"ABŞ-ın Rusiya neftindən imtina ilə bağlı qərarını gözləmək çox çəkmədi. Ağ Ev Rusiyadan xam neft daxil olmaqla bütün enerji məhsullarının idxalını dayandırır".
Qarabaginfo.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, ABŞ-ın ən yaxın müttəfiqi Böyük Britaniya ilin sonunadək Rusiya nefti ilə vidalaşmağı düşünür.
"Bu zamanadək Böyük Britaniya alternativ mənbələr tapmağa çalışacaq. ABŞ-ın enerji sanksiyası dünya bazarında neftin qiymətindəki artımları daha da sürətləndirəcək. Artıq Brent markalı neftin 1 barelinin qiyməti 130 dollardan baha təklif olunur. Sanksiyalar qüvvəyə mindikdən sonra neftin qiymətinin 150 dollaradək yüksəlməsi çox zaman almayacaq. Bəzi ekspertlər Avropanın sanksiyalara qoşulacağı halda neftin 200 dollara satılacağını da istisna etmirlər. ABŞ və Səudiyyə Ərəbistanından sonra dünyada üçüncü ən böyük hasilatçı olan Rusiya qlobal bazara gündəlik 5 milyon barel neft çıxarır. ABŞ üçün Rusiya neftindən imtina qərarı elə də çətin deyildi. Çünki Rusiya Birləşmiş Ştatların neft idxalında cəmi 3 faiz paya malikdir. Rusiya enerji ixracatının 50 faizi isə Avropanın payına düşür. Bu baxımdan, Avropada Rusiyadan gələn neft borularının bağlamaq üçün hələlik zaman lazımdır".
Deputat bildirib ki, Birləşmiş Ştatların OPEC-dən və Səudiyyə Ərəbistanından neft hasilatını artırmağı istəyəcəyi gözlənilir:
"Qərb daha qısa zamanda Rusiya neftinə alternativ tapmağa çalışır. Əks addım olaraq Rusiyanın Avropaya mavi qaz nəqlini dayandırması da istisna deyil. Avropa qaz idxalının 40 faizini hələ də Rusiyadan almaqdadır. Bütün hallarda görünən odur ki, bu həftə birjalarda ciddi çalxalanmalar olacaq. Dünya iqtisadiyyatı da yeni dönəmə daxil olmaqdadır. İnfliyasiyanın sürətlənəcəyi bu dönəmdə “İngilis qaydaları” prosesləri diqtə etməkdədir".