Tarix: 08-04-2022 | Saat: 15:32
Bölmə:Karusel / Gündəm | çapa göndər
Rusiyada 2017-ci ildə “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun yaxın adamı Cabir Həsənovu qətlə yetirməkdə təqsirləndirilən kriminal aləmdə “Yeraz Camal”, “Piter Camal” kimi tanınan Camal Həsənovun məhkəməsi başlayıb.
Qarabaginfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra təqsirləndirilən şəxs saxlandığı DTX istintaq təcridxanasından Penitensiar Xidmətin istintaq təcridxanası köçürülməsini istəyib.
Hakim bildirib ki, hazırlıq iclasının qərarı zamanı bu məsələyə baxılacaq.
Məhkəmənin hazırlıq iclası aprelin 12-ə təyin edilib.
Qeyd edək ki, “Yeraz Camal” Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev, "qanuni oğru" Hacı Beyləqanski ilə birlikdə 2017-ci ildə İstanbulda “Lotu Quli”yə qarşı sui-qəsd etməkdə şübhəli bilinərək tutulub. Bir müddət sonra məhkəmə onları sərbəst buraxıb.
Rusiya mətbuatında gedən məlumatlara görə, “Lotu Quli”nin öldürülən adamı Cabir Həsənov Rövşən Lənkəranskinin qətlində iştirak edib. Bu səbəbdən də “Yeraz Camal” qisas məqsədilə Rusiyanın Sankt-Peterburq şəhərinə gedərək Cabir Həsənovu güllələyərək qətlə yetirib.
Camal Həsənov ötən il oktyabrında hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən tutulub.
Digər xəbərlər