Tarix: 16-05-2022 | Saat: 11:22
Bölmə:Karusel / Gündəm | çapa göndər
Milli Məclisin Aparat rəhbəri vəzifəsində çalışan Səfa Mirzəyev tutduğu vəzifədən azad edilib.
Qarabaginfo.az xəbər verir ki, onun vəzifədən azad edilməsilə bağlı ötən həftə xəbər yayılsa da, rəsmi sərəncam bu gün imzalanıb.
Səfa Mirzəyev yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Bu il mayın 12-də onun 70 yaşı tamam olub.
Sabiq Aparat rəhbərinin tərcümeyi-halında yazılır:
“Səfa Abbas oğlu Mirzəyev 1952-ci il mayın 12-də Bakı şəhərində qulluqçu ailəsində anadan olub. Azərbaycanlıdır. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Hüquq üzrə fəlsəfə doktoru, dosentdir. Bir çox elmi əsərlərin müəllifidir. Həqiqi dövlət müşaviri, əməkdar dövlət qulluqçusudur. "Şöhrət" və 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri, eləcə də MDB Parlamentlərarası Assambleyasının "Birlik" ordeni ilə təltif edilib. Rus və ingilis dillərini bilir.
1978-ci ildə Azərbaycan Dövlət Universitetinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb, 1983–1985-ci illərdə həmin kafedranın baş müəllimi olub. 1985-ci ildə Universitetin Hüquq fakültəsinin dekan müavini təyin edilib. 1983-cü ildə gənc alim və mütəxəssislərin Ümumittifaq müsabiqəsinin qalibi olub.
1990-cı ilin aprel ayında SSRİ Ali Soveti tərəfindən SSRİ Konstitusiya Nəzarəti Komitəsinin üzvü seçilib, 2 ilə yaxın həmin vəzifədə çalışıb.
1992-ci ilin yanvar ayında Azərbaycana qayıdıb, Azərbaycan Respublikası Ali Soveti Katibliyinin Hüquqi təminat və nəzarət şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 1993–1996-cı illərdə Azərbaycan Respublikası Ali Soveti Katibliyinin Baş katibi vəzifəsində çalışıb.
1996-cı ildən Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri vəzifəsində çalışıb.
1995-ci ildə Azərbaycan Respublikasının yeni Konstitusiyasının layihəsini hazırlayan komissiyanın üzvü olub, müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanmasında fəal iştirak edib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Evlidir, 2 övladı var”.
Səfa Mirzəyev uzun illərdir eyni vəzifədə çalışan məmurlar siyahısında birincilərdən idi. 1996-cı ildən 2022-ci il mayın 16-na kimi Milli Məclisi Aparatının rəhbəri işləyən cənab Mirzəyev 26 il eyni vəzifəni tutan məmur kimi yadda qaldı.
O, müstəqillik illərində mövcud olmuş bütün iqtidarlarla çalışıb.
Eks-prezident Ayaz Mütəllibovun dövründə parlamentdə şöbəi müdiri vəzifəsinə təyinat alan S.Mirzəyev sabiq spikerlər Yaqub Məmmədov, İsa Qəmbər, Rəsul Quliyev, Murtuz Ələsgərov, Oqtay Əsədovu vəzifədən yola salıb… O parlamentdə 6 spikerlə (Sahibə Qafarova da bu siyahıya daxildir) işləmiş şəxs kimi xatırlanacaq.
Nəhayət bu gün Mirzəyev də yola salındı…
(Modern.az)
Digər xəbərlər