Saytımızı qiymətləndirin


 
 

Rusiyalı ekspertlər: “Ölkə iqtisadiyyatı stress yaşayır, amma bu kritik deyil”
Tarix: 07-03-2022 | Saat: 19:16
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiyalı ekspertlər: “Ölkə iqtisadiyyatı stress yaşayır, amma bu kritik deyil” - FOTO

 

Ukrayna ilə müharibəyə görə, Qərbin şimal qonşumuz Rusiyaya tətbiq etdiyi sanksiyaların təsirini artıq rusiyalılar hiss etməyə başlayıb. Rusiyanın “xüsusi əməliyyat” adı verdiyi müharibənin 11-ci günündə “Visa” və “Mastercard” Rusiyanı tərk etdiyini açıqlayıb. Martın 5-nə olan məlumata əsasən, artıq 215 xarici şirkət Rusiya ilə əməkdaşlığı dayandıraraq bu ölkənin bazarını tərk edib.

BP, “Shell”, “Equinor”, “TotalEnergies”, “ExxonMobil” kimi enerji nəhəngləri neft-qaz sahəsində, “Visa”, “Mastercard”, “American Express”, “BTC-Alpha”, “QMall”, “Kuna”, “CEX IO”, Google Pay, PayPal maliyyə sahəsində, “Rolls-Royce”, “Harley-Davidson”, “Audi” ,”Porsche”, “Jaguar Land Rover”, “General Motors”, “Volkswagen”, “Skoda”, “Daimler Truck”, BMW, “Volvo”, “Ford”, “Scania”, “Boeing”, “Airbus”, “Honda”, “Mazda”, “Hyundai”, “Seat”, “Lamborghini”, “Ducati”, “Bentley”, “Mercedes-Benz” və “Toyota” nəqliyyat sahəsində Rusiya ilə əməkdaşlığı dayandırıblar.

Avropanın tanınmış geyim markaları olan Zara, Massimo Dutti, Mango, OYSHO və H&M də Ukrayna ilə müharibə səbəbindən Rusiya bazarını tərk edib. Adıçəkilən geyim markalarının Rusiyanın ticarət mərkəzlərində yerləşən bütün mağazaları artıq bağlanıb.

İsveçin mebel və aksessuar brendi olan İKEA şəbəkəsi də Rusiyada fəaliyyətini dayandırıb. Yerli əhali yuxarıda qeyd olunan firmaların Rusiya bazarını tərk edəcəyi xəbəri yayılandan dərhal sonra mağazalara hücum çəkiblər.

Xüsusilə Rusiya Mərkəzi Bankının xaricdəki aktivlərinin dondurulması ilə bağlı sanksiyanın elanından sonra milli valyuta -rubl xarici valyutaya nisbətdə kəskin dəyər itirməyə başlayıb. 6 mart tarixinə olan məlumata görə, Mərkəzi Bank 1 ABŞ dollarının məzənnəsini 105, 081 rubı müəyyən edib. Valyutadəyişmə məntəqələrində isə dolların alışı 107 rubl, satışı isə 135-175 rubldur. Bununla belə valyutadəyişmə məntəqələrində dollar satışı demək olar ki, dayandırılıb. Bir neçə bankda apardığımız müşahidələr bunu deməyə əsas verir ki, banklar dolları qəbul etsələr də, satış üçün dolların, habelə avronun olmadığını bildirirlər.

Dolların bahalaşması Rusiyada qiymətlərin sürətlə qalxmasına səbəb olub. Bahalaşma həm ərzaq məhsullarında, həm də qeyri-ərzaq məhsullarında özünü göstərir. Rusiyaya xaricdən gətirilən meyvə-tərəvəzin qiymətində demək olar ki, 100 faizlik artım qeydə alınıb.

Uzun illərdir ki, Rusiyada meyvə-tərəvəz ticarəti ilə məşğul olan həmyerlimiz Rövşən Mehdiyev bildirir ki, Rusiyaya Azərbaycandan, ümumilikdə MDB ölkələrindən gələn malların qiymətində elə də artım yoxdur. Onun sözlərinə görə, hələlik bazarda sanksiyalara qədər ölkəyə gətirilmiş mallar satılır: “Lakin Türkiyə və Avropadan gələn malların qiymətində iki qat artım var. Məsələn, Avropadan gələn rukkolanın qutusu əvvəllər 350 rubl idisə, indi 700-800 rubla, bananın 19 kilosu 1500 rubla idisə, hazırda 2300 rubladır. Təbii ki, söhbət topdan satış qiymətlərindən gedir”.

Qiymət artımı təkcə meyvə-tərəvəzdə deyil, digər gündəlik ərzaq məhsullarında da qeydə alınır. Təəccüblüsü isə təkcə xaricdən gətirilən malların deyil, yerli istehsal məhsullarının da qiymətinin artmasıdır. Ekspertlər bunun səbəbi kimi enerji daşıyıcılarının, o cümlədən benzin və dizel yanacağının, kommunal xidmətlərin bahalaşmasını göstərirlər.

“Samsung”, “Apple”, “Dyson” kimi şirkətlərin Rusiya bazarındakı fəaliyyətini dayandırmasını elan etməsindən sonra texnika satışı ilə məşğul olan mağazalarda ajiotaj yaşanmağa başlayıb. Ajiotaj bu günə kimi davam edir. Bütün məişət texnikası, televizor, mobil telefonlar, kompüterlər, ümumilikdə, Rusiyaya xaricdən gətirilən texnikaların qiymətinin ikiqat artmasına baxmayaraq, insanlar həmin texnikaları almağa çalışırlar.

Maliyyə sahəsində ekspert, tanınmış ictimai xadim Qleb Pyanıxın sözlərinə görə, eyni ajiotajı Rusiya bazarı 2014-cü ildə də yaşayıb: “Onda da insanlarımız mağazalara hücum çəkərək məişət texnikası alırdılar. Lakin sonradan qiymətlər sabitləşdi”.

Ekspert insanları tələsməməyə çağırıb.

Qarabaginfo.az xəbər veriri ki, İqtisadi ekspert Stansilav Mitraxoviç APA-ya açıqlamasında bildirib ki, Rusiya iqtisadiyyatı hazırda misli görünməmiş stress keçirir. Hazırkı sanksiyaları Qərbin 2014-cü ildə tətbiq etdiyi sanksiyalarla müqayisə edən ekspert qeyd edib ki, 2022-ci ildə tətbiq olunan sanksiyalar daha güclüdür: “Elə təkcə, Mərkəzi Bankın xaricdəki, ABŞ, Kanada və Avropa İttifaqındakı aktivlərinin dondurulması ilə bağlı sanksiyanı göstərmək olar. Bu, 2014-cü ildə baş verməmişdi. Xaricdəki aktivləri dondurulduğuna görə, Mərkəzi Bank rublun xarici valyutaya nisbətdə sabit qalmasına dəstək ola bilmir”.

Ekspertin fikrincə, Rusiyaya bu günə kimi ticarət embarqosunun qoyulmaması müsbət haldır: “Rusiyanın beynəlxalq ticarəti davam edir. Banklarımızın “Swift”dən ayrılması Rusiyanın beynəlxalq ticarətinə təsir etmir. Rusiya Avropaya neft və qazını satmağa davam edir. Lakin hazırda baş verənlər onu göstərir ki, sabah nə olacağı heç kimə məlum deyil. Hadisələr tez cərəyan edir. Ukraynada vəziyyətin de-eskalasiyasına isə ümid yoxdur”.

İqtisadi ekspert Sergey Xestanov isə bildirib ki, Qərbin sanksiyaları hələ də Rusiyanın əsas xarici ticarətdən olan gəlir mənbələrinə o qədər də təsir etməyib: “Çünki Rusiya iqtisadiyyatı kifayət qədər güclü “dövlətləşdirilib”. Dövlətin iqtisadiyyatda iştirak səviyyəsi 70%-ə çatır və iqtisadiyyatın əsas gəlir mənbələrindən biri də ixracdan gələn gəlirlərdir. İxrac, ilk növbədə karbohidrogenlər, metallar, neft-kimya məhsulları və s. İndiyə qədər Rusiya məhsullarının alınmasına birbaşa qadağalar yoxdur. Bununla belə, yaxın həftələrdə və aylarda Rusiyanın xarici ticarəti ilə bağlı vəziyyət daha aydın olacaq”.

Rusiyalı iqtisadçı hesab edir ki, indiyə qədər tətbiq edilən sanksiyalar narahatlıqlar yaradıb. Həmin sanksiyalar gələcəkdə daha da böyük narahatlıqlar yaradacaq, lakin bu sanksiyalar kritik deyil. Nə qədər ki, Rusiyanın ixracdan gələn pul axını ciddi zərər görməyəcək, sanksiyaların effektivliyi o qədər də yüksək olmayacaq.

Stanistlav Mitraxoviçin sözlərinə görə, Rusiya və Qərbin sanksiya müharibəsində qazanan ancaq Çindir: “Çin şirkətləri bu dəqiqə Rusiyanın ən başlıca tərəfdaşlarıdır. Bu şirkətlər həm neft-qaz alışı sahəsində, həm də avtomobil və texnika sahəsində Rusiyanın əsas tərəfdaşıdırlar. Sanksiyalar fonunda Rusiya bazarını tərk edən Avropa, ABŞ, Koreya və Yaponiyanın avtomobil nəhənglərinin yerini Çin sürətlə tutmağa çalışacaq. Həm də təkcə avtomobil sənayesi sahəsində deyil, bura məişət texnikası və digər sahələr də aiddir”.

Bir sözlə, ekspertlər Rusiya iqtisadiyyatının stress dövrü keçirdiyini bildirsələr də, bunun hələ ki kritik olmadığını vurğulayırlar.

Bununla belə, iqtisadi analitiklər Rusiya iqtisadiyyatı ilə bağlı proqnoz verməkdən çəkinirlər: “İndi proqnoz vermək çox çətindir. Çünki, siyasətçilərin on illiklər ərzində vərdiş etdiyimiz bütün qanunauyğunluqları kökündən dəyişməyə məcbur edən qərarlar verdiyi dövrdə yaşayırıq”.



Xəbəri paylaş

1242 dəfə oxunub.

Digər xəbərlər