Saytımızı qiymətləndirin


 
 

Paşinyan Parisə, Mirzoyan Brüsselə...
Tarix: 10-03-2022 | Saat: 14:34
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistanın baş naziri Nikol Paşinyanın Parisə səfərinin davam etdiyi bir vaxtda xarici işlər naziri Ararat Mirzoyanın da Brüsselə, NATO-nun mənzil qərargahına səfərə hazırlaşdığı məlum olub. virtualaz.org xəbər verir ki, bu haqda NEWS.ru saytı mənbəyə istinadən bildirir. Məlumata əsasən səfər martın 17-də baş tutacaq. Rusiyanın Cənubi Qafkazdakı “ən yaxın və təbii” müttəfiqinin xarici işlər nazirinin NATO mənzil-qərargahına səfərinin məqsədi haqda heç nə deyilmir, amma mühüm fakt budur ki, Mirzoyan NATO ilə Rusiyanın faktiki olaraq müharibə vəziyyətində olduğu bir vaxtda alyans rəhbərliyi ilə məsləhətləşmələrə yollanır. 

Hansı ki, bir gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Ukraynada apardığı və heç də Moskvanın planı üzrə getməyən müharibənin getdiyi bir vaxtda Parisə səfər edib. Paşinyan ötən gün Yelisey sarayında prezident Emmanuel Makron tərəfindən qəbul edilib, bu gün isə Parisdə “Ambisiyalar: Ermənistan-Fransa” adlı forum keçirilir. Həmin forumda Ermənistanın siyasi və iqtisadi istebleşmentinin nümayəndələri iştirak edirlər. Paşinyanın bu səfərinin Ukrayna bataqlığında ilişən və Qərbin dağıdıcı sanksiyaları ilə üzləşən Rusiyaya əslində arxadan zərbə olduğu haqda yazmışdıq. Erməni mediası bildirirdi ki, Kreml Ermənistan hakimiyyətinin yenidən Qərblə oyun oynamağa başladığını görür və bundan çox qəzəblidir. 

Politoloq Qrant Melik-Şahnazaryan hesab edir ki, Rusiya rəhbərliyi Paşinyanın Parisə səfərindən narazıdır. Onun ehtimalına görə, ola bilsin səfər indiki halda hansısa formada Moskva ilə razılaşdırılıb və ciddi əhəmiyyəti var. “Amma bu sadəcə olaraq mənim təxminim və ümidlərimdir”, - o əlavə edib.

Ola bilsin Paşinyanın Parisə səfəri adi vaxtlarda Moskvada daha az qıcıq yarada bilərdi, çünki Fransanın Ermənistanla ənənəvi yaxın münasibətlərini Rusiyada da nəzərə alırlar. Və əslində Ukrayna hadisələrinə qədər Rusiya prezidenti Vladimir Putin dəfələrlə Fransa prezidenti Emmanuel Makronla Qafqazın məsələlərini, o cümlədən Qarabağı müzakirə edib. Lakin indi Rusiya heç vaxt olmadığı kimi təklənib və çox güclü beynəlxalq təzyiqlər altındadır. 

Rusiyanın yanında indi Bəşər Əsəddən və Kim Çen Indan başqa az qala heç kim qalmayıb, hətta Nikolas Maduro da ABŞ-la danışıqlar aparır və sanksiyaların yumşaldılmasına dair sövdələşmə əldə etməyə yaxındır. Məqsəd Rusiya neftinin bazardakı payını Venesuela nefti ilə əvəz etməkdir. Bu baxımdan istənilən siyasi dəstək, o cümlədən beynəlxalq gündəmdə hansısa söz sahibi olmasa da Ermənistanın dəstəyi Rusiya üçün çox mühümdür. Paşinyan və onun komandası isə bu dəstəyi göstərmir, əksinə, Rusiyanın düşmənləri ilə təmasları sıxlaşdırır. Ermənistan belə görünür ki, Rusiyanı özünə etibarlı himayəçi və təhlükəsizliyin təminatçısı kimi görmür, Ukraynadakı müharibəni fürsət bilərək bu himayəni Qərbdə axtarır.(virtualaz.org)



Xəbəri paylaş

1274 dəfə oxunub.

Digər xəbərlər
11-04-2024, 09:50 Yasamal rayonunda YANĞIN