19 mart 2022-ci il tarixində Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Heydər Əliyev adına istirahət parkında  Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib.

Qarabaginfo.az xəbər verir ki, bayram şənliyində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, RİH başçısının müavinləri və Aparatın əməkdaşları, Millət vəkili Soltan Məmmədov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Xəzər İnkişaf Fondunun rəhbəri Elmar Mədətov, Xəzər rayonunun Hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəsissə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə Xalqımızın qədim ənənələrini, dəyərlərini, mətbəxini, məişətini əks etdirən pavilyonlarla, həmçinin Xəzər rayonu ərazisində fəaliyyət göstərən məktəbəqədər və orta ümumtəhsil müəssisələrindən gələn özfəaliyyət dərnəklərinin, rəqs və mahnı qruplarının folklor nümunələri və rayonda fəaliyyət göstərən idman məktəblərinin nümunəvi idman çıxışları ilə tanış olublar.

Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov ilk öncə şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edərək, şəhid ailələrini, torpaqlarımızın keşiyində dayanan əsgər və zabitləri, rayon ictimayyətini Novruz bayramı münasibətilə təbrik edib, Prezident İlham Əliyevin Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdıraraq Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun doğma torpaqlarımızı işğaldan azad etdiyini və  həmin ərazilərdə böyük çoşqu ilə Novruz bayramını qeyd etdiyini vurğulayıb.

Daha sonra Millət vəkili Soltan Məmmədov və Vətən Müharibəsi Qəhrəmanı Elçin Mansurovun anası Məleykə xanım Məcidova çıxışlarında ölkə rəhbərliyi səviyyəsində milli-mənəvi dəyərlərə göstərilən dövlət qayğısını xüsusi vurğulayıb, xalqımıza firavanlıq, ölkəmizə sülh və əmin-amanlıq arzulayıblar.

Tədbirin ikinci hissəsi rayon rəhbərliyinin və qonaqların iştirakı ilə Novruz atributları ilə bəzədilən Heydər Əliyev adına istirahət parkında möhtəşəm konsert proqramı ilə davam etdirilib.

Sonda Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov şəhid ailələri və qazilərlə çay süfrəsi arxasında görüşərək, onların problemləri ilə maraqlanıb.