Saytımızı qiymətləndirin


 
 

Şuşa televiziyası açılsa, ermənilər də ona baxmağa məcbur olacaq - TƏKLİF
Tarix: 14-06-2022 | Saat: 17:34
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Vətən müharibəsindən sonra azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın onlarla beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi etməsi, “Şuşa ili”ndə görülən işlərin vacibliyi "Böyük Qayıdış"ın ən qısa zamanda reallaşacağına əminliyi daha da artırdı. Şuşanın yenidən mədəniyyətin incisinə çevrilməsi fonunda Şuşa Televiziyasının bərpası da bir daha gündəmə gəlir və artıq müvafiq addımların atılmasının vacibliyi vurğulanır.

Azərbaycan Televiziyası radionun yaranmasından 30 il sonra – 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. Həmin dövrdə Azərbaycanda televiziyanın fəaliyyət göstərməsi nadir hadisə sayılsa da, Dövlət Televiziyası ölkədə yeganə televiziya deyildi. Bölgə televiziyası olaraq, Şuşa televiziyası da fəaliyyət göstərirdi.


1961-ci ildə Gəncədə, Göyçayda və Şuşada güclü televiziya stansiyalarının işə düşməsi Bakıdan yayılan verilişləri Xanlar, Goranboy, Yevlax, Mingəçevir, Ağcabədi və Dağlıq Qarabağda maneəsiz qəbul etməyə imkan vermişdi.


1990-cı ilin yanvarında XI Qızıl Ordunun Bakıda törətdiyi qırğınla bağlı məlumatın ölkədə yayılmaması üçün SSRİ rəhbərliyi AzTV-nin enerji blokunu partlatdı. Beləliklə, bütün ölkə ərazisində informasiya yayımında ən mühüm mənbə olan Dövlət Televiziyasının fəaliyyəti dayandı. Buna görə, 20 Yanvar faciəsi haqqında yayım edən yeganə telekanal Şuşa televiziyası oldu. Televiziyanın yayımlandığı bölgələrdə AzTV-nin enerji blokunun partladılması, Bakıda törədilən qırğın haqqında məlumatın yayılması tezliklə bütün ölkənin faciədən xəbər tutmasına şərait yaratdı.
 

Dəfələrlə Şuşa televiziyasının bərpasını gündəmə gətirmişik. Məhz “Şuşa ili” çərçivəsində görülən işlərin tamamlanması üçün Şuşa TV-nin bərpa edilməsinə dair daha təşəbbüs göstərilməsinə ehtiyac  var.
 

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Modern.az-a danışan vaxtilə Şuşa televiziyası ilə əməkdaşlıq etmiş, hazırda Şuşada yerləşən Bülbülün ev muzeyinin rəhbəri Fəxrəddin Hacıbəyli telekanalın bərpasına böyük ehtiyac olduğunu söyləyib.

O qeyd edib ki, Şuşanın dünyaya tanıdılması, bütün Qarabağ bölgəsində görülən işlərin beynəlxaql aləmə çatdırılması üçün bu şəhərdə televiziya olmalıdır:
 


“Mən uzun illər Azərbaycan Dövlət Televiziyasında çalışmışam. Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Televiziyasının enerji bloku partladılmışdı. Bu zaman Şuşada ötürücü qüllə var idi, studiyamızdan xəbərləri verə bilirdik. Müharibə gedişində Şuşa işğal olunana qədər o televiziya fəaliyyətini davam etdirdi. Baş redaktorumuz Bəxtiyar Qaracanın, əməkdaşlarımız Vidadinin, Allahverdi Əsədovun, mənim və digərlərinin müharibənin gedişi ilə bağlı sujetləri yayımlanırdı.

Biz bu gün Ali Baş Komandanımızın qətiyyəti, Ordumuzun cəsarəti sayəsində Şuşaya qovuşmuşuq. Mən bu gün Şuşada yaşayıram, çalışıram, Bülbülün ev muzeyinin rəhbəriyəm. İndiyə qədər minlərlə qonağımız olub, onlara Şuşanın tarixi, Vətən müharibəsi, mədəniyyətimiz haqqında geniş məlumat veririk. Şuşa Televiziyası yaradılsa, geniş dəstək verərik, canla-başla televiziyanın işinə köməklik göstərərik. Mən əminəm ki, prezidentimizin də bu təşəbbüs ağlından keçir. Şuşa televiziyası region telekanalı kimi fəaliyyət göstərə, quruculuq işlərini, azad edilmiş torpaqlarımızın inkişafını bütün dünyaya çatdıra bilər.

Şuşada televiziyanın olmasına böyük ehtiyac var. Burada o qədər mövzu var ki, jurnalistlərin işıqlandırmasını gözləyir. Mənə elə gəlir ki, əvvəlki Şuşa TV-nin işçiləri, peşəkarlar da bununla razılaşarlar, onlar da istəyir ki, telekanal bərpa edilsin. Orada ancaq peşəkarlar çalışmalıdır. Çünki bu həm də torpaqlarımızda qalan ermənilərə bir təbliğat üçün lazımdır. Onlar da televiziyanı izləyib, Azərbaycanın inkişafını görməlidirlər. Təki Şuşa TV bərpa olunsun, qurulmasında fəhləlik də edərəm”.
 

Fəxrəddin Hacıbəylinin fikrincə, Şuşada görülən işlərin növbəti mərhələsində televiziyanın bərpasına da toxunulacaq:
 

“Bütün Qarabağ, Şərqi Zəngəzur bölgəsini əhatə edən, buradan xəbərləri yayan televiziyanın olması yəqin ki, yaxın müddətdə reallaşdırılacaq. Biz tədbirlərimiz, gələn qonaqlar, Şuşanın təbiətinin təbliği, bərpa-quruculuq işlərinin çatdırılması üçün canlı yayımlar, reportajlar, verilişlər hazırlamaq istəyirik.

Qarabağın bəzi hissələrində qalan ermənilər də televiziyamıza baxaraq, Azərbaycanın inkişafını görməlidirlər. Onlar sülh üçün, Azərbaycanın qanunları altında yaşamağa hazırlanmalıdırlar. Bu hazırlıqda televiziyanın təbliğat işinin də önəmi böyük olacaq. Ermənilər başa düşəcəklər ki, Azərbaycan qanunlarını qəbul edib, sülh şəraitində yaşamağa razılaşsalar, qat-qat yaxşı həyat şəraitləri ola bilər”.
 

Xankəndi seçki dairəsinin sabiq deputatı Flora Qasımova da Şuşa televiziyasının bərpasını çox arzuladığını söyləyib. O xatırladıb ki, Şuşa TV işğala qədər fəaliyyət göstərirdi:
 

“Mən televiziyanın bərpasını səbirsizliklə gözləyirəm. Çox istəyirdim ki, “Danışır və göstərir Şuşa!” ifadəsi dillərə düşsün. Mənim təşəbbüsümlə Qarabağ TV açılmışdı. Bir müddət fəaliyyət göstərdi, amma davam etməyə köməyimiz olmadı.

Hətta internet televiziyası şəklində də bu təşəbbüsü ilkin olaraq başlamaq olar. Mənə elə gəlir ki, Şuşa televiziyasının yaradılması haqqında təkliflərə qulaq veriləcək. Şuşada görülən işlər haqqında məlumatlar, bərpa-quruculuq prosesinin dünyaya yayılması, və s. məsələlərin təbliği üçün telekanal lazımdır. Gündəlik xəbərləri həm ermənilər, həm də azərbaycanlılar eşitməlidirlər. Gündəlik yayım saatı qısa da olsa, maraqlı verilişlər, reportajlar, tədbirlərdən canlı yayımlar hazırlamaq lazımdır”. 

Şuşa Televiziyasının bərpası ilə bağlı Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzovun da fikirlərini öyrəndik. Prosesin rəsmi tərəflərini diqqətə çatdıran Aparat rəhbəri dedi ki, hazırda Qarabağda CBC regional telekanalı televiziya kimi yayımlanır:

“Bir müddət öncə telekanal keçirilən tenderin qalibi olmuşdu. Bundan başqa, ümumölkə kanallarımızın hamısı Şuşada yayımlanır. Bu yaxınlarda digər yarımstansiyalarda - Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xocavənddə yer ayrıldı ki, ümumölkə kanallarının yayımı genişlənsin. Radiolarla bağlı da ictimaiyyətə açıqlama vermişdik.


"Media haqqında" qanuna görə, yerüstü yayım üçün müsabiqə elan olunmalıdır. Şura müsabiqə elan edəndə  sənəd verənlər olacaq. Adın necə müəyyənləşdirilməsi qalib gələcək şirkətin seçimindən asılıdır,  Şuşa, Qarabağ və ya başqa ad da ola bilər. Hələlik belə bir məsələ gündəmdə deyil. Çünki "Media haqqında" qanun yeni qəbul edildiyindən bütün sistemin buna uyğunlaşdırılması, Media reyestrinin hazırlanması prosesi gedir. Biz sənədlər toplusunu hazırlayırıq. İndiki yayımçıların lisenziyaları dəyişilməli olacaq. Hamısı başa çatdıqdan sonra yeni müsabiqənin elan edilməsi gündəmə gələ bilər.

Qarabağda hansısa regional telekanalın açılması ilə bağlı müsabiqə elan oluna bilər. Biz dövlət qurumu olaraq konkret Şuşa telekanalının açılması məqsədilə tender elan edə bilmərik. Nə zamansa Şuşa kanalı olub deyə, birbaşa onun bərpasını tələb etmək də düzgün deyil. Qeyd etdiyim kimi, bütün proseslər bitəndən sonra müsabiqənin elan edilib-edilməməsi Audiovizual Şura üzvlərinin toplantısında müzakirə oluna bilər. Tələbat varsa, yerüstü yayımla bağlı müsabiqə olması üçün müəyyən resurslar mövcuddursa, müvafiq addım atıla bilər. Əks halda, biz elan etsək, qalib telekanal işləyə bilməsə, bu məqsədəuyğun olmayacaq.


İndiki halda, kimsə Şuşa telekanalı açmaq istəyirsə, kabel televiziyası və ya internet üzərindən yayımlamaq istəyirsə, buyursun sənədlərini təqdim etsin. Hər şey normal olarsa, müsbət də cavab veriləcək”.



Xəbəri paylaş

1226 dəfə oxunub.

Digər xəbərlər