Saytımızı qiymətləndirin


 
 

Tarixçi: “İrəvanın Təpəbaşı məhəlləsi Azərbaycan xalqının tarixi-mədəni irsinin bir parçasıdır”
Tarix: 06-07-2022 | Saat: 20:02
Bölmə:Karusel / Gündəm | çapa göndər

Güntəkin Nəcəfli

“İrəvan şəhərinin tarixini bu gün özündə əks etdirən və azərbaycanlıların mədəni irsinin yeganə sübutu olaraq qalan məkan Təpəbaşı məhəlləsidir”.

Qarabaginfo.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Dövlət Mükafatı laureatı, tarix üzrə fəlsəfə doktoru, dosent Güntəkin Nəcəfli bildirib.

Güntəkin Nəcəfli deyib ki, tarixi İrəvan şəhərinin əsas məhəllələri Əski şəhər (Şəhri), Dəmirbulaq və Təpəbaşı olub, XX əsrin əvvəllərinə qədər bu məhəllələrdə azərbaycanlılar yaşayıblar. Onun sözlərinə görə, Təpəbaşı məhəlləsi Zəngi çayı ilə Şəhəri məhəlləsinin arasındakı təpəlikdə yerləşib, ona görə də Təpəbaşı məhəlləsi adlandırılıb: “Təpəbaşı məhəlləsi şəhərin qərb hissəsində yerləşirdi. Şəhri məhəlləsi ilə Təpəbaşını çoxlu bağlar ayırıb. Ümumiyyətlə, XVIII əsr, XIX əsrin birinci qərinəsində – xanlıqlar dövründə İrəvan yaşıllıqlara qərq olmuş bir şəhər olub. Həm də burada - Təpəbaşı məhəlləsində İrəvan xanı Hüseynqulu xana məxsus Xan bağı da yerləşib”.

Tarixçi qeyd edib ki, 1827-ci il oktyabrın 1-də çar Rusiyası İrəvan xanlığını işğal edib: “1828-ci ilin martında I Nikolayın (1825-1855) fərmanı ilə də keçmiş İrəvan, Naxçıvan xanlıqları və Ordubad mahalı ərazisində süni şəkildə “Erməni vilayəti” yaradılıb. Həmin dövrdə bəstəkar Şopenin qohumu olan İvan Şopen çar Rusiyası tərəfindən əhalinin kameral siyahıyaalınmasını keçirmək üçün yeni yaradılan vilayətə göndərilir. O, at, fayton, bir sözlə bütün lazım olan vasitələrlə təmin olunur.

XVIII əsrin sonu XIX əsrin əvvəllərində İrəvan xanlığında əhalinin sayını və etnik mənsubiyyətini müəyyən etmək üçün başlıca mənbə İ.Şopen tərəfindən 1829-1832-ci illərdə tərtib olunan kameral siyahıyaalmadır. Uzun müddət Qafqazda hərbi xidmətdə olmuş İ.Şopen Qafqazın hərbi hakimi İ.F.Paskeviçin tapşırığı ilə bölgənin siyahıyaalmasını tərtib edib və onu 1852-ci ildə nəşr etdirdiyi “Erməni vilayətinin Rusiya imperiyasına birləşdirildiyi dövrdəki vəziyyətinə dair tarixi abidə” [Шопен И. Исторический памятник состояния Армянской области в эпоху присоединения к Российской империи. СПб., «В типографии Императорской Академии Наук», 1852. – 1231c] adlı kitabına daxil edib.

İvan Şopen ilk öncə İrəvan şəhərindən başlayaraq bir-bir evləri gəzərək burada yaşayan əhalini siyahıyaalmasını keçirib. Ona görə də İvan Şopenin irihəcmli əsərində şəhərin bütün məhəllələrində yaşayan əhalinin sayı və etnik tərkibi, hamısı öz əksini tapıb. O dövrdə artıq çar Rusiyası bu ərazilərə qonşu dövlətlər - İran və Osmanlıdan erməniləri köçürməyə başlamışdı. Bu səbəbdən də kitabda həmin məhəllələrdə yaşayanların kim olduğu, o cümlədən köçürülənlərin kim olduğu əksini tapıb. Kameral siyahıyaalmada məhəllələr, abidələr təsvir edib”.

Güntəkin Nəcəfli Təpəbaşı məhəlləsində İrəvanın ən məşhur məscidinin - Hüseynəli xan (və ya Göy məscid) yerləşdiyini nəzərə çatdırıb: “Hüseynəli xan 1783-cü ildə İrakli tərəfindən zəhərlənərək öldürülən İrəvan xanıdır. Hacı İmamverdi məscidi də Təpəbaşında idi. Hazırda aqibəti bəlli olmasa da bu məscid haqqında İ.Şopenin kitabında məlumat verilir. Təpəbaşında karvansaralar, hamamlar, dükanlar yerləşib, memarlıq abidələri ilə də zəngin olub. İrəvanın nüfuzlu şəxslərinin evləri də Təpəbaşında yerləşib, ona görə də Təpəbaşında bağlar da çox idi. Bütün bunlara görə Təpəbaşı İrəvanın digər məhəllələrindən fərqlənib. İ.Şopenin qeydə aldığı 1736 evdən 792-i Əski şəhər (Şəhri), 622-i Təpəbaşı, 322-i isə Dəmirbulaq məhəlləsində yerləşirdi. Maraqlıdır ki, həmin dövrdə İrəvanın mahalının şeyxülislamı axund, molla Məhəmməd axund, molla Məhəmmədhüseyn oğlunun (60 yaş) evi də şəhərin Təpəbaşı hissəsində qeydə alınıb”.

Güntəkin Nəcəfli dövrün bütün mənbələrində, o cümlədən erməni mənbələrində də İrəvan şəhərinin tarixi hissəsində ermənilərin yaşamadığının əksini tapdığını vurğulayıb. Şəhərdə yalnız azsaylı erməni tacirlərin dükanları olub. Tarixi mənbələrdə qeyd olunur ki, həmin ermənilər gündüzlər dükanlarını açaraq alver edib, axşamlar isə dükanlarını bağlayıb, şəhərdən kənarda evlərinə gediblər: “İndi ərazisinin 16 hektarı qalan Təpəbaşındakı abidələrin qalıqları da buranın Azərbaycan xalqının tarixi-mədəni irsinin bir parçası olduğunu sübut edir. İvan Şopenin kitabı da burada yaşayanların azərbaycanlılar olduğunu sübut edir. O dövrdə azərbaycanlı deyilmirdi, müsəlman əhali ya da tatarlar adlandırılırdı. İvan Şopenin kitabındakı siyahıyaalmada müsəlmanlar, əvvəlki dövrdə yaşayan xristianlar və yeni köçürülən ermənilərin sayı göstərilib. O cümlədən dövrün digər mənbələrində də Təpəbaşında karvansaralar, hamamlar və dükanların türk-müsəlmanlara, tatarlara məxsus olduğu əksini tapıb. İvan Şopenin kameral təsvirləri bu baxımdan çox dəqiqdir. Həmin abidələri mövcud tarixi sənədlər əsasında bərpa, restavrasiya da etmək olar. Həmin abidələrin hamısının adı azərbaycanlılarla bağlı olub”.

Tarixçi 100 dən çox tanınmış elm və ictimai xadim ilə birlikdə İrəvanda Təpəbaşı məhəlləsində mədəni soyqırımı ilə bağlı UNESCO-ya müraciət ünvanladıqlarını söyləyib. Azərbaycanın elm və ictimaiyyət xadimləri Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən Təpəbaşı məhəlləsi ərazisində Azərbaycan xalqının irsinə qarşı həyata keçirilən mədəni soyqırımı ilə bağlı UNESCO-nun Baş direktoru Odre Azuleyə ediblər: “UNESCO bütün dünyada bəşəriyyət üçün müstəsna dəyər hesab olunan mədəni və təbii irsin müəyyən edilməsini, qorunmasını və mühafizəsini təşviq etməyə çalışır. Ümumdünya irsinə aid olan obyektlər yerləşdikləri ərazidən asılı olmayaraq, bütün dünya xalqlarına məxsusdur. UNESCO-dan İrəvan şəhərinin Təpəbaşı hissəsində tarixən azərbaycanlılara məxsus olmuş məhəllə sisteminin və bu məhəllələrdə mövcud olan abidələrin dağılmasının qarşısının alınmasında və onların xüsusi qorunma altına alınmasına kömək etməyi xahiş edirik”.



Xəbəri paylaş

1243 dəfə oxunub.

Digər xəbərlər