dəyməsinə razı olmadığımız uşaqlarımızın başına daşı özümüz atırıq, utanmadan özəl həyatlarına müdaxilə ediərək, 400 nəfəri topladığımız zalda çəkilən fotolarda bir daha gülümsəmələrini tələb edirik. Hətta daha iləri gedib "xoşbəxt ol" əmrini veririk...

"Xoşbəxt ol" əmrini verdiyimiz övladlarımız bir neçə ildən sonra zaurların, xoşqədəmlərin, elgizlərin efirlərinə qonaq göndəririk. Onların yerinə qərar verdiyimiz sürəcə o efirlərdə əyləşən hər zaman bizlərdən biri olacaq.

Fotolarda gülümsəmələrini tələb etdiyimiz uşaqların gəncliyinə toxunmağa haqqımız yoxdu...

Nigar Adil



Xəbəri paylaş

1 923 dəfə oxunub.

Digər xəbərlər