Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xəzər rayonunun Şüvəlan qəsəbəsində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 4 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.