Ana Sayfa > Karusel / Qarabağ > Şuşa televiziyası açılsa, ermənilər də ona baxmağa məcbur olacaq - TƏKLİF
Şuşa televiziyası açılsa, ermənilər də ona baxmağa məcbur olacaq - TƏKLİF14-06-2022, 17:34. Yazar: Admin |
Vətən müharibəsindən sonra azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın onlarla beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi etməsi, “Şuşa ili”ndə görülən işlərin vacibliyi "Böyük Qayıdış"ın ən qısa zamanda reallaşacağına əminliyi daha da artırdı. Şuşanın yenidən mədəniyyətin incisinə çevrilməsi fonunda Şuşa Televiziyasının bərpası da bir daha gündəmə gəlir və artıq müvafiq addımların atılmasının vacibliyi vurğulanır.
Dəfələrlə Şuşa televiziyasının bərpasını gündəmə gətirmişik. Məhz “Şuşa ili” çərçivəsində görülən işlərin tamamlanması üçün Şuşa TV-nin bərpa edilməsinə dair daha təşəbbüs göstərilməsinə ehtiyac var. Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Modern.az-a danışan vaxtilə Şuşa televiziyası ilə əməkdaşlıq etmiş, hazırda Şuşada yerləşən Bülbülün ev muzeyinin rəhbəri Fəxrəddin Hacıbəyli telekanalın bərpasına böyük ehtiyac olduğunu söyləyib.
Biz bu gün Ali Baş Komandanımızın qətiyyəti, Ordumuzun cəsarəti sayəsində Şuşaya qovuşmuşuq. Mən bu gün Şuşada yaşayıram, çalışıram, Bülbülün ev muzeyinin rəhbəriyəm. İndiyə qədər minlərlə qonağımız olub, onlara Şuşanın tarixi, Vətən müharibəsi, mədəniyyətimiz haqqında geniş məlumat veririk. Şuşa Televiziyası yaradılsa, geniş dəstək verərik, canla-başla televiziyanın işinə köməklik göstərərik. Mən əminəm ki, prezidentimizin də bu təşəbbüs ağlından keçir. Şuşa televiziyası region telekanalı kimi fəaliyyət göstərə, quruculuq işlərini, azad edilmiş torpaqlarımızın inkişafını bütün dünyaya çatdıra bilər. Şuşada televiziyanın olmasına böyük ehtiyac var. Burada o qədər mövzu var ki, jurnalistlərin işıqlandırmasını gözləyir. Mənə elə gəlir ki, əvvəlki Şuşa TV-nin işçiləri, peşəkarlar da bununla razılaşarlar, onlar da istəyir ki, telekanal bərpa edilsin. Orada ancaq peşəkarlar çalışmalıdır. Çünki bu həm də torpaqlarımızda qalan ermənilərə bir təbliğat üçün lazımdır. Onlar da televiziyanı izləyib, Azərbaycanın inkişafını görməlidirlər. Təki Şuşa TV bərpa olunsun, qurulmasında fəhləlik də edərəm”. Fəxrəddin Hacıbəylinin fikrincə, Şuşada görülən işlərin növbəti mərhələsində televiziyanın bərpasına da toxunulacaq: “Bütün Qarabağ, Şərqi Zəngəzur bölgəsini əhatə edən, buradan xəbərləri yayan televiziyanın olması yəqin ki, yaxın müddətdə reallaşdırılacaq. Biz tədbirlərimiz, gələn qonaqlar, Şuşanın təbiətinin təbliği, bərpa-quruculuq işlərinin çatdırılması üçün canlı yayımlar, reportajlar, verilişlər hazırlamaq istəyirik. Qarabağın bəzi hissələrində qalan ermənilər də televiziyamıza baxaraq, Azərbaycanın inkişafını görməlidirlər. Onlar sülh üçün, Azərbaycanın qanunları altında yaşamağa hazırlanmalıdırlar. Bu hazırlıqda televiziyanın təbliğat işinin də önəmi böyük olacaq. Ermənilər başa düşəcəklər ki, Azərbaycan qanunlarını qəbul edib, sülh şəraitində yaşamağa razılaşsalar, qat-qat yaxşı həyat şəraitləri ola bilər”. Xankəndi seçki dairəsinin sabiq deputatı Flora Qasımova da Şuşa televiziyasının bərpasını çox arzuladığını söyləyib. O xatırladıb ki, Şuşa TV işğala qədər fəaliyyət göstərirdi: “Mən televiziyanın bərpasını səbirsizliklə gözləyirəm. Çox istəyirdim ki, “Danışır və göstərir Şuşa!” ifadəsi dillərə düşsün. Mənim təşəbbüsümlə Qarabağ TV açılmışdı. Bir müddət fəaliyyət göstərdi, amma davam etməyə köməyimiz olmadı. Hətta internet televiziyası şəklində də bu təşəbbüsü ilkin olaraq başlamaq olar. Mənə elə gəlir ki, Şuşa televiziyasının yaradılması haqqında təkliflərə qulaq veriləcək. Şuşada görülən işlər haqqında məlumatlar, bərpa-quruculuq prosesinin dünyaya yayılması, və s. məsələlərin təbliği üçün telekanal lazımdır. Gündəlik xəbərləri həm ermənilər, həm də azərbaycanlılar eşitməlidirlər. Gündəlik yayım saatı qısa da olsa, maraqlı verilişlər, reportajlar, tədbirlərdən canlı yayımlar hazırlamaq lazımdır”. Şuşa Televiziyasının bərpası ilə bağlı Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzovun da fikirlərini öyrəndik. Prosesin rəsmi tərəflərini diqqətə çatdıran Aparat rəhbəri dedi ki, hazırda Qarabağda CBC regional telekanalı televiziya kimi yayımlanır: “Bir müddət öncə telekanal keçirilən tenderin qalibi olmuşdu. Bundan başqa, ümumölkə kanallarımızın hamısı Şuşada yayımlanır. Bu yaxınlarda digər yarımstansiyalarda - Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xocavənddə yer ayrıldı ki, ümumölkə kanallarının yayımı genişlənsin. Radiolarla bağlı da ictimaiyyətə açıqlama vermişdik.
Geri dön |