Saytımızı qiymətləndirin


 
 

“Ermənilər indiki mərhələdə istəyir ki, sərhədə kənardan gələn qüvvələri yerləşdirsin
Tarix: 02-08-2022 | Saat: 17:27
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

“Ermənilər indiki mərhələdə istəyir ki, sərhədə kənardan gələn qüvvələri yerləşdirsin” 

“Məncə, ermənilər başa düşürlər ki, onların yeritdiyi siyasət özləri üçün təhlükə təşkil edir”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycanın sabiq XİN rəhbəri, politoloq Tofiq Zülfüqarov deyib.

O, son günlər Ermənistan-Azərbaycan sərhədi ilə yanaşı Rusiya Sülhməramlı Qüvvələrinin müvəqqəti yerləşdiyi Qarabağın dağlıq ərazilərindən erməni tərəfinin atəşkəsi pozması və konfrantasiya riskini qaldırması məsələsinə toxunub.

T. Zülfüqarovun sözlərinə görə, ermənilər açıq şəkildə bəyan ediblər ki, bundan qabaq olan siyasət – Azərbaycana ərazi iddiaları məsələsi bundan sonra da olacaq:

“Sadəcə olaraq, onun üstünü örtüb, yeni bir formada təqdim etməyə çalışırlar. Onlar status məsələsi, xüsusi təhlükəsizlik və s. məntiqə uyğun olmayan məsələləri ortaya atırlar. Bu da bir növ köhnə anneksiya (birləşdirmə - red) siyasətinin yeni bir formasıdır. Daha doğrusu, onlar sözləri dəyişdirməklə elə bir görüntü yaratmaq istəyirlər ki, guya bunların mövqeyi ərazi iddialarından ibarət deyil. Təbii ki, Azərbaycanın bu siyasətə reaksiyası bəllidir. Yada salsaq ki, 5 prinsip irəli sürüləndən sonra onların cavabı elə oldu ki, danışıqların mənası tam şəkildə itib.

Bunların hamısından ehtiyat edərkən, ermənilər indiki mərhələdə istəyirlər ki, məsələni gərginləşdirsinlər və sərhədə hansısa kənardan gələn qüvvələri yerləşdirsinlər. Bununla da öz siyasətlərini və mövqelərini sığortalasınlar. Məsələ təxminən bundan ibarətdir”.

Eks xarici işlər naziri onu da əlavə edib ki, ermənilər bir məsələdən də ehtiyat edirlər:

“Bu da Rusiyanın Cənubi Qafqazda zəifləyən mövqeləridir. Onlar başa düşürlər ki, bu və ya digər mərhələdə artıq Rusiya onlara bundan qabaqkı siyasi təminatları verə bilməz. Belə olan halda da onlar istəyirlər ki, böhranı daha da şişirtsinlər və hansısa Qərb ölkələrinin müşahidəçilərini, yaxud hansısa beynəlxalq təşkilatın hərbi qüvvələrini bu bölgəyə cəlb etsinlər”.

Müsahibimiz vurğulayıb ki, erməni tərəfinin əsas məqsədi böhranı süni şəkildə kəskinləşdirməkdən ibarətdir:

“Qısacası, onlar istəyirlər ki, bu mərhələdə böhranı süni şəkildə daha da kəskinləşdirsinlər ki, sonrakı mərhələdə hay-haray salıb, hansısa müdaxiləni təşkil etsinlər. Mən dediyim ümumi strategiyadır, lakin ərazilərdə olan atışmalar artıq taktiki səviyyədə olan hərəkətlərdir. Biz bunları düzgün başa düşməli və analiz etməliyik. Onların istəyi isə bundan ibarətdir: öz sərhədlərini hansısa kənar qüvvələrin yardımı ilə sığortalasınlar və bu sığortanı əldə edəndən sonra isə öz siyasətlərini davam etdirsinlər”.



Xəbəri paylaş

1194 dəfə oxunub.

Digər xəbərlər