Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri xanım Dragana Koyiç ilə görüşüb.
Qarabaginfo.az xəbər verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial inkişaf xətti, o cümlədən məcburi köçkünlərlə iş üzrə dövlət siyasəti haqqında qonağa ətraflı məlumat verilib. Bu kateqoriyadan olan vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluğunun artırılması istiqamətində mühüm işlər görüldüyü qeyd edilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məcburi köçkünlərin sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərdiyi bildirilib. Uzun illərdir doğma yurdundan didərgin düşmüş insanların işğaldan azad edilmiş ərazilərə könüllülük, təhlükəsizlik və layiqli həyat şəraitinə təminat prinsipləri əsasında qayıdışına hazırlıq görüldüyü diqqətə çatdırılıb. Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaratdığı Əlaqələndirmə Qərargahının bu istiqamətdə zəruri iş apardığı vurğulanıb.