Azərbaycan-Koreya III Humanitar Forumu keçirildi
Tarix: 05-07-2022 | Saat: 10:24
Bölmə:Karusel / Siyasət | çapa göndər
1293 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 05-07-2022 | Saat: 10:24
Bölmə:Karusel / Siyasət | çapa göndər
Koreya-Azərbaycan III Humanitar Forumu keçirildi Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Koreya Respublikasının Azərbaycandakı səfirliyi və Koreya Donqduk Qadınlar Universitetinin Avrasiya Türk Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı ilə Koreya-Azərbaycan III Humanitar Forumunun “Dördüncü Sənaye İnqilabı: Koreya və Azərbaycanda yeni humanitar çağırışlar” beynəlxalq simpoziumu keçirilib. Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutundan bildirilib. Forum Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırlı və Avrasiya Türk Araşdırmalar İnstitutunun əməkdaşı Sunah Choinin moderatorluğu ilə reallaşıb. AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli açılış nitqində bu cür tədbirlərin iki ölkə arasındakı ədəbi-mədəni əlaqələrin inkişafına töhfə olduğunu qeyd edib. Bildirib ki, respublikamızın müstəqillik qazanmasından sonra başlamış Azərbaycan-Koreya əlaqələri qısa müddətdə daha da genişlənib. Əsası görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulmuş Koreya-Azərbaycan əlaqələri Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində uğurla davam etməkdədir. Bu illər ərzində Azərbaycanla Cənubi Koreya arasında neft sektorunda, informasiya texnologiyaları sahəsində, nəqliyyat istiqamətində, o cümlədən elm, təhsil, mədəniyyət sferalarında mühüm tədbirlər həyata keçirilib. Koreya müstəqil Azərbaycan dövlətinin Asiyadakı əsas tərəfdaşlarından, müttəfiqlərindən birinə çevrilib. Cənubi Koreya hər zaman beynəlxalq miqyasda Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Cənubi Koreyanın 44 günlük Vətən müharibəsində Azərbaycanın ədalətli mübarizəsini müdafiə etməsi də yüksək minnətdarlığa layiqdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elan etdiyi “Böyük Qayıdış” hərəkatı proqramı çərçivəsində Qarabağın yenidən qurulmasında çox aktiv iştirak edirlər. “Diplomatik münasibətlərimizin 30 illiyi dövründə görülmüş işlərə yekun vurarkən çox böyük və əhəmiyyətli tədbirlərin həyata keçirildiyini xüsusilə qeyd etməliyik. Koreya Azərbaycana dost, qardaş və tərəfdaş ölkədir. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Şərqşünaslıq İnstitutu, Ədəbiyyat İnstitutu, Fəlsəfə və Sosiologiya İnstitutu, İqtisadiyyat İnstitutu Cənubi Koreya ilə profillərinə uyğun olaraq əlaqələr yaradıb. Ədəbiyyat İnstitutunda Koreya mərkəzi fəaliyyət göstərir. Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli və həmin şöbənin əməkdaşı Leyla Həsənzadə Cənubi Koreya Mərkəzinin inkişaf etdirilməsi üçün səy göstərirlər. Artıq Cənubi Koreya ədəbiyyatı da tədqiq olunur. Bundan sonrakı yeni mərhələdə qarşılıqlı şəkildə Koreya ilə Azərbaycanın elm və ədəbiyyat sahəsindəki əlaqələrinin daha da inkişaf etməsi üçün səy göstərəcəyik. Üçüncü dəfə birgə humanitar forumun təşkili bu inkişafın real göstəricilərindən biridir”, - deyən akademik forumun işinə uğurlar arzulayıb. Koreya Respublikasının Azərbaycandakı səfiri Li İn-Yonq çıxışında qeyd edib ki, Koreya-Azərbaycan Humanitar Forumu iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunub və üçüncü dəfə gerçəkləşib. Humanitar elmlər sahəsində mübadilə uğurla davam edir. “Qeyd etmək istəyirəm ki, Koreya-Azərbaycan Humanitar Forumunun keçirildiyi ilk il çox mənalı il idi. İkinci dəfə təşkili onu göstərdi ki, bu forumun davamlı olaraq keçirilmə imkanı var. Avrasiya Türk Araşdırmalar İnstitutu və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu mərkəzdə olmaqla hər iki elmi müəssisənin rəhbərliyi ilə humanitar forum sahəsində əməkdaşlığımız daha da inkişaf edəcək. Xüsusi olaraq Koreya Qarabağın yenidənqurma layihələrində, , bərpa olunan enerji sahələrində, “ağıllı” kənd, həmçinin kənd təsərrüfatı sahəsində öz kapitalını sərf edəcək, Azərbaycanın işçi qüvvəsi ilə birlikdə aktiv şəkildə iştirak edəcək. Humanitar sahədə əldə olunmuş nailiyyətlərdən birini xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycanın dahi şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması Koreya dilinə tərcümə olunub”, - deyə səfir əlavə edib. Forumda Avrasiya Türk Araşdırmaları İnstitutunun rəhbəri professor Eunkyung On deyib: “Azərbaycan Koreyanın mühüm iqtisadi əməkdaşı strategiyasının mərkəzində duran tərəfdaş ölkədir. Azərbaycan Koreya ilə dil, mədəniyyət və tarix baxımından sıx əlaqələri olan türk dövlətlərindən biridir. Mən türk dövlətləri içərisində ən son Azərbaycana gəlmişəm. Koreyada bizim institutumuzda Azərbaycan haqqında və Nizami Gəncəviyə həsr olunmuş jurnalın xüsusi buraxılışı çıxıb. Koreya yarımadası ilə Qafqazı birləşdirən mübadilə və tərəfdaşlığa töhfə verən Humanitar Elmlər Bölməsində keçirilən keçənilki forumdan başa düşdüm ki, bu, davamlı olmalıdır. Tədbirin keçirilməsində əməyi keçən Bədirxan Əhmədliyə və Ədəbiyyat İnstitutunun digər əməkdaşlarına, səfirimizə və dəstəyini əsirgəməyən hər kəsə təşəkkürlərimi bildirirəm”. Açılış mərasimində Koreya Ətraf Mühitin Tədqiqi və Qiymətləndirilməsi İnstitutunun direktoru Lim Sam Jin geniş məruzə ilə çıxış edib.
Forumda hər iki dövlət nümayəndələri, AMEA əməkdaşları, Almaniya "Türk Tarixi və Mədəniyyətləri" muzeyinin Azərbaycan təmsilçisi iştirak etmişdir.Humanitar Forum “Dil-ədəbiyyat” və “Tarix-mədəniyyət” olmaqla iki sessiyada keçirilib, hər bir sahə üzrə müxtəlif mövzular təqdim və müzakirə edilib.
Xəbəri paylaş
Digər xəbərlər
14-10-2021, 06:58
Peru Konqresi Azərbaycanın Anım Günü ilə əlaqədar bəyanat qəbul edib
23-05-2022, 14:32
Vüqar Səfərli ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb
27-02-2022, 13:18
Ukrayna Rusiya hərbçilərinin bəzi məxfi sənədlərini əldə edib
7-05-2024, 12:58
Putinin andiçmə mərasimi keçirilir - Canlı
27-12-2022, 14:44
Kür çayına balıq körpələri buraxılıb
29-04-2022, 20:56
Anar Kərimov Kino Agentliyinin perspektivlərindən danışıb
12-11-2022, 10:50
Tokayevdən daha bir anti-Rusiya bəyanatı
10-03-2021, 16:41
Gəncədə daha bir məktəb koronavirusa görə bağlanıb
17-02-2023, 10:59
Yol polisindən hava şəraiti ilə bağlı MÜRACİƏT