Saytımızı qiymətləndirin


 
 

Bayramlar niyə əvvəlki təmtəraqla qeyd olunmur? - “İnsanlarda neqativlik artıb“
Tarix: 15-03-2022 | Saat: 23:23
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bayramlar niyə əvvəlki təmtəraqla qeyd olunmur? - “İnsanlarda neqativlik artıb“

Bu gün ilaxır çərşənbə qeyd olunur. Artıq Novruz bayramına sayılı günlər qalıb.

Novruz milli adət-ənənələrimizi özündə əks etdirən əziz bayramlardan biridir. Bu bayram varlıya, kasıba baxmır. Hər kəs süfrə açmağa çalışır. Əksəriyyət süfrə açıb bu bayramı qeyd etsə də, son vaxtlar əvvəlki canfəşanlıq hiss olunmur. Bunu insanların bir-birinə qarşı soyuq münasibəti ilə əlaqələndirirlər. 

Hətta papaq atan uşaqlar belə əliboş geri dönürlər. İnsanlar qulaq falına çıxmağa çəkinir ki, ev yiyəsi onun evini niyə dinlədiyini soruşur. 

Maraqlıdır, adət-ənənələrimiz niyə sıradan çıxıb? İnsanlar niyə soyuqlaşıblar?

Qarabaginfo.az bildirir ki, tanınmış şair, ədəbiyyatşunas, professor Vüqar Əhməd Yenisabah.az-a açıqlamasında indiki laqeydliyi karantinlə əlaqələndirib:

“insanlar arasındakı soyuqluğu karantinlə əlaqələndirirəm. Buna baxmayaraq, yenə də şirniyyatlar bişirilir, tonqal qalanır, qapıya papaq atılır, milli adət-ənənələrimiz davam edir. Düzdür, bəzi gənclər müasirləşib, adət-ənənələrdən uzaq qalıblar. Amma bizim evdə, nəsldə, tayfada bu ənənə hələ də davam edir”.

V.Əhməd qeyd edib ki, bölgələrdə adət-ənənələrimizə daha çox əməl olunur:

“Uşaq olanda yadımdadır ki, qızlar qulaq falına çıxardılar. Adət-ənənə bizim milli-mənəvi dəyərlərimizdir. Bunu qoruyub-saxlamalı, gələcək nəsillərə ötürməliyik. Bunlar milli kimliyimizə daxil olan etnoqrafik qalıqlardır”.

Xalq artist Naibə Allahverdiyeva isə insanların kasıbçılığı bəhanə gətirdiyini söyləyib:

“Tək Novruz bayramında deyil, ümumiyyətlə sanki dünyanın duruşu dəyişib. İnsanlar bir-birilərinə qarşı soyuq davranırlar. Əvvəllər biz uşaq olanda sevinərdik. İndi bayramın dadı-duzu, dəyəri, qədir-qiyməti qalmayıb.

Yoxsulluğu bəhanə gətirirlər. O vaxt da kasıbçılıq idi. Qədimdə evində yeməyə çörək tapmayanlar da Novruz bayramına pul yığırdılar ki, süfrələrini bəzəsinlər, qapıya papaq atılanda uşaqları əliboş qaytarmasınlar”.

Xalq artisti insanların dəyişdiyini qeyd edib:

“İnsanlar dəyişib. Açığı, bugünkü gün mənim də xatirimdən çıxmışdı. Çünki əvvəlki ab-hava yoxdur. Əvvələr bir yerə yığışardılar. İndi isə demək olar ki, yox. Hərə öz evinə çəkilib. Müharibə, pandemiya buna daha çox təsir etdi. Sosial şəbəkələr hər şeyi ucuzlaşdırdı.

İnsanlarda neqativlik artıb. Pis örnəyi özlərinə daha tez cəlb edirlər. Allah bizi müharibələrdən uzaq etsin. Sülh olarsa, o dünyada yaşamaq daha gözəl olar. Allahdan təmtəraqlı süfrə yox, sülh arzulayıram”.



Xəbəri paylaş

1284 dəfə oxunub.

Digər xəbərlər