Saytımızı qiymətləndirin


 
 

Qərb Rusiya-Ukrayna müharibəsindən nə qazandı...
Tarix: 25-04-2022 | Saat: 14:25
Bölmə:Karusel / Region | çapa göndər

Qərb Rusiya və Ukrayna müharibəsində Kiyevlə həmrəylik nümayiş etdirir. Rusiyaya qarşı sanksiyalar tarixdə ən ağır cəza tədbirləri kimi qiymətləndirilir. Rusiyaya qarşı mübarizədə əsas rol oynayan ölkələr Böyük Britaniya, Polşa və Fransa hesab olunur. Bəzi ekspertlərin fikrincə, bunun arxasında şəxsi maraqlar dayanır. İddialara görə, Boris Conson Qərbin sevgisini qazanmağa, Emmanuel Makron seçicilərin əlavə xallarını əldə etməyə, Varşava isə Şərqi Avropaya rəhbərliyə yiyələnməyə ümid edir.

 

Vaxtilə Angela Merkeli təkcə Almaniyanın kansleri deyil, həm də bütün Avropanın lideri adlandırırdılar. Onun istefasından sonra ən yaxın müttəfiqi olan Fransa Prezidenti Emmanuel Makron özünü ən güclü bəyan etmək şansı qazandı. Lakin pandemiya dövründə ölkədə iqtisadi durumun ağırlaşması, sosial həyat şəraitinin pisləşməsi Makronun reytinqinə təsirsiz ötüşmədi. Lakin Ukraynada müharibənin başlaması Makronun şöhrət qazanması üçün göydəndüşmə şans oldu.

 

Ukraynaya yaxınlaşan hücum xəbərləri fonunda o, danışıqlar üçün Moskvaya, daha sonra gərginliyi azaltmaq niyyətilə Kiyevə getdi. Bununla da müharibənin qarşısını almaq üçün səy göstərdiyini ortaya qoydu. Bu istiqamətdə digər ölkələrlə də danışıqlar aparıldı. Lakin geridə qalan iki ay ərzində Makron Moskva və Kiyevlə təmaslarda uğur qazana bilmədi. Bir sözlə, Makronun vasitəçilik səyləri real nəticə vermədi. Lakin o, ən azından müharibənin əleyhinə olduğunu nəzərə çatdırmağa çalışdı. 

 

 

Ukraynadakı döyüşlər demək olar ki, Fransada prezident seçkiləri kampaniyasının başlanması ilə üst-üstə düşürdü. Makronun yenidən seçilmək üçün kifayət qədər şansı vardı. Əgər fevralın 24-də onun reytinqi 25% civarında idisə, martın ortalarında bu göstərici rekord həddə - 30-a çatmışdı.

 

Qeyd edək ki, aprelin 10-da keçirilən seçkilərin birinci turunda vətəndaşların 28 faizi Makrona səs verib. İkinci yerdə 23 faiz səslə “Milli Assosiasiya”nın lideri Marin Le Pen qərarlaşıb. Onu Putinin pərəstişkarı adlandırdıqları üçün Le Pen Qərbin xoşuna gəlmirdi. Bundan başqa seçkilər zamanı Fransa lideri də Putinə daha az zəng vurmağa başlayıb. O, artıq sülhməramlı şöhrətini alıb. 

 

Varşavanın aktivliyi

 

Rusiya-Ukrayna münaqişəsindən əvvəl Polşanın Avropadakı mövqeyi kifayət qədər qeyri-müəyyən idi. Ölkə rəhbərliyi demokratik hüquqların pozulmasında, həmçinin miqrantlara mənfi münasibətdə ittiham olunurdu. Nəticədə Brüssel bu vəziyyət dəyişənə qədər Polşa iqtisadiyyatına maliyyə yardımını azaltdı.

 

 

Polşa hakimiyyəti ümid edir ki, Kiyevə yardım keçmiş səhvləri siləcək və Avropa İttifaqı onların daxili siyasətinə yaxından baxmayacaq. Varşava müharibə zamanı Rusiyanın hərəkətlərini kəskin şəkildə pisləyib və hətta Avropanı Moskvaya qarşı həddən artıq yumşaq sanksiyalara görə tənqid edib. Baş nazir Mateusz Morawiecki rusları viza almaq hüququndan məhrum etməyə, Rusiya gəmilərinin qarşısını almağa və quru yolu ilə ticarəti qadağan etməyə çağırıb. Lakin bu, hələ də Brüssel tərəfindən arzulanan addımlara səbəb olmayıb.

 

Britaniyanın müharibəyə təsiri

 

Britaniyada Baş nazir Boris Consonun böyük problemləri var. O, istefanın bir addımlığındadır. Əvvəlcə o, kiçik qardaşı Conu Biznes, Enerji və Sənaye Strategiyası üzrə nazir təyin etdi. Daha sonra pandemiyanın pik nöqtəsində Conson öz iqamətgahında hökumət üzvlərinin iştirakı ilə ziyafət təşkil edib. Hökumət rəhbərinin bu addımı ictimaiyyət arasında etiraz doğurub. 

 

Britaniyalıların yarıdan çoxu Consonun getməli olduğunu düşünür. “The Guardian” yazır ki, ölkə vətəndaşlarının 54%-i Consona mənfi münasibət bəsləyir. Əhalinin diqqətini yayındırmaq üçün Baş nazir Ukrayna məsələsini fəal şəkildə gündəmə gətirib.

 

 

Conson Polşa və Baltikyanı ölkələrin rəhbərliyini də qabaqlayaraq Kiyevə səfər edən ilk Avropa lideri olub. O, hətta Ukrayna dilində bildirib ki, "güclü olun, mən Putinin döyüş maşınının ac qalması üçün əlimdən gələni edəcəyəm".

 

Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatın ilk iki həftəsində Consonun reytinqi altı faiz artıb. Britaniyalıların əksəriyyəti (78%) Kiyevə silah göndərilməsini dəstəkləyir, 68%-i isə qırıcı təyyarələrin Ukrayna Silahlı Qüvvələrinə verilməsinin tərəfdarıdır. Bununla belə, Baş nazirə qarşı əsas iddialar ortadan qalxmayıb.

 

Consonun Rusiya qazından və neftindən imtina ilə bağlı bəyanatları kifayət qədər çaşqın görünür. Lakin o Rusiyaya qarşı aşkar şəkildə sərt mövqe sərgiləməkdən çəkinmir.

 

Onu da bildirək ki, müharibə zamanı Ukraynaya ən çox yardım edən ölkə ABŞ olub. Belə ki, 7,5 milyard avro dəyərində hərbi və humanitar məhsullar Ukraynaya göndərilib. Bundan əlavə, Avropa İttifaqı ölkələri isə birlikdə təxminən üç milyard dollar yardımı Ukraynaya göndərib. Lakin Ukrayna Prezidenti Volodimir Zelenski dəfələrlə Avropa İttifaqını passik mövqeyinə görə tənqid edib. Əsas iddialardan biri odur ki, bəzi tərəfdaşlar silah tədarükünü ciddi şəkildə ləngidirlər. Bu isə Rusiyaya qarşı müharibədə Ukrayna üçün böyük çətinliklər yaradır. (modern.az)



Xəbəri paylaş

1214 dəfə oxunub.

Digər xəbərlər