Tarix: 13-04-2022 | Saat: 00:36
Bölmə:Karusel / Siyasət | çapa göndər
“Ərzaq qiymətlərinin qalxması və süni qiymət artımının qarşısının alınması istiqamətində Sizin müvafiq tapşırıqlarınıza və hökumət tərəfindən verilən müvafiq qərarlara uyğun olaraq, biz müvafiq strukturlarla birlikdə fəaliyyətimizi əlaqəli şəkildə qurmuşuq”.
Qarabaginfo.az xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.
Nazir bildirib ki, bu fəaliyyət üç istiqamətdən ibarətdir: “Birincisi, daimi monitorinq mexanizmləri mövcuddur və biz gündəlik əsasda ərzaq, un, şəkər tozu və bir sıra digər məhsullar üzrə gündəlik anbar qalıqlarını sahibkarlıq subyektləri və dövlət agentləri ilə birlikdə monitorinq edirik. İkinci istiqamət qanunvericilik tənzimlənməsidir. Bununla bağlı bir sıra qərarlar, son olaraq Nazirlər Kabinetinin qərarı qəbul edilibdir. Biz hazırda belə bir rejim tətbiq edirik ki, o balans təmin etsin. Başqa sözlə, Azərbaycanda istehsal olunmayan və bizim idxaldan asılılığımız yüksək olan məhsulların ölkədən ixracı xüsusi nəzarət rejimi ilə həyata keçirilir. Eyni zamanda, sahibkarlıq subyektlərinin ixrac potensialının azalmaması və ixrac bazarlarının itirilməməsi üçün biz ölkədə istehsal olunan və yaxud istehsal potensialı olan məhsullara dair analoji şəkildə həmin çərçivədə fəaliyyəti tənzimləyirik ki, bu fəaliyyət də uyğun olaraq həyata keçirilə bilsin.
Nəhayət, üçüncü istiqamət sahibkarlıq subyektləri ilə fəaliyyətimizdir. Burada da dövlət tərəfindən aidiyyəti təşviq mexanizmləri tətbiq edilir. Xüsusilə mən ən son məlumat olaraq vurğulamaq istəyirəm ki, Baş nazirin 5 aprel tarixli müvafiq tapşırığına uyğun olaraq 115 milyon manat vəsaitin sahibkarlıq subyektlərinə yumşaq təşviq kreditləri kimi ayrılması istiqamətində və həmçinin strateji ərzaq məhsullarının pandemiya dövründə uğurla istifadə olunan mexanizmi Sizin müvafiq tapşırığınıza uyğun olaraq xatırlayarsınız ki, bir sıra sahibkarlıq subyektlərinin kredit borclarının, faizlərinin ödənilməsində dövlət subsidiyaları ayrılmışdı və analoji mexanizmdən istifadə edərək biz bunu edirik. Bunun məntiqi nədən ibarətdir? Aşağıdakı kimidir: daimi ehtiyatları təmin etmək məqsədilə sahibkarlar tərəfindən həmin ehtiyatların mal qalıqlarının artırılması tələb olunur. Bu da öz növbəsində onlar tərəfindən daha çox dövriyyə kapitalına ehtiyac yaranır. Biz belə çevik mexanizmlərlə işləyirik ki, bir tərəfdən sahibkarların maraqlarına toxunulmasın, digər tərəfdən dövlət qarşısında duran vəzifələr tam həcmdə yerinə yetirilsin.
Möhtərəm cənab Prezident, sualınızla bağlı son olaraq onu da qeyd etmək istəyirəm ki, 2020-ci ilin əvvəlində, pandemiyanın ilk günlərindən biz əsas təchizatçı ölkələrin bir çoxunda məhsul ixracının qadağan olunmasını, ərzaq məhsullarında bəzi malların olmamasını digər ölkələrdə müşahidə etmişik. Azərbaycanda istər o dövrdə, istərsə də, indiki dövrdə bu istiqamətdə hesab edirik ki, qənaətbəxş nəticələr əldə olunubdur”.
Mikayıl Cabbarov diqqətə çatdırıb ki, müvafiq tapşırıqlarınıza və mövcud vəziyyətə uyğun olaraq, ərzaq qiymətləri təbii ki, başqa bir prioritetimizdir: “Bununla bağlı antiinflyasiya tədbirləri haqqında imzalanmış müvafiq qərara əsasən fəaliyyət həyata keçirilir. Bu gün münaqişədə, müharibədə olan hər iki dövlət Azərbaycan üçün ərzağın həm ixracı, həm də idxalı nöqteyi-nəzərindən vacib tərəfdaş olduğuna görə, biz çalışırıq ki, bu prosesləri də əlaqələndirilmiş şəkildə quraq.
Məruzə etmək istəyirəm ki, Azərbaycan cari ilin ilk rübündə daxili bazarı tam təmin etməklə yanaşı, müxtəlif ölkələrə 60 min ton müxtəlif çeşidli meyvələr, 37 min ton tərəvəz, 12 min ton şəkər, 3,5 min ton meyvə-tərəvəz emalı məhsulları ixrac etmişdir. Digər tərəfdən isə, biz həmin struktur asılılığımız olan məhsullar üzrə idxalın sadələşdirilməsi üçün artıq sadaladığım tədbirləri həyata keçiririk.
İnflyasiyanın təbii olaraq Mərkəzi Bankla və digər aidiyyəti strukturlarla birlikdə aradan qaldırılması üçün qısamüddətli tədbirlərlə yanaşı, hesab edirik ki, orta və uzunmüddətli tədbirlərə də dair addımlar atıla bilər. Qaldırılan məsələlərin müsbət həllinə görə, xüsusilə də kiçik və orta sahibkarlığa, ərzaq istehsalçılarına güzəştli dövlət maliyyələşməsinin təmin edilməsində kapital yardımının göstərilməsində verdiyiniz dəstəyə görə fürsətdən istifadə edərək Sizə təşəkkürümü bildirmək istərdim”.
Digər xəbərlər