Saytımızı qiymətləndirin


 
 

Dövlət başçısı: "Zəngəzur dəhlizi açılmalıdır"
Tarix: 12-04-2022 | Saat: 23:52
Bölmə:Karusel / Siyasət | çapa göndər

Dövlət başçısı: "Zəngəzur dəhlizi açılmalıdır"

"Keçən ay İranla Azərbaycan arasında körpülərin, dəmir yolu körpülərinin tikintisi ilə bağlı memorandum imzalanmışdır".

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.

Prezident İlham Əliyev bildirib ki, eyni zamanda, o memorandumda elektrik xətlərinin çəkilişi ilə bağlı müddəa var.

"Ona görə biz bu işlərə də tezliklə başlamalıyıq. Hər halda, Azərbaycan ərazisində görüləcək işlərlə bağlı bu il konkret təkliflər verilməlidir. Cəbrayıl yarımstansiyasından Zəngilana qədər xətlərin çəkilməsi və İran İslam Respublikası ilə son razılaşmaya gələndən sonra artıq İran üzərindən bu xətt gedə bilər.

Eyni zamanda, avtomobil körpülərinin və dəmir yolu körpülərinin inşası da nəzərdə tutulur. Əlbəttə, bu, Zəngəzur dəhlizinin açılmasını inkar etmir. Zəngəzur dəhlizi açılmalıdır. Zəngəzur üzərindən həm dəmir yolu, həm avtomobil yolu məsələsi ilə bağlı aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsi aparılmışdır. İran üzərindən yolun Naxçıvana çəkilməsi və oradan dünya bazarlarına çıxarılması layihəsi də artıq hazırlanır. Ümid edirəm ki, yaxın gələcəkdə təməlqoyma mərasimi də keçirilə bilər və beləliklə, yeni beynəlxalq nəqliyyat dəhlizi açılacaqdır. Ümumiyyətlə, bizim nəqliyyat infrastrukturu ilə bağlı olan bütün planlarımız vaxtlı-vaxtında yerinə yetirildi. Əgər bu gün həm limana, həm dəmir yollarına, həm hava limanlarına, avtomobil yollarına və digər infrastruktura bu böyük investisiyalar qoyulmasaydı, Azərbaycan, əlbəttə ki, yeni yaranan bu imkanlardan məhrum ola bilərdi. Ancaq, əksinə, biz bu gün öz nəqliyyat infrastrukturumuzu maksimum işə sala bilərik. Gəmiqayırma zavodunda yeni yük gəmiləri, tankerlər inşa edilir. Yəni, bütün bunlar vaxtında atılmış addımlardır. Əgər biz gəmiqayırma zavodunu inşa etməsəydik, bu gün bu imkanlardan istifadə edə bilməzdik. İndi isə biz heç kimdən asılı deyilik. Nə qədər istəsək, o qədər də bərə, tanker, yük gəmisi inşa edə bilərik və Xəzər üzərindən yükdaşımaların həcmini bu il artıracağıq və gələn il daha da artıracağıq", - dövlət başçısı vurğulayıb.



Xəbəri paylaş

1255 dəfə oxunub.

Digər xəbərlər