Tarix: 10-05-2022 | Saat: 12:21
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi və “Qarabağ qaziləri” ictimai birliyi Füzuli rayon şöbəsi Füzuli rayonunda Ulu Öndər Heydər Əliyevin doğum günü ilə bağlı tədbir təşkil edib.
Qarabaginfo.az-ın xəbərinə görə, birlik üzvləri, şəhid ailələri və qazilər öncə Ulu Öndər Heydər Əliyevin heykəli qarşısında əklil və gül dəstələri qoyublar.
Sonra tədbir iştirakçıları Füzuli rayon Qəhrəmanlar Parkını ziyarət edib, milli qəhrəmanlarımızın məzarlarına gül dəstələri qoyublar.
“Qarabağ qaziləri” ictimai birliyi Füzuli rayon şöbəsi şəhid ailələri və qazilər üçün ehsan süfrəsi açıb.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Birliyin sədri Nəriman Əliyev şəhid ailələri və qaziləri salamlayıb. "Vətən Bağı" STİB-in sədr müavini Xəyalə Əfəndiyeva Nəriman Əliyevə göstərdiyi yüksək qonaqpərvərliyə görə təşəkkürlərini çatdırıb. Sonra Füzuli rayonunun axundu Qurandan ayələr oxuyub.
"Vətən bağı" STİB-in sədri Emin Tarverdiyev müasir Azərbaycan dövlətçilik tarixində ümummilli liderin rolundan, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə prezidenti, Ali Baş komandan İlham Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində gördüyü işlərdən ətraflı bəhs edib. Xalq-Prezident birliyinin 44 günlük müharibə dövründə düşmənə Dəmir Yumruq endirməsi, vətən uğrunda canlarından keçmiş şəhidlərimizin adlarının uca tutulması, onların ailələrinin, həmçinin qazilərimizin daim diqqətdə saxlanılmasının dövlət siyasətinin tərkib hissəsi olduğunu bildirib. “Qarabağ qaziləri” ictimai birliyinin Sabunçu rayon təşkilatının sədri Sadiq Quliyev 1-ci və 2-ci Qarabağ müharibəsindəki xatirələrindən, jurnalist Raziyə Rzayeva ulu öndərin həyatına qısa ekursk edərək keçdiyi şərəfli ömür yolundan, aktyor Bayram Mürsəlov ikinci Qarabağ savaşında qazanılan qələbədə ulu öndərin cızdığı siyasi dəsti-xəttin özünü göstərməsindən danışıb. Şəhid anaları çıxış edərək övladlarının ömür yolundan bəhs etmiş, onların qəhrəmanlıqlarından danışıblar.
Sonra tədbir iştirakçıları Babı kənd qəbiristanlığında şəhidlərin məzarını ziyarət etmiş, Yuxarı Kürdmahmudlu kəndindəki şəhid İsmayıllı Məhəmmədəlinin evində onun üçün yaradılmış guşə ilə tanış olublar.
Tədbir iştirakçıları daha sonra rayonun Qarabağ kənd orta məktəbinin kollektivi və kənddəki şəhid ailələri ilə görüşüblər. Məktəbin direktoru Əlihüseyn Yaqubov 44 günlük Vətən Müharibəsində məktəb kollektivinin fədakarlığınından danışaraq təhsil müəssisəsində yaradılan şəhid guşələri barədə məlumat verib.
"Vətən bağı" STİB-in həmtəsisçisi Elmar Hüseynov tərəfindən şəhidlərin şəkillərindən ibarət plakat məktəb direktoruna təqdim edilib.
Tədbirin sonunda səfər iştirakçıları xatirə şəkli çəkdiriblər.
Digər xəbərlər