Saytımızı qiymətləndirin


 
 

MTN generalının məhkəməsi: Mövlam Şıxəliyevlə zərərçəkmiş Akif Qurbanov arasında söhbətin səs yazısı dinlənilib
Tarix: 24-05-2022 | Saat: 22:31
Bölmə:Karusel / Gündəm | çapa göndər

MTN generalının məhkəməsi: Mövlam Şıxəliyevlə zərərçəkmiş Akif Qurbanov arasında söhbətin səs yazısı dinlənilib

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Qarabaginfo.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə 6 saylı notariat kontorunda notarius vəzifəsində işləmiş Ərəstun İmanov ifadə verib.
O bildirib ki, 2012-ci ilin may ayından 6 saylı notariat kontorunda notarius vəzifəsində işləyib.

Ərəstun İmanovun sözlərinə görə, 2012-ci il sentyabrın əvvəllərində Vüsal Ələkbərov onun iş yerinə gələrək Etibar Əliyev barəsində cinayət işinin istintaqını apardığını, Etibar Əliyevə köməklik məqsədi ilə obyektinin satılması lazım olduğunu deyib. Vüsal Ələkbərov gedəndən sonra Etibar Əliyevin oğlu Kəramətlə MTN-ə gedib. Vüsal Ələkbərovun iş otağında Etibar Əliyevdən əmlakın arvadı tərəfindən satılmasına razılıq ərizəsi alınıb: “Bir neçə gün sonra Kəramət həmin əmlakın mülkiyyət hüququnu təsdiq edən bütün sənədləri, o cümlədən çıxarışın əslini gətirdi. Mən də obyektin alqı-satqı sənədlərini hazırlayaraq Kəramətdən anasını müqavilənin imzalanması üçün gətirməsi istədim. Kəramət Əliyev anasını gətirdi, müqaviləni həm alan, həm satan tərəf mənim iştirakım ilə imzaladı. Bundan sonra həmin alqı-satqının taleyindən xəbərim olmayıb”.

Daha sonra zərərçəkmiş şəxs qismində Etibar Cəfərov ifadə verib. O bildirib ki, 2005-ci ildən “Sədərək” Ticarət Mərkəzində sahibkarlıqla məşğul olub, kosmetika və parfümeriya malları satıb: “Seyran Nəcəfov, Elman Əhmədov və digərləri ilə birlikdə Çindən mal sifariş edib, hər birinin malı bir konteynerdə gəlib. 2013-cü ilin avqust ayının 29-da konteyneri gömrükdən qəbul edərək Seyranın anbarına boşaldan zaman MTN əməkdaşları tərəfindən saxlanıldıq. Malların qaçaqmalçılıq olması əsası ilə məni, Seyran Nəcəfovu, Balaşirin Babayevi, Elman Əhmədovu, Elvar Əliyevi, Natiq Teymurovu MTN-nin binasına aparardılar. Səhərə qədər orada saxladılar. Saxladıqları müddətdə məndən ilkin olaraq 500 min manat istədilər. Pulu verə bilmədiyim üçün bizdən qısa izahatlarımız alındı və səhərə yaxın buraxıldıq”.

Zərərçəkmiş bildirib ki, həmin sentyabrın 5-də yenidən MTN-ə çağırılıb və İstintaq Baş idarəsinin müstəntiqi Elmar tərəfindən şübhəli şəxs qismində tutularaq 2 gün təcridxanada saxlanılıb, sonra Səbail Rayon Məhkəməsi tərəfindən barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib: “İstintaq qrupunun rəhbəri Fuad Məmmədov olub. 5 noyabr 2013-cü ildə özüm də səbəbini bilmədən sərbəst buraxıldım. Çıxandan sonra atamdan “nə əcəb məni buraxdılar” deyə soruşdum. Atam azadlığa buraxılmağım üçün külli miqdarda pul verdiyini bildirdi. Həbsdə olduğum müddətdə stress, əsəb keçirdiyimdən səhhətini pisləşdi. Düşündüm ki, şikayət etsəm, məni həbs edə bilərlər. Buna görə də heç yerə şikayət etmədim və hər şeyi unutmağa çalışdım”.
Zərərçəkmiş deyib ki, 2015-ci ilin oktyabrında MTN-də həbslər baş verəndən sonra öyrəndim ki, atam azadlığa buraxılmağım üçün Fuad Məmmədova 210 min manat verib.
Məhkəmədə təqsirləndirilən şəxs Mövlam Şıxəliyevin vəkili vəsatətlə çıxış edib. O, Mövlam Şıxəliyevin Akif Qurbanovla söhbəti olan səs yazısının dinlənilməsini istəyib.

Məlum olub ki, Mövlam Şıxəliyev azadlıqda olarkən restoranda Akif Qurbanovla görüşüb və həmin görüş zamanı gizli şəkildə onun səsini yazıb.

Hakim vəkilin vəsatətini təmin edib və səs yazısı məhkəmə zalında dinlənilib. Mövlam Şıxəliyevin vəkili səs yazısını müvəkkilinin zərərçəkmiş şəxs Akif Qurbanov tərəfindən şantaj yolu ilə ondan pul tələb etməsi kimi təqdim edib.

Akif Qurbanov isə bildirib ki, vəkil yalan danışır, Mövlam Şıxəliyev bu cür üsullarla MTN-dəki şantaj mövqeyini bir daha ortaya qoyur.

Akif Qurbanov Mövlam Şıxəliyevə deyib ki, səs yazısını kəsib, məhkəmədə dinlətməklə heç nəyə nail ola bilməyəcək. O bildirib ki, Mövlam Şıxəliyevin ortaya saldığı adamların təşəbbüsü ilə onunla görüşüb: “Həmin görüş zamanı Mövlam Şıxəliyev məndən və Vüsal Ələkbərovdan şikayət etməməyim üçün MTN-də alınan 1 milyon manatın müqabilində 300 min manat təklif etdi. Əvvəlcə razılıq versəm də, sonradan razılaşma pozuldu”.

Akif Qurbanovun vəkili Osman Kazımov səs yazısının tam olaraq məhkəməyə təqdim olunmasını, bu səs yazısının bir neçə saatlıq söhbətdən 10 dəqiqəlik fraqment olduğunu nəzərə çatdırıb.

Vəkil vəsatətində məhkəməyə təqdim olunan CD-nin fonoskopik ekspertizaya göndərilməsini istəyib.

Vəkil bildirib ki, Mövlam Şıxəliyev səs yazısını montaj etməklə özünü təmizə çıxarmaq istəyir. Hakim vəsatətə növbəti prosesdə baxılacağını bildirib.

Məhkəmə prosesi gələn həftə davam edəcək.

İttihama görə, Mövlam Şıxəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla Mövlam Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şıxəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərər çəkiblər.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.



Xəbəri paylaş

1327 dəfə oxunub.

Digər xəbərlər