Saytımızı qiymətləndirin


 
 

Şuşada daha bir İLK - Diaspor gənclərinin gözlədiyi gün yetişdi
Tarix: 01-08-2022 | Saat: 13:08
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Şuşada keçiriləcək “Diaspor Gənclərinin III Yay Düşərgəsi”nə seçimlər başa çatıb. Komitənin məlumatına görə, düşərgəyə qatılmaq üçün 400-dən çox müraciət daxil olub.

 

Qeydiyyat və müsahibə mərhələlərindən sonra 52 ölkəni təmsil edən 116 nəfər düşərgədə iştirak üçün seçilib, daha 12 nəfərin ehtiyat siyahıda saxlanılması qərara alınıb. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri var.  

 

Diaspor Gəncləri Şuşada bir araya gəlir

 

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Azər Kərimlinin fikrincə, "Diaspor Gənclərinin III Yay Düşərgəsi”nin Şuşada keçirilməsi önəmli hadisədir, çünki Şuşa mədəniyyətimizin paytaxtıdır:  

 

"Mədəniyyət kifayət qədər geniş anlayışdır. Dilimizdən, incəsənətimizdən başlayaraq mətbəximizə kimi xalq olaraq fərqliliklərimizi ifadə edir. Bu baxımdan, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların övladlarının Şuşa şəhərində bir araya gəlməsi onların öz tarixi kökləri, mədəniyyətləri haqqında ətraflı məlumat almaları, bu tarixin, mədəniyyətin ayrılmaz hissələrinə çevrilmələri üçün çox önəmlidir. Digər tərəfdən, Şuşa 44 günlük Vətən müharibəsindəki Zəfərimizi, qəhrəman əsgər və zabitlərimizin rəşadətini, Vətən sevgilərini simvolizə edən şəhərdir. Gənclərimiz harada yaşamalarından asılı olmayaraq, Azərbaycanın qəhrəman övladlarına bənzəməyə can atmalı, olduqları hər yerdə tarixi Vətənlərinin adını uca tutmalıdırlar.

 

Çalışmaq lazımdır ki, dünyanın müxtəlif ölkələrində yaşayan gənclərimiz yaşadıqları cəmiyyətə inteqrasiya olunsalar da, mənsub olduqları xalqın mədəniyyətini unutmasınlar, milli identikliklərini qoruyub saxlasınlar, xalqımıza məxsus yüksək mənəvi dəyərləri öz əməllərində nümayiş etdirsinlər. Azərbaycana bağlı olsunlar".

 

 

Bakı Dövlət Universitetinin dosenti, tarixçi-alim Boran Əziz vurğulayıb ki, Diaspor Gənclərinin III Yay Düşərgəsinin Şuşada keçirilməsi təqdirəlayiq addımdır. Onun fikrincə, xaricdə yaşayan, Vətəndən uzaqda tariximizdən xəbərsiz böyüyən gənclərin Azərbaycana bağlanmasının siyasi-tərbiyəvi əhəmiyyəti olduqca böyükdür:

 

“Yay aylarında xaricdə yaşayan gənclər üçün III Yay Düşərgəsinin təşkil edilməsi doğru qərardır. Bu düşərgənin Şuşada keçirilməsinin əhəmiyyəti olduqca böyükdür. Şuşa Azərbaycan mədəniyyəti və onun mənəvi mühiti üçün bir göstəricidir. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi təsadüfi deyil. Qarabağ xanlığını yaradanların, Şuşa şəhərini salanların Azərbaycan mədəniyyətindəki rolu danılmazdır. Halallıq, dara düşən insanlara əl tutmaq, köməyə ehtiyacı olanlara kömək etmək, insanların dolanışığını təşkil edə bilməsinə şərait yaratmaq kimi ali keyfiyyətlər bu insanların xarakterləri üçün səciyyəvi haldır. Xalqımız üçün səciyyəvi olan bu xüsusiyyətlərin gənc nəslə çatdırması çox vacibdir. Bu insanlar inanclı olmaqla yanaşı, milli-mənəvi dəyərlərə son dərəcə bağlı adamlar olublar. Tərəfimdən aparılmış “Azərbaycan ruhaniliyində Şuşa məscidlərinin və din xadimlərinin yeri” adlı araşdırma zamanı bir daha əmin oldum ki, bu xanlığın yaradılmasının və Şuşa şəhərinin salınmasının əhəmiyyəti nəinki xaricdə yaşayan gənclərə, heç öz vətəndaşlarımıza da yetərincə təbliğ olunmayıb. Xaricdə yaşayan gənclər üçün ölkəmizin bu istiqamətdə təbliğatının aparılması çox qürurvericidir. Şuşa şəhərinin mənəvi mədəniyyətimizdəki yerinin elmi cəhətdən “Qarabağnamə”lər adlı mənbədən öyrənilməsi daha məqsədəuyğun olardı. Bu baxımdan Komitənin gördüyü iş təqdirəlayiqdir”.

 

 

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı isə 2018-ci ildə Şəkidə keçirilən Diaspor Gənclərinin III Yay Düşərgəsində iştirak etdiyini xatırladıb:

 

“Düşünürəm ki, belə layihələr sayəsində azərbaycanlı ailələrin xaricdə doğulan övladlarının doğma Vətənlə bağlılığı artacaq, Vətənin tanınmasında böyük rolu olacaq. Çünki gənclər ziyalılarla görüşəcək, onlardan suallarına cavab alacaqlar. Şuşa şəhərinin 2023-cü il üçün “Türk Dünyasının mədəniyyət paytaxtı” seçilməsi azad olunmuş Qarabağ torpağının böyük bir sevgi ilə dünyaya tanıdılması baxımından əhəmiyyətlidir. Bu gənclərin kökü Azərbaycana bağlı olsa da, onlar bircə dəfə də olsun, Şuşada olmayıblar. Onların Şuşaya gəlməsi, belə bir tədbirdə iştirak etməsi, yay düşərgəsinin Şuşada keçirilməsi bu gənclərin vətənpərvər ruhda böyüməsini gücləndirməyə xidmət edir”.

 

T.Rüstəmxanlı Diasporla İş üzrə Dövlət Komitəsinin gənclərlə bağlı layihələrini yüksək qiymətləndirdiyini söyləyib:

 

“Əlbəttə, böyük zəfərimizin, böyük qələbəmizin mahiyyətinin praktiki olaraq Şuşada o gənclərə aşılanması və hansı qurbanlar hesabına qazanılmasının göstərilməsi çox önəmlidir. Bu layihəni həyata keçirənlərə, əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Uzun illər diaspor fəaliyyəti ilə məşğul olan bir insan kimi bunun nə qədər qiymətli olduğunu bilirəm”.

 

Qeyd edək ki, “Diaspor Gənclərinin III Yay Düşərgəsi” Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 2022-ci ilin 2-8 avqust tarixlərində "Şuşa İli" çərçivəsində Azərbaycan mədəniyyətinin incisi olan Şuşa şəhərində təşkil ediləcək. Düşərgənin tərəfdaşları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.

 

Yay düşərgəsinin proqramına Şuşanın işğal dövründə dağıdılmış abidələri ilə tanışlıq, müqəddəs məkanları ziyarət, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşlər, eləcə də gənclər üçün əyləncəli proqramlar, intellektual oyunlar daxildir. 

 

Gənclər ilk növbədə tarixi Zəfərimizin Şuşa təntənəsinin şahidi olmaqla yanaşı, Azərbaycanla bağlarını daha da möhkəmləndirəcək, ölkəmizi uğurla təmsil etmək bacarıqları, şəbəkələşmək, yeni dostlar qazanmaq imkanları əldə edəcəklər.

 

Xatırladaq ki, Diaspor Gənclərinin I Yay Düşərgəsi “Cümhuriyyətin 100 illiyi” şüarı altında Şəkidə, “Nəsimi-650” II Yay Düşərgəsi isə 2019-cu ildə Şamaxıda keçirilmişdi.



Xəbəri paylaş

1161 dəfə oxunub.

Digər xəbərlər