“Bakutel-2019” sərgisi çərçivəsində bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Belarus Respublikasının Rabitə və İnformasiya Nazirliyi arasında dövlətlərarası memorandum elektron imza ilə imzalanıb.
Qarabaginfo xəbər verir ki, nazirlikdən "Report.az"a verilən məlumata görə, memorandumda biznes subyektləri arasında elektron imzaların qarşılıqlı tanınması əks olunub. Sənədi Azərbaycan tərəfdən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və Belarus Respublikası tərəfindən isə Rabitə və İnformasiya naziri Konstantin Şulqan imzalayıb.
Qeyd edək ki, elektron imza ilə imzalanan bu e-memorandum nəinki Azərbaycan və Belarus, eləcə də MDB ölkələri arasında ilkdir.
Sənədlərin elektron imzalanması Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyində çalışan yerli mütəxəssislər tərəfindən hazırlanan AzDoc sənəd dövriyəsi sistemi üzərindən həyata keçirilib.
"Ölkələrarası elektron imzaların qarşılıqlı tanınması vətəndaş, biznes subyektləri, dövlət qurumları arasında münasibətlərin yeni müstəvidə inkişafına şərait yaradacaq. Həmçinin ölkəmizin beynəlxalq hesabatlarda daha da yüksəlməsinə gətirib çıxaracaq", - Nazirlikdən bildirilib.