Saytımızı qiymətləndirin


 
 

Kimdir 50 yaşlı Qurban Qurbanov?
Tarix: 13-04-2022 | Saat: 17:09
Bölmə:Karusel / İdman | çapa göndər

Kimdir 50 yaşlı Qurban Qurbanov?

3 Avqust, 2008-ci il...

 “Qarabağ” Futbol Klubunun o zaman məskunlaşdığı “Ruslan-93” idman kompleksi...

 1 gün öncə komandanın baş məşqçisi heç kimə demədən düşərgəni tərk edib başqa 1 klubla müqavilə bağlayıb. Çempionatdakı ilk oyuna isə sadəcə 6 gün qalıb. Çoxsaylı transferlər edilib, qarşıya avrokuboklar hədəfi qoyulub, komanda isə başsızdır.

Əsəbi, gərgin, skeptik durum yaranıb. Bu vəziyyətdə komandanı kim götürsəydi, belə “nəticə” sözünə risk etməyəcəkdi. Amma günorta saatlarında “Ruslan-93”dəki 3 otaqlı ofisə cins şalvarlı, 3 düyməli köynəkdə, 36 yaşlı gənc yaxınlaşdı. Çayçı otağında 1 stəkan çay içib Emrah Çelikellə görüşə girdi.

Qabağına futbolçuların siyahısı qoyuldu. Əlavə olaraq Zaur Ramazanov və Emin İmaməliyevin də komandaya qoşulmağının mümkünlüyü bildirildi. 36 yaş gənc siyahıya nəzərə salıb bu komandayla işləmək olar deyib yükü üzərinə götürdü.

Amma yəqin heç kim inanmazdı ki, 6 aylıq müqaviləylə işə başlayan bu şəxs nəinki “Qarabağ” FK-nın bütün Azərbaycan futbolunun yükünü öz üzərinə götürəcəkdi.

Bəli, 6 aylıq yola çıxan gəncin bugün tamamlanan 50 yaşında Azərbaycan futbolunda bir daha fərdi olaraq qazanılmayacaq olduqca rəngarəng nəticələrlə doludur.

Xəyalları belə əlçatmaz olan uğurlar qazan(dır)dı. Göstərdi ki, bir şeyin xəyalını qurmaq onun üçün dayanmadan, səbrlə, zamanını gözləməklə gerçəkləşdirmək mümkündür.

Kimdir 50 yaşlı Qurban Qurbanov? 

Olduqca ağır amma şəffaf sualdır. 36-sında 50, 50-sində 36 yaşındadır Qurbanov.

Yazıram, pozuram, yazıram, pozuram…

Oxuma ehtimalını nəzərə alıb “gərək, elə şeyləri yazmazdın” deyəcəyinə görə götür-qoy edirəm. Səhnənin önündə çoxsaylı titullar bərq vursa da, pərdənina arxasında Qurbanovun zəhmətinin, əxlaqının, səbrinin ağırlığı var.

Həmişə bir gözü gülüb, 1 gözü ağlayıb onun. Amma heç vaxt əzmini, səbrini itirməyib.
Dilə gətirməsə də, qazandıqlarını bəzən 1 təbəssümə sığdırıb. Hansısa haqsızlığı, uğursuzluğu da qaşlarının düyüntüsündə gizlədib. Nə qədər paradoksal olsa da həmişə eyni olub.

“İnter”lə məlum qol olayında, “Viktoriya”ya ağılkəsməz yenilgidə nə olubsa, ilk çempionluğunda, Çempionlar Liqasında düşəndə və ya millidən ən haqsız şəkildə uzaqlaşdırılanda da həmişə eyni adam olub.

Təbii ki, içində təlatümlər tüğyan edib. Amma o, hər uğursuzluğu sınmayıb, nə də hansısa uğura sığınıb. Dünənlə yaşamayıb, sabaha isə yeni çağırış kimi baxıb. Onunla çalışdığım 13 il ərzində 1 dəfə də olsun uğursuzluğa görə bədbinliyə düşdüyünü görmədim. Və ya hansısa uğura görə təşəxxüsləndiyini də görmədim. 

Əksinə, məsələn hər dəfə ölkə prezidenti onu tərifləyəndə üzərində məsuliyyət ağırlığını hiss edib. 

Bunu onun baxışlarında, davranışlarında rahat müşahidə etmək olar, və ya hansısa ucqar bir kənddə bir soydaşının diqqətinə, sevgisinə o qədər ehtiramla yanaşıb ki, bunu başqası edə bilərdimi sualını yaradıb.

Fikirlərimin qəliz olduğunu anlayıram. Detallardan qaçaraq 50 yaş portretini 13 illik fərdi impresionist çalarını boyamağa çalışdım.

Yaza bilmədiklərim yazdıqlarımdan daha çox və böyükdür. Amma 1 gün mütləq yazacam..
Lakin, indi qəti olaraq ifadə olunacaq bir şey var.

Qurban Qurbanov Azərbaycan futbolunun başına gələ biləcək ən böyük hadisədir. 

Qurban Qurbanov vətənini sevən, bundan usanmayan böyük azərbaycanlıdır.

Qurban Qurbanov Azərbaycan əxlaqıdır.

Qurban Qurbanov öyrəniləcək, öyrədiləcək fenomendir.

Qurban Qurbanov əsrə sığmayan 50 ildir.

Nurlan İbrahimov

“Qarabağ” klubunun mətbuat xidmətinin keçmiş rəhbəri



Xəbəri paylaş

254 dəfə oxunub.

Digər xəbərlər