Saytımızı qiymətləndirin


 
 

İraq və Suriyadan gətirilən 7 nəfərin son durumu AÇIQLANDI
Tarix: 01-04-2022 | Saat: 17:52
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan Hökuməti tərəfindən martın 31-də İraq və Suriyadan iki nəfəri qadın, beş nəfəri uşaq olmaqla ölkəmizə repatriasiya edilmiş 7 Azərbaycan vətəndaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilib.

 

Nazirlikdən Qarabaginfo.az-a verilən məlumata görə, müəssisəyə yerləşdirilən şəxslər dərhal zəruri qayğı xidmətləri ilə təmin olunub və onların ilkin tibbi ehtiyaclarının qarşılanması istiqamətində işlərə başlanıb.

 

Növbəti mərhələdə Agentliyin sosial işçiləri və psixoloqları repatriasiya olunmuş qadın və uşaqların sosial-psixoloji vəziyyətlərinin qiymətləndirməsini aparacaq.

 

Qiymətləndirmənin nəticəsinə uyğun olaraq hər bir repatriant şəxsin sosial-reabilitasiya yönümlü zəruri sosial xidmətlərlə təmin edilməsi üçün fərdi inkişaf planları hazırlanaraq həyata keçiriləcək. Sosial reabilitasiya prosesi həmin şəxslər öz mənşə ailələrinə verildikdən sonra da davam etdiriləcək.

 

Qeyd edilən xidmətlər digər aidiyyəti orqanlarla qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirilir.

 

Xatırladaq ki, 2018-ci ilin avqust ayından etibarən İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyası mərhələli şəkildə həyata keçirilir. Həmin vaxtdan da repatriasiya edilmiş hər bir vətəndaşla bağlı Agentliyin mütəxəssisləri tərəfindən sosial re-inteqrasiya və reabilitasiya məqsədli proqram tərtib edilib.

 

Psixoloji konsultasiyalara, maarifləndirici tədbirlərə, asudə vaxtlarının mənalı keçmələri üçün müxtəlif dərnəklərə cəlb edilmələri də daxil olmaqla onlarla sosial işlər hazırda da davam etdirilir.



Xəbəri paylaş

229 dəfə oxunub.

Digər xəbərlər