Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Prezidenti: “Zəngilanda yetişdiriləcək malların çox böyük çıxış imkanı var”
Tarix: 04-05-2022 | Saat: 16:36
Bölmə:Karusel / Siyasət / Qarabağ | çapa göndər

Azərbaycan Prezidenti: “Zəngilanda yetişdiriləcək malların çox böyük çıxış imkanı var”

“Zəngilan şəhərinin Baş planının ilkin versiyası mənə təqdim edilmişdir. Prinsip etibarilə bu, məqbuldur. Amma, əlbəttə ki, göstəriş vermişəm ki, daha geniş diskussiyalar, müzakirələr aparılsın. Siz də təbii olaraq bu işlərə dərhal qoşulun”.

Qarabaginfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman bildirib. Dövlət başçısı deyib ki, Zəngilan şəhərinin Baş planı bütün müasir memarlıq normalarını ehtiva edəcək:

“Həm xarici görünüşü çox gözəl olmalıdır, rahatlıq olmalıdır, həm də bütün ekoloji standartlar burada təmin edilməlidir və tətbiq olunmalıdır. Zəngilan şəhəri və ümumiyyətlə, Zəngilan rayonu təbiət nöqteyi-nəzərindən çox gözəl olduğu üçün yeni yaradılacaq şəhər də bu gözəlliyi özündə təcəssüm etdirməlidir. Ona görə Baş planın qəbul edilməsi, təsdiq olunması və ondan sonra işlərin daha sürətlə getməsi, əlbəttə ki, təmin ediləcəkdir.

Zəngilanda kənd təsərrüfatının inkişafı ilə bağlı çox böyük imkanlar var. Mən artıq bəzi fikirlərimi bildirmişəm. Amma rayonun bütün kənd təsərrüfatı potensialı tam dəqiqliyi ilə təhlil edilməlidir və ora qayıdacaq keçmiş məcburi köçkünlər üçün də tövsiyələr verilməlidir. Əlbəttə ki, burada mərkəzi icra orqanları - Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və mənim nümayəndəm kimi siz birgə işləməlisiniz. Zəngilan rayonunun kənd təsərrüfatı potensialının maksimum dərəcədə realizə etmək üçün tövsiyələr verilməlidir - harada hansı iş görülməlidir? Əlbəttə ki, sovet vaxtında orada kənd təsərrüfatı ilə bağlı aparılan işlər təhlil edilməlidir. Ancaq təbii ki, bu, bizim üçün əsas ola bilməz. Çünki o vaxt tam fərqli aqrotexniki imkanlar, tam fərqli texnologiyalar var idi. Biz Zəngilan rayonunda kənd təsərrüfatı sahəsinə ən qabaqcıl texnologiyaları gətirməliyik və bunu mən mərkəzi icra orqanları qarşısında vəzifə kimi qoymuşam – dünyada ən mütərəqqi texnologiya nədirsə, o, bizdə olmalıdır, xüsusilə azad edilmiş ərazilərdə. Çünki 30 ilə yaxın insanlar torpaq həsrəti ilə yaşamışlar, Ermənistan onların ömrünün böyük hissəsini oğurlamışdır. Onlardan minlərlə, on minlərlə insan öz doğma torpağını görməyib, həsrətlə həyatdan gedib. Ona görə oraya qayıdacaq insanlar üçün xüsusi şərait yaradılmalıdır. Kənd təsərrüfatı həm məşğulluq, həm ərzaq təhlükəsizliyi, həm də ixrac deməkdir.

Zəngilan rayonu həmsərhəd rayondur, həm İranla, həm Ermənistanla və Naxçıvana da məsafə çox yaxındır. Zəngəzur dəhlizinin işə düşməsi nəticəsində, eyni zamanda, Zəngilan rayonundan İran İslam Respublikasına keçən yollar nəzərə alınmaqla ixrac bazarlarına Zəngilanda yetişdiriləcək malların çox böyük çıxış imkanı var və biz bundan maksimum faydalanmalıyıq. Çünki Zəngilandan Ordubada gedən dəmir yolu, avtomobil yolu, o cümlədən İran ərazisinə keçir, - mart ayında müvafiq Memorandum imzalanmışdır, - eyni zamanda, Ermənistan ərazisindən də mütləq keçməlidir və əminəm ki, keçəcəkdir. Ona görə ixrac bazarlarına yaxınlığı, əlbəttə ki, əlavə imkanlar yaradır, həm ixrac üçün, həm də idxal üçün. Yerli istehsalın genişləndirilməsi üçün, əlbəttə ki, ixrac malları da gətirilməlidir, texnologiyalar gətirilməlidir”.



Xəbəri paylaş

11 001 dəfə oxunub.

Digər xəbərlər