Saytımızı qiymətləndirin


 
 

Deputat: “Azərbaycan və Türkiyənin yeni dünya düzənində oynayacağı rol koordinasiya edilir”
Tarix: 10-03-2022 | Saat: 23:18
Bölmə:Karusel / Siyasət | çapa göndər

Hikmət Babaoğlu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini

“Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Türkiyəyə səfəri dünyada və regionumuzda baş verən mürəkkəb geostrateji proseslər kontekstində baş tutdu”.

Qarabaginfo.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib.

H. Babaoğlu deyib ki, Azərbaycan Prezidentinin Türkiyəyə səfəri və iki ölkənin dövlət başçılarının görüşü beynəlxalq medianın da diqqət mərkəzində idi. Bu isə təsadüfi deyil: “Bu səfərə beynəlxalq aləmdə xüsusi diqqət dünyada yenidən formalaşmaqda olan yeni geostrateji arxitekturada Türkiyə və Azərbaycanın yerini və rolunu göstərir. Bu gün Yaxın Şərq və postsovet məkanında hibrid və vəkalət müharibələrinin alovlandığı bir vaxta Türkiyə və Azərbaycanın sülh və əmin-amanlıq içərisində olması hər şeydən öncə Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın müstəsna liderlik keyfiyyətləri ilə bağlıdır. Azərbaycan və Türkiyə prezidentləri mühüm strateji qərarları ilə 21-ci əsrin ən yeni Türk tarixinə öz möhürlərini vurmuş liderlərdir. Məhz bu kritik qərarlar bu gün Cənubi Qafqaz kimi mürəkkəb regionda sülhün və əməkdaşlığın inkişafı üçün yeni şərtlər formalaşdırıb. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri və bu səfər çərçivəsində iki ölkənin qarşılıqlı maraqları çərçivəsində bütün məsələlərin müzakirə edilməsi hər iki ölkənin təhlükəsizliyi və gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan görüşün 4 saatdan çox davam etməsi də diqqət çəkir. Azərbaycan və Türkiyənin yeni dünya düzənində oynayacağı rol koordinasiya edilir. Yeni dünya nizamında iki qardaş ölkənin oynayacağı mümkün rolun koordinasiya edilməsi, çoxqütblü dünya nizamında strateji müttəfiq olaraq yerinin müəyyən edilməsi vacibdir. Hazırda dünyada baş verən mürəkkəb proseslər kontekstində milli dövlətlərin öz təhlükəsizliyini təmin etməsi olduqca çətin bir vəzifəyə çevrilib. Hətta etnik və demoqrafik baxımdan olduqca yaxın olan xalqların belə biri digəri üçün təhlükə və təhdid kimi görülür. Ancaq Türk dünyasının tarix boyu yetişdirdiyi ən böyük liderlərdən olan İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın strateji qərarları, uzaqgörən addımları iki qardaş ölkənin təhlükəsizliyini təmin edir. Başqa sözlə, iki qardaş ölkə öz təhlükəsizliklərini təmin etmək üçün sinxron qərarlar qəbul edərək bu tarixi vəzifənin öhdəsindən layiqincə gəlirlər”.

Deputat dünyada və regionda baş verən proseslər fonunda Şuşa Bəyannaməsinin zamanında imzalanmış bir müttəfiqlik sənədi olduğunun aydın göründüyünü vurğulayıb: “Bu sənəd mümkün bütün təhdid və təhlükələrə qarşı iki qardaş ölkənin güclərini səfərbər edərək təhlükəsizliklərini qorumaq üçün mühüm hüquqi təminat yaradır. Şübhəsiz ki, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə vaxtında aldığı qərarlar bugünkü müttəfiqliyimizin iqtisadi və geostrateji əsaslarını təşkil edir. Əgər vaxtında Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Qars qaz kəmərləri, o cümlədən TANAP, TAP kimi mühüm strateji layihələr həyata keçirilməsəydi, milli gücümüzün iqtisadi komponentləri bu qədər zəngin olmazdı. Məhz bu layihələrin davamı olaraq Zəngəzur dəhlizinin açılması zəruri şərt kimi ortaya çıxır. Bu dəhlizin açılması bütün region ölkələrinin strateji maraqlarının dairəsinə düşüb. Bu da Azərbaycanın həyata keçirdiyi strateji diplomatiya sayəsində mümkün olub. Ona görə də əminliklə deyə bilərik ki, Ankarada keçirilən görüş Türkiyə Azərbaycan müttəfiqliyinin daha da dərinləşməsi və regionumuzda sülhün davamlı olması baxımından mühüm əhəmiyyət kəsb edəcək”.



Xəbəri paylaş

1266 dəfə oxunub.

Digər xəbərlər