Saytımızı qiymətləndirin


 
 

Volfqanq Küpper Horadiz – Ağbənd layihəsi ilə tanış oldu - Fotolar
Tarix: 23-07-2022 | Saat: 18:14
Bölmə:Karusel / Gündəm | çapa göndər

Volfqanq Küpper Horadiz – Ağbənd layihəsi ilə tanış oldu

Dəmir yolu ilə Beynəlxalq Daşımalar üzrə Hökumətlərarası Təşkilatın (OTIF) Baş katibi Volfqanq Küpper Azərbaycana səfəri çərçivəsində Füzuli rayonunun Horadiz şəhərində olub. 

Qarabag.az xəbər verir ki, Volfqanq Küpper Horadiz – Ağbənd dəmir yolu xəttində aparılan tikinti prosesi ilə tanış olub. Qonağa layihənin əhəmiyyəti və görüləcək işlər barədə məlumat verilib.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi tərəqqisi üçün xüsusi strateji əhəmiyyətə malik Horadiz – Ağbənd dəmir yolu xəttinin təməli ölkə Prezidenti İlham Əliyev tərəfindən ötən il fevralın 14-də qoyulub.

Qeyd olunub ki, layihə regionun tranzit potensialına mühüm təsir göstərəcək və daşımaların inkişafına töhfə verəcək.

Dəmir yolu xətti tək xətlidir və ox üzrə uzunluğu 110,4 km təşkil edir. Layihə çərçivəsində 8 stansiyanın (Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 453 ədəd süni mühəndis qurğusunun, 70 ədəd yoldəyişənin, 110.4 km rabitə və işarəvermə sisteminin tikintisi nəzərdə tutulur.

Əlavə edilib ki, dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi işləri 3 mərhələdə aparılır və 2023-cü ilin sonunda işlərin yekunlaşdırılması planlaşdırılır.

Hazırda dəmir yolu xəttinin ox üzrə 55 km hissəsi tamamlanıb. Həmçinin 59-cu və 70-ci km-lər arası ərazidə torpaq yatağı və süni mühəndis qurğularının tikintisi işləri aparılır.

3 mərhələdə intensiv şəkildə yerinə yetirilən layihələndirilmə və tikinti işləri minatəmizləmə prosesinə paralel davam etdirilir və hazırda yolun 101,5 km-dək ərazisi minalardan təmizlənib.

 



 



Xəbəri paylaş

1208 dəfə oxunub.

Digər xəbərlər