Saytımızı qiymətləndirin


 
 

O ispanı bu evə qonaq çağıraqmı? -Səbuhi Məmmədli Şuşadan yazır
Tarix: 15-04-2022 | Saat: 17:35
Bölmə:Karusel / Qarabağ / Yazar | çapa göndər

O ispanı bu evə qonaq çağıraqmı? -Səbuhi Məmmədli Şuşadan yazır

Mən bilmirəm, ötən əsrin 30-cu illərində, İtaliyanın cənubunda, Sovet Azərbaycanı haqda eşitmişdilərmi, ya yox? Bəs, Şuşa?

Mən onu da deyə bilmərəm, görəsən İspaniyadan İtaliyanın mirvari şəhəri olan Milana təhsil almağa gələn o gənc necə, Şuşa haqqında eşitmişdimi nə vaxtsa?

Bəlkə də yox. 

Amma 1992-ci ilin mayında,  hə, bütün Azərbaycanı sarsıdacaq o gündə Madriddəki evində televizorun qarşısında əyləşən həmin gəncin oğlu yerindən dik qalxacaq və az qala bağıracaqdı: №Recuerdo este nombre en alguna parte”. ("Mən bu adı haradansa xatırlayıram") 

Tez atasının arxivinə tərəf qaçacaq, o qavalı, hə, Milanda atasına bağışlanan bu şərq musiqi alətini tapacaq, üstünə yazılmış Şuşa sözünü oxuyacaqdı. Bu sonralar, lap sonralar olacaqdı.

Amma hələ lap qədimlər idi. Pənahəli xan Şuşanı təzəcə saldırmışdı.  Kərbəlayı Yusif də bura köçmüş özünə bir ev tikmişdi. İki otaqlı , eyvanlı ev. Sonralar oğul uşaq atası olacaq, elə Qalada da dəfn olunacaqdı. Və üstündən 100 il keçəcək, 1897-ci il iyunun 22-də  Məşədi Rzanın bu evində bir uşaq dünyaya gələcəkdi. Adını Murtuza qoyacaqdılar. Amma dünya onu Bülbül kimi tanıyacaqdı.

Şuşadayıq. 28 il ağır yuxuya getmişdi Şuşa, sanki. Amma indi oyanır, dirçəlir, üzü gülür. 

Elə bu həyətdəki güllər kimi. Hə, bir də o tut ağacı. 150 yaşı var bu ağacın.

Əslində, bu həyətdə üç tut ağacı olub. Birini də elə Murtuza əkibmiş. Amma onu doğrayacaqdılar ermənilər namərdcəsinə, Şuşa yuxudaykən. 

O ağac isə durur. Üstündə isə belə bir yazı var: Murtuza uşaq ikən bu ağaca çıxıb bülbül kimi cəh-cəh vururmuş. Quşların səsini təqlid edərmiş. Buna görə, də uşaq ikən hamı onu “Bülbül” deyə çağırırmış.

10 yaşında Şuşa mollaxanasında təhsili almağa başlamışdı. İki il sonra Gəncəyə getmiş ilk musiqi təhsilini də orada almışdı. Sonradan isə tale onu Tiflisə aparıb çıxarmış, Qərb musiqisiylə  tanış olmuşdu, 19 yaşında ilk dəfə böyük səhnəyə çıxmışdı.

Daha sora Bakıya qayıtmış, Üzeyir bəyin əksər operalarında partiyalar ifa etmişdi.

Və illər keçəcək, tale onu İtaliyaya aparıb çıxaracaqdı: 1927-ci ilin noyabrında Milana, La  Skalaya göndəriləcəkdi. Deyilənə görə, sovet Azərbaycanının Maarif və qəribə adı olan Musiqi elmləri komissarlığı  Bülbülün Milana getməsi üçün vəsaitin çatmadığını deyirlər. Belə olan halda o, qızıl kəmərini satmalı olur. Batumdan gəmiylə ağır səyahət başlayır. Əvvəl Genuyaya, oradan isə Milana gələ bilir. Burada 4 il təhsil alır.

 1931-ci ildə Palermo şəhərində yerləşən İtaliyanın məşhur musiqi jurnalı “Arte Nostra”  “Bulbul dell Azerbedgian” (Azərbaycan Bülbülü) adlı məqalə çap edir. Həmin dövrün məşhur musiqiçilərindən olan şöhrətli maestro Raffaele Qrani onun barəsində yazırdı: “Bülbül müsəlman aləmindən İtaliyaya gələn ilk vokalçıdır və özünəməxsus Şərq oxumasından Avropa oxuma məktəbinə keçmişdir. Dörd il arxada qalmış, məqsədə nail olunmuşdur. Bülbül italyan oxuma məktəbi və tədris metodikasını mənimsəmişdir”.

Bu məqalədən sonra həmin vaxt dünyanın ən populyar qrammafon şirkətlərindən olan “Kolumbiya” Bülbülə o dövrdə fantastiki sayıla biləcək bir müqavilə təklif edir. Onun bütün repertuarı olacaq val milyonlarla tirajla buraxılacaqdı.
Amma Bülbül bu müqaviləyə qol çəkmir, sovetlərə qayıdır. 

O, SSRİ Xalq Artisti kimi ən yüksək ada layiq görülür. 1961-ci ildə 64 yaşında vəfat edir. 

21 il sonra, 1982-ci ildə  məhz  Heydər Əliyevin göstərişi ilə Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən Bülbülün doğulduğu və yaşadığı evin muzeyə çevrilməsi barədə qərar qəbul edilir. Həmin vaxt həyətdə Bülbülün büstü də qoyulur. 

“Mən bu büstü qoruyub saxlayacam” Muzeyin direktoru Fəxrəddin Hacıbəyli deyir bunu. “Bura gələnlər qoy erməni vandalizminin nələr etdiyinin şahidi olsunlar”. 

Şuşa yuxudaykən ediblər bunu. Dəhşətdir, adam nə qədər vəhşi olsun ki, nifrətini dilsiz - ağızsız büstdən çxsın.

Buranı talan edib düşmən. Fəxrəddin bəy deyir ki, Bülbülün şəxsi əşyaları vardı burda. Frakı, kostyumları, təsbehi, qəlyanı, eynəyi və digər şəxsi əşyaları vardı. Burda fotoalbomları və Bülbülün həyat-fəaliyyətini özündə ehtiva edən çoxlu sayda eksponatlar vardı. Onların hamısını ermənilər məhv edib.

Muzeyin otaqlarından birinə odun yığılıb, digəri erməni əsgərlərinin sığınacağına çevrilib.

İndi az qala Şuşayla yaşıd olan o muzey yenidən dirçəlir. Oğlu Polad ailəsindəki bütün Bülbül xatirələrini muzeyə təhvil verib. Hə, bir də o qavalı.  Bildinizmi hansı? Madriddə qalan o qavalı. Həmin gün, hə, həmin gün mayın 8-də İspaniyadakı evində televizordan Şuşanı işğal olunduğunu eşidən kimi qərar vermişdi. Bu əmanəti sahiblərinə qaytarsın. Və qaytarıb da…

“Bax, gördüyünüz o məkan yay konsert salonu üçün nəzərdə tutulub. 300 nəfərlik yay konsert salonu inşa olunur. Bizi yaşıl teatr kimi. Bülbülün yubileyini də elə burada keçirmək istəyirik”. Bunu da Fəxrəddin müəllim deyir. 

Prezident 2022-ci ili Şuşa ili elan edib. Bu il Xurşudbanu Nətavanın da yubileyidir.  

Qalanın 270, Nətavanın 190, Bülbülün 125 illiyidir. Şuşa məhz bu yubileylərə hazırlaşır indi. Bunu şəhərdə hər addımda görmək olar.

Şuşanın yüzlərlə qonağı olacaq bu törənlərdə. Yadıma isə nədənsə o ispan düşdü. Nədən onu Şuşaya dəvət etməyək? 

Bakı-Şuşa

Səbuhi Məmmədli

Lent.az



Xəbəri paylaş

1325 dəfə oxunub.

Digər xəbərlər