Saytımızı qiymətləndirin


 
 

Ramiz Qənbərovu əməliyyat edən cərrah vəfat edib! – Kərim Kərimli yazır…
Tarix: 13-06-2022 | Saat: 15:48
Bölmə:Karusel / Yazar | çapa göndər

Bir qədər əvvəl Facebookdan belə bir xəbər oxudum: “Əməkdar həkim, məşhur cərrah Nazim Cümşüd oğlu Allahverdiyev haqq dünyasına qovuşub. O, Birinci Qarabağ müharibəsində ön cəbhədə çətin əməliyyatlar keçirməklə Vətənin neçə-neçə igid oğlanlarının həyatını xilas edib...”

 

Fikrim-xəyalım dərhal Şuşaya uçdu və…

Nazim həkimi şəxsən tanıyırdım. Onunla bağlı ən mühüm hesab edtiyim hadisə də gözlərimin qabağında canlandı…

…1992-ci ilin 29 aprel günü Şuşa üçün faciə gətirdi. Həmin gün Ramiz Qənbərov ağır yaralandı və sabahı gün gözlərini əbədi yumdu.

…Ramizin cərrahiyyə əməliyyatından sonra yanına heç kəsi buraxmırdılar. Ürəyim sinəmin altında özünü bağlı otaqda pəncərə şüşələrinə çırpıb qanadları qırılan, qəfəsdə dəmir barmaqlıqlara özünü döyüb öldürən quş kimi çırpınırdı. Mənə elə gəlirdi ki, gicgahlarım partlayacaq. İçəri, Ramizin yanına keçməli idim.

Yuxarı qalxdım…

Nazim həkim məni qapının ağzında qarşıladı…

Həmişə gülərüz olmasına baxmayaraq hiss etdim ki, gülümsəmək istəsə də bacarmır…

Sakitcə gözlərimizin içinə baxdıq…

Yavaşca kənara çəkilib mənə yol verdi…

İçəri keçdim…

…Gözləri yumulu idi. Sifəti avazımışdı. Ağır-ağır nəfəs alırdı. Gültəkin onun baş tərəfində kətilin üstə büzüşüb oturmuşdu (Söhbət Ramiz Qənbərovun batalyonunda xidmət edən tibb bacısı, Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovadan gedir). İncə, nazik, uzun barmaqları Ramizin sıx qara saçlarını geriyə darayır, göz yaşları yağış kimi tökülürdü.

Amma səsi çıxmırdı…

Hönkürmürdü, hıçqırmırdı, qışqırmırdı, səssiz ağlayırdı Gültəkin. Çiyninə saldığı kamuflyaj buşlatın içində, əyninə geydiyi hərbi paltarda getdikcə büzüşür, balacalaşır, yanıb-yaxılır, zülüm-zülüm ağlayır, sellənən göz yaşlarının əlində acizləşirdi.

Möhkəm sarsılmışdı Gültəkin. Lakin göz yaşlarının acizinə cevrilsə də, özünü, iradəsini itirməmişdi. İndiyədək Şuşada çox ölüm, yaralı görmüşdü Gültəkin həkim. Lakin, o, başa düşürdü ki, bu – artıq başqa məsələdir…

Başını qaldırdı. Məni görcək yanaqlarından süzülüb tökülən göz yaşlarını incə barmağının arxası ilə silib, çox böyük və sonsuz hüzn, lakin asta da olsa, qətiyyətlə: “Təcili Bakıya xəbər elə, vertolyot göndərsinlər, Ramizi xilas etmək lazımdır!” – dedi.

Qayıdıb çıxdım. Xəstəxananın həyətindəki “UAZ” markalı maşınla təcili poçta qalxdım. Orada Bakı ilə əvvəlcədən sifariş vermədən, birbaşa əlaqə yaratmaq üçün iki nömrə var idi.

…Yeri gəlmişkən, belə yerdə deyirlər ki, içim özümü yandırır, çölüm özgəni. Dərdimizə baxın, ölkənin bir parasında qanlı müharibə gedir, hər qarış torpaq uğrunda bir dəstə cavan canı, qanı, dişi dırnağı ilə dişinə və dırnağınacan silahlanmış, təlim görmüş düşmən ordusu ilə ölüm-dürüm çarpışmasındadır, ölkənin o biri başındakı paytaxtda əyləşib, öz keyfində olan, sözün bütün mənalarında başı eyş-işrətə qarışan dövlət rəhbərlərinə, siyasi, ictimai xadimlərinə, güc strukturlarına, deputatlarına, nəhayət “boynu qıldan nazik, üzü qara” mətbuatına təcili bir xəbər vermək üçün hələ əvvəlcədən bu barədə sifariş verməli və sonra da oturub vaxtını gözləməli idin. Müharibə başlayan kimi dərhal ölkənin siyasi və hərbi paytaxtını Şuşaya, Xankəndinə, Xocalıya, Kərkicahana köçürməli olan dövlət rəhbərlərinin özləri, yavərləri isə heç “ayda bir yol, həftədə bir yol” da maraqlanmırdılar…

…Bakıya zəng etdim. Əbülfəz Elçibəy, İsa Qəmbər, Tamerlan Qarayev, Rəhim Qazıyev, Leyla Yunusova, İsgəndər Həmidov, Etibar Məmmədov və başqaları ilə bir-bir danışdım. Vəziyyəti ətraflı söylədim. Ramizi Bakıya çatdırmaq üçün təcili vertolyot lazım olduğunu bildirdim. Əlbəttə, Ramiz yaralanan kimi mən dərhal zəng edərək, Bakıya, o cümlədən də mətbuata xəbər vermişdim. İndi isə cərrahiyyə əməliyyatından sonrakı vəziyyəti ilə bağlı məlumat verdim.

Bakı ilə telefonla danışdıqdan sonra geriyə, xəstəxanaya qayıtdım. Yuxarı çıxanda gördüm ki, Ramizi əməliyyat edən cərrah – bu gün (artıq dünən) dünyasını dəyişən Nazim Allahverdiyev telefonla danışır. Məni görən kimi əlini dəstəyin ağzı tərəfindəki dəlmə-deşik yerinə qoyub pıçıldadı: “İsgəndər Həmidovdu… Bakıdan zəng edib”. Dayanıb gözləməyə başladım. Cərrah Nazim Allahverdiyev ona Ramizin vəziyyəti və cərrahiyyə əməliyyatı barədə həkim məlumatı verdikdən sonra dedi ki, indi vertolyota ehtiyac yoxdur. Ramizin vəziyyəti çox ağırdır. İndi onu tərpətsək, vertolyota mindirsək dərhal keçinər. Üç gün gözləmək lazımdır. Üç gün yaşasa, krizisdən çıxa bilsə, özümüz Bakıya çatdıracağıq…

Heyhat! Ramizi xilas etmək mümkün olmadı. Aprelin 30-da o, bu dünyaya gözlərini əbədi yumaraq, çox-çox, canından da artıq sevdiyi Şuşa torpağına qovuşdu…

Bu mənim Şuşada Nazim Allahverdiyevlə sonuncu görüşüm oldu…

Bir gün sonra – mayın birində Ramiz Qənbərov Cıdır düzündəki Şəhidlər xiyabanında dəfn edildi. Bir həftə sonra isə Şuşa işğal olundu…

Şuşadan sonra ötən bu 30 il ərzində Nazim həkimlə bir neçə dəfə ötəri, atüstü görüşümüz oldu…

Sonuncu parlament seçkisində 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsində namizədliyim qeydə alınandan bir qədər sonra, artıq təşviqat işlərinə başladığımız vaxtlarda telefonuma tanımadığım nömrədən bir zəng gəldi. “Bəli” deməyimlə Nazim həkimin həmişə gümrah, fikrini “normadan artıq” dərəcədə səlis ifadə edən cingiltili səsi telefonun dəstəyindən daşıb töküldü:

– Kərim müəllim, salam! Nazim həkimdir! Necəsiniz? Sizin adınızı namizədlərin sırasında görüb çox sevindim. Biz ailəlikcə hamımız sizə səs verəcəyik. Bu qərara gəlmişik ki, hamımız seçkiyə gedək və sizə də səs verək…

Və xeyli mənim haqqımda danışdı. Mən də hal-əhval tutdum, minnətdarlıq elədim…

Bu isə sonuncu telefon danışığımız oldu…

Şuşa Könüllülər Batalyonunun komandiri, Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qənbərovu əməliyyat edən cərrah Nazim Allahverdiyev bu dünya ilə vidalaşdı…

Şuşanın son 35 illik tarixinin bir səhifəsi də belə örtüldü…

Allah rəhmət eləsin!

Övladlarına, ailəsinə, yaxınlarına və qohumlarına dərin hüznlə başsağlığı verirəm!

Heyf, Şuşaya qayıdıb orada az da olsa yaşaya bilmədi…

Tezliklə ailəsinə, övladlarına qismət olsun!

Kərim Kərimli



Xəbəri paylaş

11 305 dəfə oxunub.

Digər xəbərlər