Tarix: 06-05-2022 | Saat: 14:26
Bölmə:Karusel / Siyasət | çapa göndər
Qanunverici hakimiyyəti həyata keçirən Milli Məclisə də erkən seçkilərin keçirilməsi ilə bağlı prosesə start verildi. Uzun illər ərzində ölkə parlamentində təmsil olunsa da, heç bir fəaliyyəti ilə seçilməyən deputatların böyük bir hissəsi iki il öncə keçirilən seçkilərdən sonra parlamentdən kənarda qaldı. Təbii ki, hüquqi və demokratik dövlət üçün ən əsas və əhəmiyyətli sahələrdən biri olan ədalət mühakiməsi sahəsindən də bu dəyişikliklər yan keçməməli idi. Məhz bu səbəbdən də geniş islahatlar paketinə uyğun məhkəmə hüquq sistemində aparılan islahatlardan tam razı olmayan Prezident bu sahə ilə bağlı dəyişikliklərin sürətləndirilməsi və daha da dərinləşdirilməsi ilə bağlı 2019-cu ildə fərman imzaladı. Uzun illər öncə başladılan hakim korpusunun yenilənməsi və gəncləşdirilməsi, ədalət mühakiməsinin operativliyinin təmin edilməsi tədbirləri və müasir təyinatlı məhkəmələrin yaradılması prosesində dinamika təmin edildi. Bütün dünya kimi, ölkəmizin də səfərbər olmasına səbəb olan pandemiyanın tüğyan etməsi ilə yanaşı, Vətən müharibəsinin qaçılmaz olması da bu prosesi ciddi şəkildə zəiflətdi. Paralel aparılması mümkün olduğu həddə aparılan islahatlar, korrupsiya və qanunsuzluqlarla mübarizə sahəsində həyata keçirilən tədbirlər istisna olmaqla bu proses təxirə salındı.
Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, müstəqilliyini bərpa etdiyi gündən otuz ilə yaxın dövrdə Qarabağ boyda hər an qanaya biləcək yarası olan dövlət daxildə islahatları da istədiyi şəkildə apara bilməzdi. Bundan başqa, atılan bütün addımlara baxmayaraq, hələ də əsl simasını gizlədən və dövlət maraqlarına deyil, şəxsi və digər maraqlara xidmət edən məmurların az da olsa qalması amili də hər birimizə məlumdur. Digər bir mühüm faktor da, uzun illər ərzində mövcud olan işğal probleminə son qoymağımızla bağlı oldu. Belə ki, işğala son qoyduqdan və ərazilərimizi azad etdikdən sonra tam yeni məqamlar ortaya çıxmış oldu. Hazırda ölkədə həyata keçirilən islahatlar prosesinin daha əhəmiyyətli və vacib fazası reallaşmaqdadır. Bunun zəruriliyini də hər çıxışı zamanı Prezident İlham Əliyev imkan tapıb cəmiyyətə çatdırmağa çalışır.
Ölkəmizi və cəmiyyətimizi qanunsuzluqlardan və qanunsuzluqlara yol verən məmurlardan, həmin məmurları da etdikləri əməllərin ağır nəticələrindən qorumaq üçün Prezident açıq şəkildə fikrini dəfələrlə bildirib. Heç bir şəxs pul qazanmaq və varlanmaq üçün məmur olmaq eşqinə düşməsin ki, bu yolla həm cəmiyyətə zərər vurmasın, həm də özünü bədbəxt etməsin. Baş verən son proseslər və Prezidentin son çıxışları hazırda ölkə üzrə hansı sahələrdə vəziyyətin qənaətbəxş olmadığını və ciddi islahatlara zərurətin olduğunu açıq şəkildə göstərməkdədir.
Prezidentin bu ilin aprelində imzaladığı sərəncamla “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” təsdiq edildi. Bir çox əhəmiyyətli məqamları əhatə edən həmin sənədə əsasən, ədalət mühakiməsi sahəsində antikorrupsiya tədbirlərinin gücləndirilməsi, məhkəmə hakimiyyətinin daha səmərəli təşkili məqsədilə beynəlxalq təcrübə nəzərə alınmaqla Məhkəmə-Hüquq Şurasının yenidən təşkili zərurəti qeyd olunub. Bu, bir daha ölkədə ədalət mühakiməsi sahəsində vəziyyətin qənaətbəxş olmamasından və bu sahədə daha böyük işlərin görülməsi ilə bağlı zərurətdən xəbər verir.
Daha sonra bir neçə gün öncə Prezident ADA Universitetində keçirilən beynəlxalq konfrans zamanı SOCAR-da aparılan islahat prosesinə toxundu. Neft və qaz ölkəsi olan Azərbaycanı beynəlxalq aləmdə təmsil edən SOCAR-da rəhbərliyin dəyişdirilməsi barədə danışarkən dövlət başçısı bu addımı şirkətdə olan qeyri-şəffaflıqla və əsassız itkilərlə izah etdi. Prezidentin bu fikirləri də həm SOCAR-ın özündə, həm də ona tabe olan müəssisələrdə ciddi dəyişikliklə bağlı prosesin vaxtının gəldiyindən və yaxın vaxtlarda reallaşacğından xəbər verir. Elə yenə ADA Universitetindəki beynəlxalq konfransdakı çıxışı zamanı, səsləndirdiyi bir sıra digər fikirlər də ölkə başçısı tərəfindən aparılacaq islahatlar xəritəsindən xəbər verirdi. Belə ki, Prezident xüsusi nümayəndəlik institutunun hələ ki, pilot layihə şəklində reallaşdırıldığını və yaxın gələcəkdə yeni idarəçilik modelinin bütün ölkə ərazisində tətbiq olunacağını bildirdi. Onun sözlərinə görə, Sovetlər İttifaqından sonra yaradılan icra hakimiyyəti modeli özünü doğrultmur və son aparılan həbslər də həmin sahənin korrupsiya ilə çirkləndiyindən xəbər verir.
Prezidentin bu fikirlərindən belə qənaətə gəlmək olar ki, yaxın zamanlarda biz artıq bütün ölkə üzrə mövcud olan icra hakimiyyəti institutu ilə vidalaşacağıq. Ən son, 4 may tarixində özünün Zəngilan rayonuna təyin etdiyi xüsusi nümayəndəsini videoformatda qəbul edərkən Prezident işğaldan azad edilmiş ərazilərdə baş plana daxil olmayan heç bir qanunsuz tikilinin olmaması ilə bağlı ciddi xəbərdarlığını etdi. Bu fikirləri ilə əslində dövlət başçısı ölkənin digər ərazilərindəki tikintilərdə qanunsuz halların olmasından və bundan məlumatlı olduğundan xəbər verdi. Bütün bunlar bir daha ondan xəbər verir ki, dövlət başçısının narazı olduğu bir çox ciddi sahələr vardır və həmin sahələrdə yaxın zamanlarda əhəmiyyətli kadr və struktur islahatları həyata keçiriləcəkdir. Çox təəssüf ki, ölkə üzrə aparılan həbslərdən və digər qanuni tədbirlərdən hələ də ciddi nəticə çıxarmaq istəməyən vəzifəli şəxslər var. Bir gün növbənin onlara da çatacağını bilsələr də və hətta rəhbərlik etdikləri sahələrdə islahata başlanmasından sonra belə ən yaxşı halda Prezidentin apardığı islahatları alqışlamaqdan başqa bir iş görmürlər. Elə bu amil də bir daha göstərir ki, atalarımız “Qozbeli qəbir düzəldər” fikrini tam yerində deyib.
Xəyal Bəşirov,
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi
Digər xəbərlər