Saytımızı qiymətləndirin


 
 

“1918-ci ilin Mart soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biridir”
Tarix: 30-03-2022 | Saat: 18:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

 “1918-ci ilin Mart soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biridir”

“Faktlara əsaslanan tarix heç zaman saxtakarlığı qəbul etmir, eyni zamanda, heç nəyi də silmir. Baxmayaraq ki, ermənilər havadarlarının dəstəyi ilə zaman-zaman azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirib saxta tarix yazmaqla beynəlxalq aləmdə özlərini “yazıq, məzlum, döyülən və əzilən xalq” kimi bir çox məqamlarda tanıtmağa nail olsalar da, amma bir reallığı unudublar ki, belə saxta tarixlə yalnız müəyyən zaman çərçivəsində yalanlarını həqiqət kimi qəbul etdirə bilərlər. Halbuki, fakt tələb olunanda ermənilərin acizlikləri diqqətdən kənarda qalmır. Necə ki, qardaş Türkiyəyə qarşı əsassız “erməni soyqırımı” iddiasını irəli sürərək bunu havadarlarının dəstəyi ilə bir çox dövlətlərə  qəbul etdiriblər. Lakin Türkiyə rəsmiləri bu məsələ ilə bağlı arxivlərin açılmasını və tarixçilərdən ibarət erməni-türk komissiyasının yaradılmasını tələb edəndə işğalçı Ermənistanın rəhbərliyi bu məsələ ilə tarixçilərin deyil, siyasətçilərin məşğul olduğunu bildirərək nə qədər aciz duruma düşdüklərini, siyasi savadsızlıqlarını təsdiqləyiblər. Bu baxımdan deyə bilərik ki, araşdırmaların nəticəsi olan hər bir tarixi  fakt 1918-ci ilin mart - aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin azərbaycanlılara və türklərə qarşı həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının nə qədər geniş olduğuna işıq salır”.
Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə bu reallığı da diqqətə çatdırıb ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir: “Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini beynəlxalq aləmə çatdırmaq və milli yaddaşımıza əbədi həkk etdirmək məqsədi ilə 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Həmin sənəd əsasında martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Fərmanda da qeyd edildiyi kimi, Azərbaycanın  XIX-XX  əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbt edilməsi ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdikləri soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci ilin Mart  soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı ümummilli lider Heydər Əliyev 30 mart 1999-cu ildə Tədbirlər planı təsdiq etmişdir. Son 18 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin tariximizin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi, həmçinin erməni vəhşiliklərinin faktların dili ilə beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində atdığı addımlar da göz önündədir. Belə ki, ölkə Prezidentinin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, dövlət başçısının “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamı ermənilərin törətdikləri faciələrin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan mühüm addımlardandır. Hər iki sənəd  Azərbaycanın zəngin tarixinin öyrənilməsində və təbliğində böyük rola malikdir.” 
 “Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır” söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib: “Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaradıb. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır. Qeyd etdiyimiz kimi, ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında”  Fərmanında həmin dəhşətli hadisələrə  dolğun siyasi qiymət verilib.”



Xəbəri paylaş

1233 dəfə oxunub.

Digər xəbərlər