Tarix: 11-03-2022 | Saat: 16:06
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbər verildiyi kimi ötən həftədən Kür çayında suyun səviyyəsi sürətlə aşağı düşməyə başlayıb. Çayın Salyan, Neftçala, ərazisindən keçən hissəsində vəziyyət kritik hal alıb, içməli suyun verilməsində, əkin sahələrinin suvarılmasında çətinliklər yaranıb.
Fermerlər bildiriblər ki, hazırda taxıl, yonca sahələrinin suvarılan vaxtıdır. Yaxın 5-10 günə əkin dövrü başlayır. Suvarılma problemi tezliklə həll edilməzsə, məhsuldarlıq kəskin azalacaq.
İlk dəfədir belə vəziyyətlə rastlaşırlar. Adətən qış aylarında çayda sululuq dövrü olurdu. İndi Kürdə su o qədər azalıb ki, nasoslar işə yaramır.
Bələdiyyə sədri: “Yaşlı sakinlər belə xatırlamır...”
Çuxanlı kənd bələdiyyəsinin sədri Zaur Vahidov bildirib ki, dünəndən çayda suyun səviyyəsinin nisbətən artdığı müşahidə edilir: “Yaşlı sakinlər belə Kürdə suyun səviyyəsinin bu qədər azaldığını xatırlamırlar. Hazırda yağış yağmır, amma su nisbətən artıb”. Z.Vahabov ümidini aprelə bağlayıb. Ümid edir ki, apreldə güclü yağışlar yağarsa, çayda suyun səviyyəsi arta bilər.
Amma yaz yağışlarının Kürdə suyun artmasına təsiri uzunmüddətli ola bilməz, çünki yaz yağışlarının ardınca yay quraqlığı başlayır, çaylarda gursululuğa təsir edən başlıca amil isə qış aylarında qar şəklində yağan yağıntılar və yaranan buzlaqlardır. Hansı ki, bu buzlaqlar və qalın qar örtüyü dağlarda tədricən əridikcə çayların da suyunun artmasına səbəb olur, leysan yağışlar isə bir neçə günlük effekt verə bilər.
Kənd sakini: “Hazırda vəziyyət fəlakət həddinə çatıb...”
Salyanın Aşağı Noxudlu kəndindən isə deyiblər ki, Kürün kənddən keçən hissəsi tamamilə quruyub. “Son 2-3 ildir çayda suyun səviyyəsi azalmışdı, ancaq vəziyyət indiki kimi vahiməli hal almamışdı. Hazırda vəziyyət fəlakət həddə çatıb”, - sakinlər bildiriblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva virtualaz.org-a bildirib ki, ötən ay son 70 ildə ən isti fevral ayı olub və çox az yağıntı qeydə alınıb. Respublikanın dağətəyi rayonlarında, - haradakı qışda qar yağmalıdır, qar ehtiyatları toplanmalıdır və bu ehtiyat sonradan çayları qidalandırır, - həmin ərazilərdə yağıntılar normanın cəmi 11 faizi həcmində olub. Bu isə çox ciddi siqnaldır, ekoloji problemin getdikcə dərinləşməsindən xəbər verir. U.Tağıyeva deyib ki, dəqiq araşdırmalar aparmaq üçün bölgələrə ekspedisiyalar göndərilib.
Xidmət rəisi əlavə edib ki, ötən ay yağıntı Qazax-Gəncə zonasında aylıq normanın 2-12, Şəkidə 8, Balakən 10, Oğuzda 19, Mingəçevirdə 4, Tərtərdə 6, Zərdabda 15, Salyanda 25 faiz olub. Digər rayonlarda yarım aylıq normadan da az yağıntı qeydə alınıb. Şaxtalı, qarlı günlərin azalması isə qar ehtiyatlarının toplanmasına mənfi təsir edir, nəticədə çaylarda sululuq da azalır.
Kür çayı ilə Azərbaycana daxil olan su 27 faiz az olub
Yaranmış problem Azərbaycanda, eləcə də bütün regionda yağıntıların son illər azalması ilə bağlıdır. Ancaq yağıntıların az olması ilə yanaşı keçən illə müqayisədə ölkəyə Kür çayı ilə daxil olan suyun həcmi 177m3/san, yəni normadan 27 faiz az olub. Son 10 ildə isə bu göstərici 31 faiz azalıb, Kür çayının Surra məntəqəsindən keçən hissəsində isə 53 faiz sululuq azalıb.
U.Tağıyeva deyib ki, yaranan su qıtlığı ilk öncə təbii proseslərlə bağlıdır. Lakin dəyişən iqlim şəraiti quraqlığı artırmaqla suya olan tələbatın çoxalmasına gətirir.
“Deməli, su resurslarımıza təzyiq daim artmaqdadır. Bu səbəbdən sudan rasional istifadə təmin edilməlidir. Müvafiq qurtumların hər hansı tədbirin görülməsinin effektivliyini təmin etmək üçün yerlərdə sudan səmərəli, qənaətlə, az itkili istifadə etməklə prosesə dəstək verilməlidir”, - xidmət rəisi deyib.
Müsahibimizin sözlərinə görə, Dövlət Su Komissiyası tərəfindən həyata keçirilən əlaqələndirmə və nəzarət tədbirləri nəticəsində keçən illə müqayisədə Mingəçevir su anbarında yığılan suyun həcmi təxminən 1 milyard çoxdur. Artıq son iki gündə anbardan çıxan suyun miqdarının 100 m3/san-dək artırmaqla aşağı axınında vəziyyətin tədricən bu gündən başlayaraq yaxşılaşması müşahidə olunur. Lakin vegetasiya dövründə götürülən suyun miqdarı həddən artıq çoxalarsa, problem təkrarlana bilər. Buna görə də yalnız sudan həddən artıq qənaətlə istifadə, müvafiq qurumların gördükləri tədbirlərin effektivliyini təmin edə bilər.
Çayın yuxarısında oturub aşağısını düşünməyənlər...
“Bizim əsas məqsədimiz potensial riskləri qiymətləndirmək, sudan istifadəni yeni reallığa uyğunlaşdırmaq vacibdir. Qoy hec kimdə belə fikir yaranmasın ki, çaydan suyu götürüb torpaq kanalı ilə öz ərazimə axıdacağam, həmişə sahəmdə suyum olacaq və Kürün aşağı axanında nə baş verəcəksə, mənə aid olmayacaq. Belə təfəkkürlə biz yalnız iqlimlə bağlı problemi daha da dərinləşdirmiş olacağıq”, - U.Tağıyeva bildirib.
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti isə Kürün suyunun kəskin azalması nəticəsində xüsusən Neftçalada içməli su probleminin olmayacağına əmin edir. ASC-nin yaydığı məlumatda deyilir ki, Neftçala rayonundakı yaşayış məntəqələrinin içməli su təchizatında yaranan problemin həlli məqsədilə təxirəsalınmaz tədbirlər görür. Prezident İlham Əliyevin xüsusi tapşırıqlarına uyğun olaraq 2020-ci ilin iyun ayında Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 40 km uzunluğunda magistral kəmərin və Salyan şəhəri yaxınlığında həcmi 7500 kubmetr olan su anbarının tikintisinə başlanılıb. Magistral kəmərin tikintisi qısa müddətdə yekunlaşıb və 2020-ci ilin noyabr ayından etibarən Neftçala şəhərinə suyun verilməsi təmin edilib.
Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə çəkilmiş magistral xəttin istismara verilməsi rayon mərkəzi ilə yanaşı, kəndlərin içməli su təchizatı üçün də imkanlar yaradıb. Ötən dövrdə magistral kəmərin marşrutu boyu və Neftçala şəhərinin yaxınlığında yerləşən 11 kənddəki modul qurğulara suyun verilməsi təmin edilib.
Neftçalanın kənd və qəsəbələrinə suyu maşınlarla daşıyırlar
Neftçala rayonunun 42 kənd və qəsəbəsində əhalinin içməli su ilə təminatı məqsədilə modul tipli sutəmizləyici qurğular quraşdırılıb. Kür çayında və suvarma kanallarında yaranan su problemi ilə əlaqədar modul qurğuların fəaliyyətində fasilələr yaranır və əhalinin içməli suya olan tələbatı maşınlarla daşıma yolu ilə ödənilir. Hazırda rayonun 20-dək kəndindəki modul tipli təmizləyici qurğulara sudaşıyan maşınlarla suyun daşınması həyata keçirilir. Bu məqsədlə 8 ədəd sudaşıyan maşınla mütəmadi olaraq modul qurğulara, kənd və qəsəbələrdə quraşdırılmış səyyar çənlərə suyun daşınması təmin edilir. Artan tələbatın ödənilməsi məqsədilə əlavə maşınların cəlb olunması üçün işlər görülür. Daşıma yolu ilə suyun çatdırılmasında operativliyi və səmərəliliyi artırmaq məqsədilə həmin kəndlərə mümkün qədər yaxın ərazidə 3 ədəd su dayağı quraşdırılıb.
Neftçala rayonunun digər kənd və qəsəbələrinin dayanıqlı içməli su ilə təmin edilməsi məqsədilə növbəti mərhələdə Şirvan-Muğan qrup su kəmərindən rayon ərazisinə ikinci magistral su kəmərinin, eləcə də magistraldan kənd və qəsəbələrə daşıyıcı xətlərin inşası layihələndirilib.
Ekoloqlar isə deyirlər ki, iqlim dəyişiklikləri və vaxtında tədbir görülməməsi fəlakətin başlanğıcını qoyub. Dəli Kür tarixə qovuşmaq üzrədir, indi əsas diqqət çayın tamamilə qurumasının qarşısını almağa yönəldilməlidir.(virtualaz.org)
Digər xəbərlər