Saytımızı qiymətləndirin


 
 

Rusiya MN riyakarlığı: Bakıya çatanda dünya “birləşir”
Tarix: 28-03-2022 | Saat: 12:37
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycana, daha doğrusu Azərbaycanın ərazi bütövlüyünə münasibətdə anormallıq davam edir: nədənsə bir-birini Yapon dənizindən Baltikə, Liviyadan Kosovaya və nəhayət Ukraynada al-qana qərq edən tərəflər Azərbaycana gələndə “eyni mövqedən” çıxış edəsi olurlar.

Rusiya dövlət təhlükəsizliyinə görə Ukraynaya soxulub, bu ölkəni nüvə xaric bütün silahları ilə rəsmən şumlayır. Tələb etdiyi odur ki, Ukrayna Rusiyanın təhlükəsizliyinə təhdid yaradır, bu ölkədə “millətçilər” məhv olmalı, ölkə silahsızlaşmalıdır.

Yaxşı, bəs Azərbaycanın Rusiyanın da, BMT-nin də, ATƏT-in, AŞ-ın, İƏT-in... – yəni bütün beynəlxalq təşkilatların tanıdığı ərazisində Azərbaycan qanunlarından kənar, bir qrup silahlı-terrorçu var, onlar rus sülhməramlıların dalında gizlənərək və yaxud rus sülhməramlılarının xüsusi himayəsində Azərbaycanın ərazi bütövlüyünə, təhlükəsizliyinə, suverenliyinə faktiki olaraq qəsd etməklə məşğuldur. Guya “öz təhlükəsizliyi üçün” başqa ölkənin ərazisinə soxulub, orda guya “millətçiləri” məhv etməklə, silahsızlaşdırma ilə, hərbi obyektləri darmadağın etməklə məşğul olan Rusiya Müdafiə Nazirliyi hansı üzlə, hansı hüquqla, hansı əxlaqla Azərbaycanın öz ərazisindəki terrorçuları bəsləyir, bu terrorçuların Azərbaycana məxsus torpaqlarda səngər qazıb, Azərbaycan əsgərinə güllə atmasına rəvac verir?

Bu məntiqlə Azərbaycan Ordusu nəinki öz sərhədləri daxilində təhlükəsizliyi təmin etməlidir, hətta sülhdən yayınan, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini şübhə altına qoyan erməni millətçilərini cəzalandırmaq və Gəncə, Bərdə, Tərtərin simasında dinc əhalini ağır silahlarla vuran, gecə insanların yatdığı vaxt dinc şəhərə baqsın edən terrorçu dövləti silahsızlaşdırma, nasistlərdən təmizləmək üçün Ermənistana girmək hüququ var! Həm də ona görə ki, Ermənistan rəsmiləri faktiki olaraq “Qarabağın Azərbaycanın ərazi bütövlüyünə aidiyyəti yoxdur” deməklə dövlətimizin suverenliyinə qəsd edir!

Rusiya öz təhlükəsizliyinə görə bu qədər “qayğılanırsa”, hansı əxlaqla Azərbaycanın öz ərazisində terrora, qanunsuz silahlı birləşmələrə qarşı addımlarının qarşısına keçir?

Rusiya 10 noyabr 2020-ci il bəyanatı ilə üzərinə götürdüyü erməni silahlıların Azərbaycan ərazisindən çıxarılması barədə öhdəliyi yerinə yetirmək bir yana dursun, “dağlıq qarabağ respublikası” ifadəsini necə işlədə bilir?

Rusiya Müdafiə Nazirliyi məgər bilmirmi ki, 22 fevral 2022-ci il tarixli Moskva Bəyannaməsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi birinci maddədir! Qarabağdakı rayon adlarını necə qanunsuzcasına hələ də ermənicə yazmaq olar? Rusiya MN hansı əxlaqla “martuni”, “mardakert”, “əsgəran”, “stepanakert” sözlərindən istifadə edir? Azərbaycan qanunlarını niyə saymır? Axı, “müttəfiqik”?

Ermənistanla da müttəfiqdir, anlayırıq və Ermənistanın qanunlarına, suverenliyinə hörmət etməlidir. Ancaq Qarabağın Ermənistan qanunlarına, suverenliyinə nə aidiyyəti var?

Müttəfiq ölkənin Müdafiə Nazirliyi ən azı iki gündür Rusiya MN-dən “Furux” deyil, Fərrux (Farrux) yazılmasını, yer adlarını erməniləşdirməkdən əl çəkilməsini tələb edir, ancaq Rusiya MN-in tükü tərpənmir, ardıcıl açıqlamalarında yenə ermənipərəstliyini davam etdirir.

Nə qədər qəribə də olsa, hər şeydə Rusiya ilə qarşı-qarşıya gələn Qərb yalnız erməni məsələsində ruslarla “birləşir”: Ukraynanın, Gürcüstanın ərazi bütövlüyünü, ərazilərində yaranmış separatçı qurumlara qarşı hərbi-siyasi mübarizəsini dəstəkləyən və bunun üçün bütün resurslarını səfərbər edən Qərb Azərbaycanın BMT səviyyəsində tanınan ərazisində öz ordusunun dislokasiya yerini müəyyənləşdirməsi, lap elə irəli getməsini, bir kənddəki erməni qanunsuz yaraqlılarının möhkəmlənməsinin qarşısını almaq üçün heç bir gücdən istifadə etmədən, sadəcə, hərəkətinə qarşı dərhal çağırışlara başlayır, “Azərbaycan Ordusunun mövqelərinə qayıtmasına” təkid edirlər.

Azərbaycan Ordusunun mövqeləri bütün Azərbaycan ərazisidir və harada, necə hərəkət etmək lazım olduğunu özü müəyyən edir! Bu haqq, hüququ Azərbaycana bütün beynəlxalq qanunlar verir!

Əslində, Rusiya ilə Ukraynada savaşan NATO, kollektiv Qərb Rusiyanın “diqqət yayındırmasından” yana da olmalıdır – məntiqlə. Bu hesabla Azərbaycanın Qarabağdakı rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasını öz nəzarətinə götürməsini dəstəkləməlidir və Rusiyanın daha bir ölkənin ərazi bütövlüyü ilə bağlı “qəsdindən” bəhrələnməli, hələ lazım gəlsə, təbliğat aparmalıdır. Türkiyə regiondadırsa, demək, NATO da dolayısı ilə regiondadır. Necə olur ki, Ukraynaya girmək üçün savaşan NATO “cənub sərhədlərində” Rusiyanın hərbi baza saxladığı, KTMT üzvü olan Ermənistanı dəstəkləyir, ermənilərin işğalçılıq siyasətinə qol-qanad verir? Ölkələrin ərazi bütövlüyü prinsipini önə çəkən ABŞ, Fransa, Almaniya və yaxud BMT, AB yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyünə qəsdə göz yummur, işğalçıya yardım edir?

ABŞ və yaxud Qərbin Donbasın və yaxud Abxaziya və Cənubi Osetiyanın separatçılarına maliyyə yardımı ayırdığını görən olubmu? Donbasda 4 milyondan çox rus yaşayırdı, necə olur, o qədər əhaliyə bir sent verilmir, ancaq Qarabağdakı 27 min erməni üçün hər il ABŞ-dan yardım ayrılır?

Donbasa və digər separatçı qurumlara Rusiya dəstək verir, ona görəmi?

Bəs, Qarabağdakı bir ovuc erməniyə kim dəstək verir, onları kim ayaqda saxlayır?..

 



Xəbəri paylaş

254 dəfə oxunub.

Digər xəbərlər
1-02-2023, 13:30 Sabahın hava proqnozu