Tarix: 20-03-2022 | Saat: 15:54
Bölmə:Karusel / Region | çapa göndər
Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün 25-ci günündə işğalçılar Kiyevə yeni hücuma başlamaq üçün atəş vasitələrini cəmləşdirir və logistika qurur. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahının ötən gecə yaydığı məlumatda deyilir.
Məlumatda bildirilir ki, Ukrayna qüvvələri Şərq, Cənub-Şərq və Şimal-Şərq cəbhəsində döyüşlər aparır. Düşmənin cəmləşmə rayonlarına hava zərbələri endirilir.
Rusiya ordusu canlı qüvvə və texnika sarıdan ağır itkilər versə də Kiyevi ağır şərtlərlə atəşkəsə məcbur etmək üçün yeni hücum dalğası planlaşdırır.
Ukrayna prezidenti Volodimir Zelenski ötən gecə Rusiya xalqına müraciət edib və bildirib ki, bu günə qədər Ukrayna torpaqlarında 14 mindən çox rus əsgəri ölüb. Rusiyada isə bu itkilərə məhəl qoyan yoxdur. Üstəlik meyitləri də yığışdırmırlar.
“Bizim ön xətdə, xüsusən ağır döyüşlərin getdiyi yerlərdə hər tərəfə Rusiya əsgərlərinin meyitləri səpələnib. Və bu meyitləri heç kim yığışdırmır. Əvəzində hücuma yeni hissələri irəli qovurlar. Rusiya komandanlığı bacardıqca hansısa ehtiyat qüvvələri səfərbər etməyə çalışır”, - Zelenski bildirib.
Ukrayna prezidenti bu itkilərin Rusiyada yox sayılmasından təəcübləndiyini deyib: “Biz gözəl başa düşürük ki, Rusiyanın insan resursları dibsizdir və kifayət qədər çox raketləri, texnikası, aviabombası var. Lakin mən Rusiya vətəndaşlarından soruşmaq istəyirəm: bu illər ərzində sizə nə ediblər ki, indi itkilərinizi görmək istəmirsiniz? Doğrudanmı sizlər üçün artıq oğul, ana, ata sözlərinin heç bir mənası qalmayıb. Sizin artıq 14 mindən çox əsgəriniz öldürülüb. Bu, 14 min ata, onların anaları, uşaqları, qohumları, dostları deməkdir, siz bunları da görmürsünüz? Müharibə isə davam etdikcə qurbanlar daha da artıq olacaq, bu sizin bizə qarşı müharibənizdir - Rusiyanın Ukraynaya qarşı bizim torpaqlarımızda apardığı müharibəsidir”, - Ukrayna prezidenti bildirib.(yenisabah)
Digər xəbərlər