Saytımızı qiymətləndirin


 
 

İcbari tibbi sığorta necə işləyir – Maaş artımı gündəmdədir
Tarix: 07-07-2022 | Saat: 16:23
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Bu yaxınlarda Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Milli Məclisin Səhiyyə, Əmək və sosial siyasət komitələrinin “Ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlı görülən işlər, hazırkı vəziyyət və gələcək planlar” mövzusuna həsr edilmiş birgə dinləməsi keçirilib.

 

Qarabaginfo.az xəbər verir ki, dinləmədə müzakirə edilən məsələlər haqqında Modern.az-a danışan Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, iclasa İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyəti sədrinin vəzifələrini icra edən Vüqar Qurbanov da dəvət ediliblər. Onlar deputatların suallarını cavablandırıb, seçicilərin yönləndirdiyi şikayətləri dinləyiblər. 

 

“İcbari tibbi sığorta əvvəllər pilot şəkildə fəaliyyət göstərirdi. İl yarımdır ki, bütün ölkə ərazisində tətbiq olunur. Getdikcə xidmətlər zərfi genişlənir, keyfiyyət yüksəlir, sığortanın əhatə dairəsi genişlənir. Tibb personalının maaşlarının artırılması hər zaman gündəmdə saxlanılır. İcbari Tibbi sığorta ilə çalışan həkimlərin 90 faizinin minimum əmək haqqı 1000 manata çatdırılıb. Bu olduqca yaxşı göstəricidir” – deyə Musa Quliyev açıqlamasında vurğulayıb.  

 

Komitə sədrinin sözlərinə görə, səhiyyə sistemindəki ənənəvi çatışmazlıqların bir çoxu icbari tibbi sığortanın tətbiqi ilə aradan qaldırılıb:

 

“Təcili və vacib tibbi xidmətləri üzrə xəstələrin cibindən ödəmələri sıfıra endirilib, onların həkim və klinika seçimi üçün imkanları genişləndirilib. Nəzərə almalıyıq ki, sistem hələ yeni qurulub. Sığorta tətbiq ediləndə pandemiya və 44 günlük Vətən müharibəsi dönəminə təsadüf etdi. Bu baxımdan çətinliklər də artdı. Yaralılarımız, yoluxanlar, psixoloji yardıma ehtiyacı olanlar çox idi. Bütün bunlar icbari tibbi sığortanın yüklənməsinə səbəb oldu. Amma ümumi qənaətimiz budur ki, icbari tibbi sığorta düzgün yoldadır və davam etməlidir. Həkimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, sağlam rəqabətin formalaşdırılması, klinikaların buna marağının stimullaşdırılması, icbari tibbi sığortanın xidmətlər bazasının genişləndirilməsi və maliyyələşmə məsələsində addımların atılması vacibdir ki, yaxın illərdə arzuladığımız səhiyyə xidməti qurulsun”.

 

 

Şuşadakı müzakirələrdə problemlərin də qaldırıldığını diqqətə çatdıran deputat qeyd edib ki, əsasən, əlilliyin verilməsi, İcbari Tibbi Sığorta Agentliyinin Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, onun yanında fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əməkdaşlığının gücləndirilməsi əsas çatışmazlıqlardan biri kimi qeyd olunub:

 

“Bu sahədə operativliyin artırılması, bürokratik əngəllərin aradan qaldırılması, mübahisəli məsələlərin mütləq vətəndaşın xeyrinə həll olunması kimi problemlər ortaya qoyuldu. Eyni zamanda özəl sektorun icbari tibbi sığortaya cəlb edilməsi üçün stimullaşdırıcı addımların atılmasının vacibliyi vurğulandı.

 

Deputatlar müzakirələrdə kifayət qədər aktiv iştirak etdilər, problemləri, seçicilərin şikayətlərini səsləndirdilər, geniş informasiya əldə etdik. Bu sahədə görülən işlərin müsbət olduğu, fəaliyyətin davam etdirilməsinin vacibliyi qənaətinə gəldik”.

 

 

“Müzakirələrdən sonra Şuşada fəaliyyət göstərən ilk modul tipli klinikada olduq. Kiçik də olsa, həmin klinikada bütün şərait yaradılıb. Orada xidmət göstərən hərbçilərimizə və müxtəlif sahələrin işçilərinə tibbi yardım göstərilməsi üçün təminat mövcuddur.

 

Şuşada böyük bir klinikanın tikilməsi də nəzərdə tutulur. Biz həmin klinika üçün ayrılan əraziyə baxış keçirdik. Bunlar hamısı həvəs və ümid verir ki, Şuşa Qarabağın sağlamlaşdırıcı mərkəzinə çevriləcək”.

 

Qeyd edək ki, 2020-ci ildən respublikanın bir çox ərazilərində pilot şəkildə tətbiq edilən icbari tibbi sığorta 2021-ci il aprelin 1-dən etibarən bütün ölkə ərazisini əhatə edir.



Xəbəri paylaş

1214 dəfə oxunub.

Digər xəbərlər