Saytımızı qiymətləndirin


 
 

Ermənistanda polis zorakılığı - Demokratiyadan dəm vuranlar niyə susur?
Tarix: 06-05-2022 | Saat: 16:49
Bölmə:Karusel / Region | çapa göndər

2022/05/27955-1651838610.jpg

Ermənistanda müxalifətin keçirdiyi aksiyalar çox vaxt polis zorakılığı ilə yatırdılır. Paşinyana qarşı çıxan ayrı-ayrı müxalif fəallar, hətta siyasi partiya liderlərinin polis tərəfindən saxlanılması artıq adi hala çevrilib.

Rəqibləri isə Paşinyan hökumətini siyasi repressiyalarda ittiham edirlər. Lakin özlərini insan hüquq və azadlıqlarının yorulmaz müdafiəçiləri sayan böyük dövlətlər və beynəlxalq təşkilatlar baş verənlərə göz yumur.

Cənubi Qafqazın digər iki dövləti – Azərbaycan və Gürcüstandan fərqli olaraq, Qərbin Ermənistandakı siyasi motivli həbslərə etinasız qalması müzakirələrə səbəb olub. Analitiklər hesab edir ki, Paşinyan Qərbdən təminat aldığı üçün özündə rəqiblərini zor gücüylə susdurmaq cəsarəti tapır.

Maraqlıdır, Azərbaycanda hansısa siyasi fəal saxlanılanda Qərb niyə dərhal reaksiya verir, amma Ermənistandakı həbslərə səssiz qalır?

Doğrudanmı, Qərb Paşinyanın təhlükəsizliyinə və hakimiyyətinə təminat verib?

Yenisabah.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov suallara aydınlıq gətirib:

“Əvvəla, aprelin 17-dən başlayaraq Ermənistan müxalifəti, radikallar və revanşistlər hakimiyyətə itaətsizlik nümayiş etdirməyə başlayıb. Aprelin 25-dən sonra isə bu, sistemli və ardıcıl xarakter alıb.

Etirazçıların əsas şüarı “Nikolsuz Ermənistan” şüarı və Paşinyanın istefası onların əsas tələbləridir. 4 il bundan öncə Paşinyan inqilabı həyata keçirərkən hansı taktikalardan istifadə edibsə, indi müxalifət də eyni taktikanı tətbiq etmək istəyir”.

Deputatın sözlərinə görə, bu prosesdə radikallarla polis arasında çox ciddi toqquşmalar baş verir:

“Yeri gəlmişkən, toqquşmalar zamanı polisin şiddət nümayiş etdirməsi, etirazçılara qarşı sərt davranışı, onları döyməsi, təhqir etməsi kimi hallar, eləcə də zorla naməlum istiqamətə aparılmasına qədər çox geniş şiddətin tətbiqi ilə bağlı faktlar artıq bəllidir.

Amma bizim üçün bu, yeni bir hadisə deyil. Çünki Ermənistan terrorçu dövlət olub və belə bir dövlətdə oxşar prosesin baş verməsi təəccüblü deyil. Bizi narahat edən və eyni zamanda, təəccübləndirən odur ki, niyə beynəlxalq aləmdə söz, mətbuat və sərbəst toplaşma azadlıqlarını əlində bayraq edən QHT-lər susur? Niyə “Freedom House”un, “Sərhədsiz reportyorlar”ın səsi gəlmir? Onlar niyə reaksiya vermir? Niyə Ermənistanda baş verən hadisələrdə demokratiyanı, insan haqlarını kobud və total şəkildə pozulması ilə bağlı mövqe ortaya qoymurlar? Bunu qınamırlar, bunu tənqid etmirlər?!

Buna deyirlər ikili standartlar, buna deyirlər selektiv yanaşma..."

E. Nəsirli əlavə edib:

“Azərbaycanda ayrı-ayrı qeyri-qanuni mitinqlər zamanı polis asayişin keşiyində dayanan polisin əməllərinə tənqidi yanaşan, onu zorakılıqda, şiddətli davranışda ittiham edən beynəlxalq qurumlar indi susurlar. ABŞ Dövlət Departamentinin səsi gəlmir, Avropa paytaxtları susur. Bu onu göstərir ki, bir çox dövlətlər, eləcə də insan haqlarının keşiyində dayanma iddiasında olan təşkilatlar demokratiyanın özündən geosiyasi maraqlarını həyata keçirmək üçün vasitə kimi istifadə edirlər. Bütün bunları da dünya görür. Təəssüf ki, bu cür ikili standartlar onları gözdən salır”.

“Qərbin Paşinyanın təhlükəsizliyinə təminat verməsi ilə bağlı iddiaya gəlincə, mənə elə gəlir ki, Paşinyanın hakimiyyətdən uzaqlaşdırlması müşkül məsələdir. Səbəb onunla bağlıdır ki, kimsə meydanlara çıxmır və etirazçıların sayı da bunu göstərir. Maksimum 4-5 min etirazçı meydanlara toplaşır, xüsusilə də İrəvandakı Fransa meydanına. Sayları çox azdır.

İkincisi, Paşinyan kapitulyasiya aktına imza atdıqdan sonra onun hakimiyyətdə qalması qeyri-mümkün görünürdü. Amma hətta bunkerdən belə o, Ermənistanı idarə edə bildi və özünə o qədər inamlı oldu ki, seçki keçirdi və seçkilərdə qalib gəldi.

Bu, Paşinyanın nüfuzundan irəli gələn məsələ deyil. Ermənistan cəmiyyəti Paşinyanı seçməklə müharibəyə “yox” dedi”, - müsahibimiz qeyd edib.

Siyasətçi vurğulayıb ki, erməni xalqı gözəl bilir ki, “Qarabağ klanı” Paşinyanı devirmək istəyir:

“Onlar anlayırlar ki, indi Koçaryan və Sarkisyan hakimiyyətə qayıtmaq istəyir. Bu cütlüyün Ermənistanın başına hansı fəlakətlər gətirdiyini erməni xalqı unutmayıb. Ona görə də, Ermənistanda inqilabın baş verməsi və revanşistlərin hakimiyyətə gəlmək şansı çox aşağı qiymətləndirilir”.



Xəbəri paylaş

1271 dəfə oxunub.

Digər xəbərlər