Tarix: 19-03-2022 | Saat: 21:21
Bölmə:Karusel / Gündəm | çapa göndər
Hazırda Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin ailəsinin Ukraynadan evakuasiya edilməsi üçün tədbirlər görülür.
Qarabaginfo.az xəbər verir ki, Milli Qəhrəmanın ailə üzvləri ümidlə hərbi əməliyyatların başa çatmasını gözləyirdilər, lakin martın 17-də onların evinə mərmi düşdükdən sonra evakuasiya üçün müraciət etmək qərarına gəliblər.
Azərbaycan diasporundan bildiriblər ki, hazırda Milli Məclisin Ukrayna ilə əlaqələr üzrə parlamentlərarası qrupunun rəhbəri Rüfət Quliyev, "Kiyev Azərbaycanlıları Konqresi" təşkilatının rəhbəri Oleq Krapivin və Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov qəhrəmanın ailəsinin evakuasiya məsələsilə məşğuldurlar.
Deputat Quliyevin sözlərinə görə, səfir qəhrəmanın ailə üzvlərini Moldovada şəxsən qarşılayacaq və Azərbaycana yola salacaq.
Bakıda qəhrəmanın yaxınları onlara Milli Qəhrəmanın ailə üzvləri kimi mənzil və digər imtyazlar verilənə qədər müvəqqəti olaraq Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının həmtəsisçisi Cəmilə Abdullayevanın evində qalacaqlar.
Viktor Seryogin Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olub.
1992-ci il yanvarın 28-də onun idarə etdiyi və bortunda 47 sərnişinin olduğu Mi-8 mülki vertolyotu erməni mövqelərindən atılan "Stinger" istilik raketilə vurulub. Havada partlayış və salonda yanğın baş verdikdən sonra Seryogin düşməkdə olan təyyarəni Şuşa şəhərinin yaşayış məhəllələrindən uzaqlaşdıra bilib. Seryogin ekipaj və sərnişinlərlə birlikdə həlak olub. O, Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.
1992-ci ilin noyabrında ona ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanın adı verilib.
Digər xəbərlər