Saytımızı qiymətləndirin


 
 

Rəşad Mahmudov: Türkiyə ilə Azərbaycan dünyaya örnək dostluq və əməkdaşlıq nümunəsi göstərir
Tarix: 13-03-2022 | Saat: 20:06
Bölmə:Karusel / Siyasət | çapa göndər

Rəşad Mahmudov, Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini

“Azərbaycan – Türkiyə münasibətləri dünya ölkələri ilə müqayisədə uğur modeli sayıla bilər. Mübaliğədən uzaq, beynəlxalq aləmdə bu qədər doğma, səmimi ölkələrarası münasibətlərin sağlam müstəvidə davam etdirən ikinci bir nümunə yoxdur”.

Qarabaginfo.az bildirir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Rəşad Mahmudov bildirib ki, dostluq, qardaşlıq əlaqələri əməkdaşlığın bütün sahələrində inkişafın qarantına çevrilib: “Şübhəsiz ki, hər iki dövlətin yüksək səviyyəli idarəçilik prinsiplərinə malik, təqdir olunan xarizmatik liderlərinin qəbul etdiyi çevik və düzgün qərarlar mövcud vəziyyətin arzuolunan səviyyəyə gətirib çıxarıb.

Hazırda iki dövlət arasında yüksək templi müttəfiqlik münasibətlərinin təmin edilməsi və bunun daha da möhkəmləndirilməsi dövlət başçılarının uğurlu siyasi kursunun məntiqi nəticəsidir”.

Deputat bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin Prezident Rəcəb Tayyib Ərdoğanla mütəmadi səmərəli görüşləri, davamlı səfərlər bunun bariz nümunəsidir:

“Bir neçə gün öncə liderlər arasında reallaşan səmimi görüş də fikrimizin təsdiqidir.

Görüş əsnasında liderlər arasında bir sıra məsələlərin müzakirəsi ilə yanaşı, Şuşa Bəyannaməsinin imzalanması, eləcə də bu sənədin iki ölkə parlamentində təsdiqlənməsi baxımından Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin yüksələn xəttlə inkişaf etdiyi vurğulandı. Bundan başqa, Zəngəzur dəhlizinin açılmasının, onun region üçün əhəmiyyətinin, bu aspektdə Qars-Naxçıvan dəmir yolu çəkilməsinin önəmi diqqətə çatdırıldı.

Eyni zamanda, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda qeyd olunan müddəaların Ermənistan tərəfindən yerinə yetirilməsinin vacibliyi də bildirildi.

Liderlərin görüşündə Azərbaycan və Türkiyə arasında enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunularaq, Cənub Qaz Dəhlizinin uğurlu fəaliyyətindən bəhs olundu, iqtisadi-ticarət əlaqələrinin də daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıldı. Prezidentlərin görüşündə, Ukraynadakı hazırkı vəziyyət də müzakirə mövzusu oldu”.

Deputat onu da vurğulayıb ki, iki qardaş ölkənin bu görüşü, həm də Vətən müharibəsindən ötən dövrdə Azərbaycan-Türkiyə əməkdaşlığında əldə edilən uğurların belə demək mümkünsə, hesabatı kimi diqqət çəkdi:

“Yeri gəlmişkən, hər iki dövlətin bir-birinə olan səmimi münasibəti, sıx bağlılığı İkinci Qarabağ savaşının getdiyi 44 gün ərzində daha qabarıq nəzərə çarpdı. Döyüş başlanan günün ilk saatlarından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Azərbaycana birmənalı siyasi, mənəvi dəstəyini ifadə etdi. Bununla da Türkiyə Azərbaycanın ədalət mübarizəsində çirkli siyasi kompaniya halında fəaliyyət göstərən müəyyən dairələrin məkrli niyyətlərini pozdu.

Qardaş Türkiyə postmünaqişə dövründə isə Qarabağın bərpası prosesində daha yaxından iştirak edir. Zəngəzur dəhlizi layihəsinin reallaşmasında, avtomobil yollarının çəkilməsində, digər infrastruktur obyektlərinin tikilməsində, habelə tarixi abidələrimizin bərpasında səmərəli fəaliyyət göstərir.

Deputat sonda bildirib ki, Türkiyə dünyada bizə ən doğma ölkədir. Qardaş dövlət diplomatik savaşda hər zaman Azərbaycanın yanında dayanır, yüksək tribunalarda ölkəmizin haqlı mübarizəsini, ədalətli mövqeyini dəstəkləyir və bu istiqamətdə ölkəmiz üçün səmərəli işlər görür. Bax, elə buna görə də Prezident İlham Əliyev demişkən, Azərbaycan xalqı Türkiyə ilə qardaşlığın xoşbəxtliyini yaşayır”.



Xəbəri paylaş

1213 dəfə oxunub.

Digər xəbərlər