2021/2022-ci tədris ilinin payız semestri ərzində beynəlxalq mübadilə proqramlarını uğurla başa vurmuş tələbələrə sertifikatlar təqdim edilib.
Qarabaginfo.az xəbər verir ki, tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov çıxış edərək təhsil sahəsində beynəlxalq əməkdaşlığın təhsilin keyfiyyətini artırmaqla yanaşı, dövlət və özəl idarələrin də savadlı və bacarıqlı kadrlarla təmin edilməsinə şərait yaratdığını qeyd edib. Qulu Novruzov Akademiyanın tələbələrinin dünyanın ən qabaqcıl ölkələrində təhsil almalarının, müəyyən kurslar keçmələrinin onların bilik və savadlılığında özünün müsbət təsirini açıq şəkildə göstərdiyini xüsusilə vurğulayıb.
Daha sonra Akademiya rəisi Çin Xalq Respublikasının Şanxay Gömrük Kollecinin və Litvanın Mikolas Romeris Universitetinin beynəlxalq mübadilə proqramlarını uğurla başa vurmuş tələbələrə sertifikatlar təqdim edərək onları təbrik edib və gələcək təhsillərində uğurlar arzulayıb.
Tədbirin sonunda proqram iştirakçıları mübadilə proqramı ərzində əldə etdikləri təcrübələrini və təəssüratlarını bölüşərək Akademiya rəhbərliyinə yaradılan imkana görə öz təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Akademiya savadlı və təcrübəli mütəxəssis və kadr hazırlığına xüsusi diqqətlə yanaşır və beynəlxalq əməkdaşlığın inkişafı vasitəsilə bu cür proqramların davamlı keçirilməsi və sözügedən proqramlarda tələbələrin geniş iştirakının təmin edilməsi istiqamətində mühüm addımlar atır. (unikal.org)